30 il ərzində hər il iyul ayının axırlarında London yaxınlığında yerləşən Viltşir şəhərciyində məşhur WOMAD ("Dünya ölkələrinin musiqisi və rəqsləri") festivalı keçirilir. Bu il həmin festivala xalq artisti Nəzakət Teymurova da dəvət olunub. SİA-nın xəbərinə görə, sənətçi festivala, musiqişünas Sənubər Bağırovanın təşəbbüsü ilə qatılıb. BBC radiosu vasitəsilə canlı yayımlanan festivalda Azərbaycan sənətçisinin bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq verib. Azərbaycan xanəndəsinin ifası böyük alqışlarla qarşılanıb. Festivalı işıqlandıran xarici jurnalistlər, İngiltərə mətbuatı bu barədə geniş məlumatlar yazıb, telekanallar materiallar hazırlayıb, bir çox nüfuzlu İngiltərə qəzetlərində məqalələr yer alıb. Konsertdən sonra da Nəzakət xanıma böyük maraq yaranıb və sənətçimiz bir neçə jurnal və qəzetlərə müsahibə verib. İngiltərənin ən nüfuzlu qəzetlərindən sayılan "London Evening Standard" qəzetində Samon Broutonun imzasında sənətçimiz haqqında belə yazılıb: "Ən təsirli səs azərbaycanlı Nəzakət Teymurovanın idi". Ümumiyyətlə, Nəzakət Teymurovanın Londonda keçirilən festivaldakı çıxışından sonra onun haqqında Azərbaycana çoxsaylı rəylər göndərilib. Xüsusilə də Sənubər Bağırovaya ünvanlanan məktublarda Azərbaycan sənətçisinin təsirli səsindən, xalq artistinin səsini bənzərsizliyindən danışılır. İngilis dinləyicisi Culian Le Bas-ın BBC Radio 3-ə və S.Bağırovaya ünvanlanan məktubunda da muğam ustadı haqqında xoş fikirlər səslənib: "Nəzakət Teymurovanın və onun ansamblının qeyri-adi çıxışına mənim reaksiyama gəldikdə isə, "Bu bir möcüzə idi! Musiqi mənə o qədər dərin təsir buraxmışdı ki, mən özümü lap əvvəl andan onun cazibəsi altında hiss edirdim. Heç vaxt belə hərarətli musiqiyə rast gəlməmişdim! Son musiqi nömrələri isə ifa olunarkən, mən göz yaşlarımı saxlaya bilmədim. Sizə hədsiz dərəcədə minnətdar olardım ki, mənim bu sözlərimi Nəzakət xanıma desəniz ".
Festivalın ən uğurlu çıxışlarından Hind, Finlandiya və Azərbaycan musiqiçilərinin çıxışları xüsusi vurğulanıb. Nəzakət Teymurova haqqında isə rəyçi belə yazıb: "Ən təsirli oxuma Azərbaycandan Nəzakət Teymurovadan gəldi".
Bundan əlavə olaraq, xalq artistinin Londonun "Mərkəzi Kitabxanasına" dəvət olunub. Londonun Mərkəzi kitabxanasında olarkən xanım Teymurova öz disklərini kitabxanaya hədiyyə edib. İngilis oxucuları görüş zamanı bu hədiyyənin onlar üçün böyük əhəmiyyət daşıdığını dilə gətiriblər.
Məlumat üçün onu da qeyd edək ki, Nəzakət Teymurova ilk dəfə İngiltərədə qastrol səfərində olub. Xalq artistinin ifası ingilisləri o qədər heyrətləndirib ki, Nəzakət Teymurova artıq bir neçə konsert təklifi alıb. Nəzakət Teymurova bu təklifləri dəyərləndirdikdən sonra İngiltərənin bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB