Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd edilib - FOTOSESSİYA

Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd edilib - FOTOSESSİYA

Bu gün Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi - Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.

SİA-nın verdiyi məlumata görə, yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların nümayəndə heyətləri, respublikamızın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici qonaqlar, bədii kollektivlər iştirak ediblər.

Yubiley tədbiri XVIII-XIX əsrə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray" mehmanxana kompleksinin həyətində başlayıb. Tədbirin keçirildiyi məkan Şəki xanları sarayının divar rəsmlərini əks etdirən fraqmentlərlə, eləcə də həmin dövr sənətkarlarının bayraqları ilə bəzədilib.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici içkiyə qonaq ediliblər.

Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblının şən və oynaq rəqsləri, "Natiq" ritm qrupunun ifasında bənzərsiz ritmlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Yubiley mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 1762-ci ildə çox istedadlı bir memarın fəaliyyəti nəticəsində yaranan Şəki xanları sarayının 250 illik yubileyinin Azərbaycanın tarixində, mədəni həyatında son dərəcə əlamətdar hadisə olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, artıq 250 ildir bu saray bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir.

Nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tarixi abidələrimizin qorunub saxlanmasına, bərpasına, bu təkrarsız milli memarlıq nümunələrinin xaricdə daha geniş təbliğ olunması işinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara əsasən, həm Bakı şəhərində, həm də bölgələrdə yerləşən tarixi abidələrimiz yenidən həyata qaytarılır, öz qapılarını insanların üzünə açır. Şəki xanlarının sarayı demək olar ki, həmişə Azərbaycan xalqının fəxr etdiyi bir memarlıq abidəsi kimi yaşamaqdadır.

Nazir vurğulayıb ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın tarixi abidələrinin dünya ictimaiyyəti arasında tanıdılması ilə yanaşı, onları bəşəriyyətin mədəni irs siyahısına daxil etməkdən ibarətdir. Bu sahədə mühüm addımların atıldığını vurğulayan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın səyi nəticəsində artıq "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunun, Qobustan qayalarının UNESCO-nun mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bu gün ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət yetirildiyini bildirib. Qeyd olunub ki, Şərq memarlığının nadir incisi olan Şəki xanlarının sarayı xalqımıza məxsus yüksək mədəniyyətin, böyük inkişaf yolu keçən xalq tətbiqi sənətimizin canlı nümunəsidir. Şəkinin məşhur sənətkarlarının əldə etdikləri təcrübə, vərdiş, bilik və bacarıq daim zənginləşib, bugünümüzə gəlib çatıb. Bildirilib ki, əslində bu bayram, həm də xalq tətbiqi sənətimizin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salmaqdır.

Sonra tədbir iştirakçıları "Natiq" ritm qrupu üzvlərinin ifa etdiyi Azərbaycan ritmlərinin müşayiəti ilə "Yuxarıbaş" Tarix və Memarlıq Qoruğuna yola düşüblər. Qonaqlar XVIII əsrə aid memarlıq abidəsi olan "Qala divarları"nın önündə təşkil edilmiş Şəki xanlığının tarixini özündə əks etdirən səhnəyə baxıblar. Burada qonaqları "xanın əyanları" qarşılayıblar.

Qoruğun ərazisində təşkil edilmiş "Şərq bazarı" ilə tanışlıq qonaqların ürəyincə olub. Şəki sənətkarlarının əl işləri, pəhləvanların çıxışları xarici qonaqlarda böyük maraq oyadıb. Tədbir iştirakçıları burada atüstü milli oyunlarımızdan olan "Çövkən" və atüstü güləş yarışlarını da izləyiblər.

Bayram tədbiri daha sonra "Xan Sarayı"nın həyətində davam etdirilib. Sarayın həyətində qonaqları "xan"ın özü qarşılayaraq onlara xoş istirahət arzulayıb. "Xan"ın adından qonaqlara ənam paylanılıb.

Qonaqlar Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsi ətrafında rəqs ansamblının ifasında dünya xalqlarının rəqslərini izləmiş, xanəndələrin, tanınmış müğənnilərin ifalarını dinləyiblər.

Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək bildirib ki, bu gözəl mərasim, bu təntənələr bəşər sivilizasiyasının, Yer kürəsində bizim qovuşduğumuz müasir mədəniyyətin yarandığı yerdə, 5 min illik dövlətçilik tarixi olan dünyanın ən qədim diyarlarından biri olan Azərbaycanda keçirilir. Bu bayram dünya mədəniyyətinin yaranmasında çox böyük rolu olan bütün Azərbaycan xalqının bayramıdır.

Bayram tədbiri bir neçə saat davam edib.

Sonda qonaqlar "saray xanı" və onun əyanları ilə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə