Mübariz Həmidov: \"Cənnət Səlimovanın baş rejissor vəzifəsindən çıxarılmasına ancaq nazir qərar verə bilər\"- MÜSAHİBƏ

Mübariz Həmidov: \"Cənnət Səlimovanın baş rejissor vəzifəsindən çıxarılmasına ancaq nazir qərar verə bilər\"- MÜSAHİBƏ

Teatrlar hazırda öz repertuarı deyil, teatrdaxili problemləri ilə yerli mətbuatın manşet yazısı olur. Akademik Milli Dram Teatrı ilə yanaşı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da bəzi aktyor və aktrisalarla, teatrın baş rejissoru Cənnət Səlimova arasında yaşanan narazılıq yenidən gündəmdədir. Hətta bu mövzu ötən həftə bəzi televiziya kanallarında da müzakirə mövzusuna çevrildi. Teatrda yenidən baş qaldıran narazılıqlarla bağlı teatrın direktoru və əməkdar artist Mübariz Həmidov SİA-ya müsahibə verib.

- Teatrlarda hələ lap qədimdən, Şekspir dövründən tutmuş indiyə qədər müəyyən narazılıqlar olub, hələ bundan da sonra olacaq. Bura yaradıcı təşkilatdır. Bu sənətdə, teatrda baş verənlərin, daxili problemlərin şou proqramlarına çıxarılmasının, 9 milyonluq xalqın gözü qarşısında müzakirə olunmasının qəti əleyhinəyəm. Teatrın daxilində baş verənləri şou, mətbəx verilişlərində, qazan qarışdıra-qarışdıra müzakirə etmək düzgün deyil. Mətbəx də bir mədəniyyətdir. Ancaq bir az şou xarakterlidir. Teatr isə kifayət qədər ciddi sənət növüdür. Burada aktyor-rejissor münasibətləri, qısqanclıq, bir rolun iki nəfərə verilməsi, hamının birinci olmaq, önə çıxmaq arzusu var. Bu da təbiidir. Burada incəsənətin bütün növləri cəmləşib. Yenə deyirəm, efirdə müzakirə olunanlar teatrın daxilində həll olunmalı məsələləridir. Buna da normal baxmıram.

- Cənnət Səlimova ilə bağlı narazılıqlar artıq iki ilə yaxındır var. Bu illər ərzində mövcud problem həll oluna bilmədi?

- Demək olar ki, həll olunmuşdu. Hər şey normal, sakit öz axarı ilə gedirdi. Bu, növbəti bir yaradıcılıq prosesində baş verən anlaşmazlıqdır. Rejissorun səlahiyyətindədir ki, tamaşa təhvil verilmə ərəfəsində hansı aktyorun ictimai baxışda, ya premyerada iştirak etdiyini desin. Bu, rejissorun hüququdur. Amma kimsə birinci olmaq istəyir... Yenə deyirəm, bu, təbii haldır, rejissor-aktyor münasibətində olmalıdır. Sadəcə bunları seriala çevirməyin, millətin gözü qarşısında müzakirə etməyin mənası yoxdur. Camaat da fikirləşir ki, yəqin teatrda iş getmir, ancaq konfliktlə məşğuldurlar. Bəli, iki il ərzində narazılıq, söz-söhbət olmuşdu. Sonradan bunlara aydınlıq gətirildi, tərəflər bir-birləri ilə güzəştə getdilər. İslahatlar nəticəsində üç teatr kollektivi birləşdirildi və Gənc Tamaşaçılar Teatrı adı altında fəaliyyətini davam etdirdi. Bu gün bizim repertuar Azərbaycan və dünya dramaturqlarının əsərləri ilə zəngindir.

- Cənnət Səlimovanı başqa rejissorlara tamaşa verməməkdə, bütün tamaşaları ancaq özünün hazırlamasında da ittiham edirlər.

- İl hələ indi başlayıb. İl ərzində 5 tamaşa hazırlanacaq ki, tamaşalardan yalnız biri Cənnət Səlimovanın payına düşür. Mən konkret adlar sadalayım. "Əlincə qalası"nı Vaqif Əsədov, "Pələng ili"ni Ağalar İdrisoğlu, bütün məşhur nağılların mənfi və müsbət qəhrəmanlarını bir araya gətirən nağıl-tamaşanı Nicat Kazımov, bir başqa tamaşanı Firuz Mustafa hazırlayacaq. Cənnət Səlimova hazırda Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşası üzərində çalışır. Bunlardan başqa Axundovun 200 illik yubileyi ilə əlaqədar dramaturqun iki pyesi əsasında hazırlanan tamaşanı bərpa edəcəyik. "Hacı Qara"nı Bəhram Osmanov, "Müsyo Jordan və Dərviş Məstəli şah"ı isə Cənnət Səlimova bərpa edəcək. Deməli, bu ilin repertuarında Cənnət Səlimova bir yeni tamaşa hazırlayır, vəssalam. Bu tamaşanı da yanvarın 25-də təhvil verməyi nəzərdə tuturuq. Ona görə də daxildə baş verən və qarşısı alına biləcək məsələləri efirə çıxarmaq düzgün deyil. Hər kəs başını aşağı salıb işi ilə məşğul olsa daha yaxşıdır.

- Bəs aktyorların işdən çıxarılması məsələsinə münasibətiniz necədir?

- Ölkə başçısının 65 yaşdan yuxarı şəxslərin təqaüdə göndərilməsi ilə bağlı sərəncamı var. Bu sərəncam bütün sahələrə aiddir. Bizdə bu məsələ necə həll olunub? 70-dən yuxarı yaşı olan insanlar – onların əksəriyyəti prezident təqaüdçüləridir – sadəcə ştatdan çıxarılıb, işdən yox. Onlarla fərdi qaydada müqavilə bağlanıb. Və hər biri bu gün teatrda çalışır, bəziləri əvvəlkindən də artıq əmək haqqı alır. Burda xalq artistləri, əməkdar artistlər, fəxri adı olmayan aktyorlar da var. Konkret olaraq Tariyel Qasımov onu işdən uzaqlaşdırdığımızı deyir. Xeyr, şəxsən mən özüm bu yaxınlarda onunla görüşdüm. Mən onun sənətinə, özünə hörmət edirəm. Onunla da müqavilə bağlanıb, hansı tamaşalarda hansı rolları oynayacağı deyilib. Gəlsin, qollarını çırmalasın, iş prosesinə girişsin, əvvəlkindən də artıq əmək haqqını alsın. Burda başqa bir qanun pozuntusu yoxdur və mən o sözləri əsassız sayıram. Mənə o da maraqlıdır ki, təqaüdə çıxmaq məsələsi sentyabrın 9-da olubsa, o zaman niyə bunu indi gündəmə gətirirlər? Həmin aktyorlar hələ də bizim əməkdaşlarımızdır. Kim daha çox oynasa o da əmək haqqını çox alacaq.

- Yaş senzi hamıya şamil olunursa, onda niyə Cənnət Səlimovaya şamil olunmur? Axı Cənnət xanımın yaşı 70-dən çoxdur.

- İlk olaraq onu qeyd edim ki, Cənnət xanımın 75 yox, 72 yaşı var. Bu, artıq mənim səlahiyyətimdə deyil. O, teatra mədəniyyət və turizm nazirinin əmri ilə baş rejissor təyin olunub. Bu vəzifədən getmə qərarını da yenə nazir verə bilər. Məsləhətdir, işləyir. Amma fakt budur ki, hazırda teatrda qızğın yaradıcılıq işləri gedir. Yeni tamaşalar hazırlanır və bir sıra festivallara dəvət alırıq. Zaman- zaman bu kimi problemlər yaşanır. İnanıram ki, bu məsələ tez bir vaxyda öz həllini tapacaq.

- Cənnət Səlimovanın özü ilə gətirdiyi aktyorlarla Gənc Tamaşaçıların aktyorları arasında ayrı- seçkiliyin olduğu iddia edilir. Bu məsələ ilə bağlı sizə heç bir şikayət daxil olmayıb?

- Onun gətirdiyi aktyorlar başqa ölkənin vətəndaşları deyil ki?! Onlarda bizim aktyorlar kimi Mədəniyyət və İncəsənət Universitetini bitiriblər. Onlar bizim, biz də onların tamaşalarında vaxtı ilə baxış keçirmişik. Düşünmürəm ki, onlar arasında kəskin şəkildə ayrı- seçkilik olsun. Yenə də deyirəm ki, burada aktyor-rejissor münasibətləri, qısqanclıq, bir rolun iki nəfərə verilməsi, hamının birinci olmaq, önə çıxmaq arzusu var. Bu da təbiidir.

- Ştatdan kənarlaşmadan sonra həmin yerlərə vakansiyalar qəbul edilib, yoxsa yerlər hələ də boşdur?

- Ştatdan kənarlaşdırlan aktyorların hər biri ilə müqavilə imzalanıb. Sadəcə olaraq hələlik Tariyel Qasımov repertuarda yoxdur. O ştatda olanda da indi də rolu olmayıb. Onunla artıq təklikdə söhbət etmişəm. Rolları ona nümayiş etdirmişəm. Bununla yanaşı, Ağaxan Salmanlı ilə müqavilə imzalanıb. Repertuarın əksər tamaşalarında rolu var. Sona Babayeva da bu sıraya daxildir. Sadəcə olaraq Firəngiz Şərifzadənin yaşla bağlı məsələsinə görə teatra gəlməsində problem yaranıb. Rafiq Hüseynov və digər aktyorlar müqavilə əsasında öz vəzifələrini həyata keçirirlər. İndi onlar bilirlər ki, nə qədər çox tamaşada oynasalar o qədər də çox maaş alacaqlar. Boş qalan yerlərə isə digər əməkdar artistlər və 30-35 il iş stajı olanlar ştata salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə