\"Sahə\" növbəti festivalda Azərbaycanı təsil edəcək

\"Sahə\" növbəti festivalda Azərbaycanı təsil edəcək

Yanvarın 12-dən 19-dək Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune film festivalı keçiriləcək. Yarışmasında ölkəmizi "Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi təmsil edəcək.


Kinostudiyadan SİA-ya verilən məlumata görə, "Sahə" kinofestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq.


Puna Film Fondu və Maxaraştra ştatının hökuməti tərəfindən təşkil olunan kinofestival Hindistanın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrilib. Müsabiqə çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdiriləcək.


Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələri əhatə edən müsabiqənin əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardımçı olmaq, həmçinin dünya xalqları arasında əməkdaşlığın və dostluğun inkişafına zəmin yaratmaqdır. Bu festivalda da uğur qazanmağa iddialı olan "Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir.


"Narimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "Paşa Bank"ın iştirakı ilə ekranlaşdırılıb.Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkiliblər.


Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə