Heydər Əliyev Sarayında SSRİ xalq artisti, çoxsaylı fəxri adların və mükafatların sahibi, sovet və rus estradasının canlı əfsanəsi İosif Kobzonun konserti baş tutdu. Sənətkarın 75 illik yubileyinə həsr olunmuş konsert "Mən səni sevirəm, həyat" ("Я люблю тебя, жизнь") adlanırdı.
İosif Davıdoviç Kobzonun 18 sentyabr - Milli Musiqi Günümüzə təsadüf edən konserti bakılı tamaşaçılara əsl hədiyyə oldu. Əsasını rusdilli tamaşaçıların çoxluq təşkil etdiyi konsertdə ruslar da az deyildi. Tamaşaçıların əksəriyyəti yaşlı və orta yaşlı əhali idi. Konsertə bilet satışı olmamışdı, giriş dəvətnamə ilə olsa da zal anşlaq idi.
Canlı əfsanə bakılı tamaşaçıların qarşısına 40 nəfərlik xor qrupu və 21 nəfərlik musiqiçilərdən ibarət 61 nəfərlik orkestlə çıxdı. İosif Kobzon Bakının sülhsevər şəhər olduğunu qeyd edərək, onu müşaiyət edən Rusiyanın DİN-nin orkestrindən tamaşaçıların qarşısına hərbi geyimdə olmamalarını xahiş etdiyini bildirdi.
Konsert sənətkarın bütün yaradıcılıq illərini əhatə edən zəngin repertuarından ən çox sevilən estrada mahnılarından tərtib olunmuş popurri ilə başladı. Təxminən 1 saata qədər davam edən popurri tamaşaçıların alqışları ilə müşaiyyət olundu. Popurrinin ardınca "Russkoye pole", "A u nas vo dvore", "Ne dumay o sekundax svısota", "Pesnya ostayetsya s çelovekom", "Ya lyublu tebya, jizn", "Juravli", Mqnoveniye", "Komsomol", "Ey, muzıkantı", "Tanqo", "40 let", "Lyubimaya jenşina" və digər mahnılar səsləndi. Saat yarım fasiləsiz oxuyan canlı əfsanə yalnız bundan sonra ara verib, tamaşaçıların gül dəstələrini qəbul etdi.
Müğənni tamaşaçıları Milli Musiqi günü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə təbrik etdikdən sonra Azərbaycanda gördüyü qonaqpərvərlikdən danışdı. Kobzon zalda əyləşmiş həyat yoldaşı Ninel Kobzonu böyük fəxrlə tamaşaçılara təqdim etdi: "Artıq 42 ildir birlikdəyik. Bir oğlumuz, bir qızımız var. Övladlarımız bizə 7 nəvə bəxş ediblər. Sizə bir şeyi açıqlayacam, Ninellə bizim bal ayımız məhz Azərbaycanda, Göygölün kənarında keçib."
İosif Kobzon ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrindən də söz açdı və Kəmaləddin Heydərov Baba Vəziroğlunun sözlərinə bəstələdiyi Heydər Əliyevə həsr edilmiş "Sən elə bir zirvəsən" adlı elegiyanı ilk dəfə rus dilində ifa etdi.
İosif Kobzon Rəşid Behbudov xatırladı və ölməz sənətkarın repertuarından "Ax, eto devuşka" mahnısı oxudu. İfa alqışlarla müşaiyət edildi. İfaçı yaxın dostu Müslüm Maqomayevi bu ifadələrlə xatırladı: "75 yaşım var və bundan heç də pis olmuram. Amma bu illər əərzində itirdiyim dostlarımı xatırlayarkən çox kədərlənirəm".
Konsertdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Dostluq" medalı ilə təltif olunan İosif Kobzonu təbrik edib və bu mükafatı müğənniyə təqdim edib. Ə.Qarayev görkəmli musiqiçini Azərbaycanda, Bakı səhnəsində salamlayıb və yaddaqalan konsertə görə təşəkkürünü bildirib. Mədəniyyət və turizm naziri eləcə də İ.Kobzona prezident İlham Əliyevin salamlarını və təbrikini çatdırıb: "Dövlət başçısı Fransada səfərdə olduğu səbəbindən bu gün bu konsertdə iştirak edə bilməməsindən üzüldüyünü bildirdi. Cənab İlham Əliyev bildirdi ki, bu konsertdə iştirak edə bilməsə də, mütləq 80 illik yubileyi münasibəti ilə Bakıda verəcəyi konsertdə iştirak edəcək". İ.Kobzon da öz növbəsində dövlət başçısı İlham Əliyevə təşəkkürlərini çatdırıb, lakin o, 80 illik yubileyi ərəfəsində belə bir konsert verə bilməyəcəyini bildirib: "Düzdür, konsert vermək üçün gəlməyəcəyəm, amma Azərbaycanın gözəlliyindən zövq almaq üçün bundan sonra da tez-tez gələcəyəm. Bu torpaq daima istedadlı, istiqanlı, vətənsevər övladlar yetişdirir və bu ölkəni çox sevirəm".
Kobzonun Müslüm Maqomayevin xatirəsinə ithaf etdiyi "Pamyat" mahnısı zalda oturanları kədərləndirdi.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB