“Bakı, mən səni sevirəm” kinolayihəsinin I sessiyasının çəkilişləri sona çatıb- FOTO

"Bakı, mən səni sevirəm" kinolayihəsinin I sessiyasının çəkilişləri sona çatıb. Bu barədə SİA-ya kinolayihənin mətbuat katibi Şahnaz Abdullayeva məlumat verib. Məlumata görə, I sessiyada filmə daxil olan 10 kinonovelladan 5-i çəkilib. Novellaları rejissorlar Yeqor Konçalovski, Aleksey Qolubyev, Nərgiz Bağırzadə, Samir Kərimoğlu və İlqar Safat çəkiblər.

Hər bir novella 9 dəqiqədən ibarətdir və novellaların çəkilişlərinə 4 gün vaxt ayrılıb. Ayrılan vaxt ərzində rejissorlar işlərinin öhdəsindən gəliblər. Filmdə yerli aktyor və aktrisalarla yanaşı Rusiyanın, Litvanın və Belarusun məşhur ulduzları Aqnya Ditkovskite, Vadim Tsalati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya çəkiliblər.

Hazırda filmin II sessiyasının çəkilişərinə hazırlıq prosesləri başlanıb. Filmin prodüsserlərindən biri Nadir Maçanov bildirib ki, çəkilişlər nəzərdə tutulan plan üzrə gedir.

Qeyd edək ki, "Bakı mən səni sevirəm" kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva, prodüsserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə