Faiq İsmayılov: \"Qeydiyyatdan kənarda qalmış tarixi abidələrimizin sayı 3 minə yaxındır\"-MÜSAHİBƏ
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarixi və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun SəsTV-yə müsahibəsi:
-Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında milli mənəvi dəyərlərimizi, tarixi və mədəniyyət abidələrimizin bir çoxunu dağıdıb məhv etdiyi və formasını dəyişərək erməniləşdirdikləri heç kimə sirr deyil. Təşkilatınız tərəfindən bu istiqamətdə hansı tədbirlər görülüb?
-XIX yüzilin əvvəllərindən başlayaraq əzəli türk məskəni olan Azərbaycanın torpaqlarında məskunlaşaraq daim bu torpaqlara sahiblənmək arzusu ilə yaşayan ermənilər ötən müddət ərzində hər cür qaniçənliyə, murdarlığa əl atıblar. Ermənilər hazırda işğal altında saxladıqları torpaqlarımızda soydaşlarımıza qarşı amansız terror əməliyyatları həyata keçiriblər, həmin torpaqlarda insanı dəhşətə gətirən vandalizm aktları törədiblər. Əzəli türk məskəni Qarabağda tarixi qədimliyimizdən soraq verən yüzlərlə abidələr məhv edilib, izi-sorağı itirilib, bəziləri isə cidd-cəhdlə erməniləşdirilib. Deyək ki, dünya bizim həqiqətlərimizi qəbul etmək, inanmaq istəmir, ermənilərin halı siyasi dünyanın halına çox uyğundur. Onların dağıdıb viran qoyduqları çoxsaylı abidələr barədə təəssüf ki, dünya xəbərdar olmaq istəmir, ancaq ermənilərin hay-küyünə tez inanır. Ermənilər görəndə ki, indiki Ermənistan ərazisində mövcud olan çoxsaylı türk abidələrinin özlərinə məxsus olduğunu sübut edə bilmirlər, o zaman bu abidələri kütləvi şəkildə məhv etməyə başladılar. Onlar 1988-ci ilə kimi bu yöndə istəklərini aşkar, ya gizli şəkildə tədricən həyata keçirirdilər. Ancaq 1988-ci il hadisələri zamanı 200 mindən çox Azərbaycan Türkü tarixi dədə-baba torpaqlarından deportasiya olunduqdan sonra bu sahədəki azğınlıqlarını ehtiyatlanmadan, tamamilə açıq şəkildə gerçəkləşdirməyə imkan tapdılar. Tarixən ermənilər türk ruhuna qarşı hədsiz amansızlıq nümayiş etdirsələr də, türk heç zaman bir millət olaraq sifətini dəyişməyib, həmişə mərd hərəkət edib, düşmənlə üz-üzə gələrək döyüşməyi hər şeydən üstün tutub, ona arxadan zərbə endirməyi ləyaqətinə sığışdırmayıb. Ermənilərin türk torpaqlarında törətdiyi bütün vəhşilikləri, həmçinin tarixi abidələrimizi məhv etmələrinə dair məlumatlar var. Etiraf edək ki, bu gün erməni lobbisi dünyanın hər yerində fəaliyyət göstərir və çox güclüdürlər. Onlar hər yerdə erməni \"həqiqətləri\" barədə cəfəngiyat yaymağı özlərinin borcu hesab edirlər. Bu məqsədlə müxtəlif ölkələrdəki tanınmış siyasətçiləri, elm adamlarını daim öz tərəflərinə çəkməyə çalışır və əksər hallarda buna nail olurlar. Ona görə də tarixi abidələrimiz haqqında olan soraqları daha diqqətlə öyrənməli, araşdırmalı və bunların təəssübünü çəkməliyik. Hər halda etiraf edək ki, əksər məqamlarda düşmənlərimiz bizdən çox ayıq olublar. Onlar bizim müəyyən məqamlarda laqeydliyimizdən, məsuliyyətsizliyimizdən məharətlə istifadə ediblər. Təbii ki, həmin abidələr türk ruhunun məhsuludur, amma daş kitabələrin üzərindəki mənbələr ərəb və farscadır. Bunun öyrənilməsi, soydaşlarımıza, türk dünyasına, ümumiyyətlə, dünyaya çatdırılması yönündə bundan sonra da ardıcıl işlər görülsə, o zaman ermənilər heç bir halda bu torpaqlara sahib olmaları barədə cəfəng iddiaya düşməyə belə cəsarət edə bilməzlər.
- Bizim tarixi abidələrimizin nə qədər sayda qalması bəllidirmi?
- Ermənistan hökuməti 1992 - 2011-ci illər ərzində işğal etdikləri Azərbaycan ərazilərində 2500-ə yaxın Tarix və Mədəniyyət abidələrini qeydiyyata aldıqları halda, bu ərazilərin sahibi sayılan Azərbaycan tərəfdə rəsmi şəkildə bu abidələrin sayı 850-dən çox deyildir. Qeydiyyatdan kənarda qalmış tarixi abidələrimizin sayı 3 minə yaxındır. Ermənistan Etnoqrafiya və Arxeologiya İnstitutu bu abidələri qeydiyyata alıb, 2005-ci ildə 1700 abidə, 2009-cu ildə isə 500 abidə qeydiyyata alınıb. Laçın rayonu ərazisində rəsmi olan 73 abidə mövcuddur. Lakin biz bir təşkilat olaraq Laçın rayonu ərazisində daha 202 abidə əlavə olaraq qeydiyyata almışıq. Beləliklə, ümumi götürdükdə Laçın rayonu ərazisində 275 tarixi abidə vardır. Bizim təşkilat digər rayonları da eyni ilə bu sistem üzrə qeydiyyatdan keçiririk. Amma bu son deyil ola bilsin ki, bu rəqəm dəyişsin bir neçə ildən sonra artacağı da istisna deyil.
- Siz bir təşkilat olaraq tarixi abidələri qorumaq üçün hər hansı bir hüquqi müstəvidə Beynəlxalq qurumlara müraciət etmisinz?
- Xalqın zəngin mədəni irsini təsdiqləyən elementlərdən biri də abidələr və tarixi yerlərdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən bu sahəyə xeyli vəsait ayrılıb. Ölkəmizin sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında mədəni irsin qorunmasına toxunulur. Mədəni irsə yönəldilən dövlət vəsaitinin həcmi ilbəil artır. 2006-cı ildən bəri ölkə rəhbərliyi tərəfindən mədəniyyət və turizm sahəsi ilə bağlı çoxsaylı fərman, sərəncam və qərar imzalanıb. Azərbaycan bu sahədə bir neçə konvensiyaya qoşulub və həmin sənədlərdə əks olunmuş müddəaların yerinə yetirilməsi ilə bağlı işlər görülüb. Konvensiyalardakı müvafiq müddəalar qanunlarımızda öz əksini tapıb. Məsələn, bu yaxınlarda \"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında\" 1998-ci ildə qəbul olunmuş qanuna əlavə və dəyişikliklər edildi. Qeyd edim ki, bu qanun digər ölkələrin qanunları ilə müqayisədə çox mükəmməldir. Bir çox ölkələrdən artıq bizə də müraciət ediblər ki, qanunvericiliklə bağlı onlara kömək edək. Bununla belə, qanunun qəbulundan ötən 12 il ərzində onun təkmilləşdirilməsinə zərurət yaranmışdı. Ölkə inkişaf etdikcə, mədəni irsin qorunması və təbliğinə tələblər də artır. Əvvəlcə qeyd edim ki, Ermənistanın işğal etdiyi ərazilərdəki tarixi-mədəni abidələrimizlə bağlı məsələ mütəmadi olaraq Azərbaycan Prezidenti tərəfindən beynəlxalq təşkilatlarda, forum və toplantılarda qaldırılır. Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı millət vəkilləri bu məsələni hər zaman diqqətə çatdırırlar. Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri və digər dövlət qurumları bu barədə təbliğat işi aparırlar. Avropa Şurasının bu sahə ilə bağlı faktaraşdırıcı komissiyasına gəlincə, iki il gözləsək də, bu komissiya bölgəyə gəlmədi. Məsələ ilə bağlı UNESCO-ya da müraciət etmişik. Amma onlar da indiyə qədər komissiya göndərməyib. Bununla bağlı müəyyən problemlər var. Nəinki Naxçıvanda və Qarabağda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus olmuş tarixi-mədəni abidələrdə də monitorinq aparılsın. Bizə göstərsinlər görək, Ermənistan ərazisindəki minlərlə tarixi abidələrimiz, tikililərimiz qalıb, ya yox. Təbii ki, hamısı dağıdılıb. UNESCO Qarabağa, Naxçıvana və Ermənistana ayrı-ayrı tərkibdə qruplar göndərmək istəyir. Bu isə bizim istəyimizə ziddir. Biz bunu insanlara, cəmiyyətə təbliğat yolu ilə çatdırmalıyıq. Əhali arasında mədəni sərvətlərimizi, dəyərlərimizi tanıtmalıyıq. Məlumdur ki, abidələrin hamısını yüksək səviyyədə qorumaq dövlətin imkanları xaricindədir. Azərbaycanda 6300-dən çox tarixi-mədəni abidə var, onların hər birinin yanına mühafizəçi təhkim etmək mümkün deyil. Əgər hansısa dağ kəndində bir abidə varsa, insanlar ona, sadəcə, qədim tikili kimi yox, tarixi sərvət kimi yanaşmalı, onu qorumalıdırlar. Abidələrimizin hamısını tanıtmalı, onların dəyərini başa salmalıyıq. İnsanların diqqətinə çatdırmalıyıq ki, abidəni nə üçün qoruyur və gələcəkdə bundan nə kimi xeyir əldə edə bilər. Bu yolla sadə vətəndaşları maraqlandıra bilərik. Öz növbəsində bu, bir tərəfdən mədəni sərvətin qorunmasına gətirib çıxaracaq, digər tərəfdən də həmin abidələrə xarici ziyarətçi sayının artmasına, deməli, turizmin inkişafına şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB