Yeni mövsümün tamaşaları hansılardır?

Yeni mövsümün tamaşaları hansılardır?

Yeni mövsüm artıq başladı. Teatrlar öz repertuarındakı tamaşalardan biri ilə yeni sezonunun açılışına ciddi səylə hazırlaşırlar. Azərbaycanda 140-cı teatr mövsümünün açılışının Bakıda, Azərbaycan Dövlət Dram Teatrında keçirilməsi qərarlaşdırılıb. Bəs digər teatrlar hansı tamaşalarla mövsümə start verəcəklər? SİA bu suala cavab tapmaq üçün teatrlarla əlaqə saxlayıb. Mövsümün açılışı üçün nəzərdə tutulan tamaşaları təqdim edirik:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünü sentyabrın 22-də günorta saat 12.00-da gənc dramaturq Kamran Ağabalayevin "Rəvayəti şəhzadeyi xəzər" adlı yeni tamaşa ilə açacaq. İlk olaraq uşaqlar üçün mövsüm açılacaq. Daha sonra axşam saat 19.00-a M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" əsəri nümayiş olunacaq.

Musiqili Komediya Teatrı ənənəsinə sadiq qalaraq bu il də sentyabrın 18-də dahi bəstəkar Ü. Hacıbəylinin doğum günü münasibəti ilə mövsümü açacaq. Mövsüm "Ər və arvad" tamaşasının nümayişi ilə olacaq. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur.

Pantomima Teatrı 19-cu teatr mövsümünü Bəxtiyar Xanızadənin "No comment" adlı tamaşası ilə sentyabrın 22-si, saat 18:00-da açacaq.

Yuğ Dövlət teatrı isə yeni teatr mövsümünü Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan "Naməlum Axundzadə" əsəri ilə sentyabrın 22-də açacaq.

Sentyabrın 21-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümünü Erik-Emmanuel Şmittin "Rasputnik" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası ilə açacaq. Xalq artisti Aleksandr Şarovskinin quruluşunda hazırlanan səhnə əsəri dahi fransız filosofu Deni Didronun həyatından bəhs edir.

Akademik Milli Dram Teatrı isə sentyabrın 15-də mövsümü açacaq. Lakin mövsümün hansı tamaşa ilə başlayacağı hələ məlum deyil.

Şuşa Dövlət Musiqili Dram Teatrı isə sentyabrın 13-də M.F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə mövsümü açıq elan edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə