Bu gün Azərbaycan kinosunun 114 yaşı tamam olur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. SİA-nın xəbərinə görə, Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoyub. Daha sonra isə onlarla film çəkilib. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında çəkilmiş ilk milli kinokomediya olub.
1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən "Ulduz", "Şərikli çörək", "Bizim Cəbiş müəllim" və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verib. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən "Özgə vaxt", "Biz qayıdacağıq", "Fəryad", "Sarı gəlin", "Lal çinar", "Arxada qalmış gələcək" kimi kinolentlər olub.
Hazırda Azərbaycanda filmlər dövlət sifarişilə yanaşı özəl şirkətlərin xəttilə də çəkilir. Belə özəl qurumlardan biri "BakıFilm" Kinostudiyasıdır. Mövcud olduğu 5 il ərzində "Bakı Film" Kinostudiyasında vətənpərvərlik və Qarabağ müharibəsindən bəhs edən "Qaydasız döyüş", "Seçilən", "Bulağıstan" bədii filmləri, "Qızlar serialı", eləcə də "Yaddaş" filmi hazırlanıb.
Qeyd edək ki, 2001-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.
Bütün kino işçilərini əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB