“Azərbaycanın sənətkarlıq paytaxtı”na infotur təşkil olunub- FOTOSESSİYA
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə KİV mənsublarından ibarət 20 nəfərlik qrup İsmayıllı rayonuna birgünlük infotur həyata keçirib. Məqsəd diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə seçimdə 2011-ci ilin "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilən İsmayıllıda mövcud proqram çərçivəsində regionun inkişafını müşahidə etmək olub.
SİA-nın məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov KİV nümayəndələri ilə görüşüb və füsunkar diyar haqqında ətraflı məlumat verərək bildirib ki, rayon 80 il əvvəl inzibati ərazi kimi təşkil olunub: \"Mürəkkəb iqlim şəraitinə malikdir və müxtəlif etnik qrupların mehriban yaşadığı bir məkandır. İnzibati əraziyə mərkəz İsmayıllıdan başqa 2 şəhər tipli qəsəbə və 108 kənd daxildir. Əhalinin sayı 81 min nəfərə çatır. Bu faktlar İsmayıllı şəhərini və bütöv rayonu turizm üçün çox münasib bir meydana çevirməyə real imkan yaradır\".
Sonra KİV nümayəndələri Heydər Əliyev və Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkları ilə tanış olublar, Şirvan aşıqlarının ifalarını dinləyiblər. Rayon Tarix-Diyarşünaslıq Muzeyi qonaqların marağına səbəb olub. Xalq yaradıcılığı klubunda yerli sənətkarların əl işləri və milli musiqi nümunələrinin təqdimatı diqqət çəkib.
İvanovka kəndinə səyahət, respublikada yeganə kolxoz əməkçiləri ilə tanışlıq prosesi, "İvanovka" xalq kollektivinin ifaları jurnalistlər tərəfindən böyük məmnunluqla foto və telekameralara köçürülüb.
Səyahətə Basqal Tarix - Mədəniyyət Qoruğuna səyahətlə yekun vurulub. Qonaqlar burada kəlağayı hazırlama prosesi ilə tanış olublar, kəlağayı muzeyinə tamaşa ediblər.
Jurnalistləri səyahətdə müşayiət edən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Zöhrə Əliyeva bildirib ki, İsmayıllı rayonu 2011-ci ilin "Azərbaycanın sənətkarlıq paytaxtı" adına heç də təsadüfən layiq görülməyib və burada turistləri maraqlandıra biləcək tədbirlər planlarını daha da genişləndirməyə kifayət qədər imkan var. Jurnalistləri isə növbəti dəfə respublikanın folklor paytaxtı Lənkərana və qəhrəmanlıq paytaxtı Şabrana səyahət gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB