Bakı Caz Festivalı başa çatdı- FOTO

Beynəlxalq caz festivalına Heydər Əliyev Sarayında əfsanəvi caz ifaçısı Duk Ellinqtonun yaratdığı Duk Ellinqton Orkestrinin çıxışı ilə yekun vurulub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən tanınmış aparıcı Rahib Azəri bildirib ki, festival çərçivəsində paytaxtımızın bir çox mədəniyyət ocaqlarında dünyanın tanınmış caz ifaçıları geniş konsert proqramları ilə çıxış ediblər.


İki həftə ərzində şəhərimizin sakinləri və paytaxtımızın qonaqları Azərbaycan, ABŞ, Türkiyə, Braziliya, İran və digər ölkələrdən gəlmiş musiqi qruplarının bir-birindən maraqlı ifalarını dinləyiblər. Bu günlərdə Azərbaycanın tanınmış cazmenləri səhnəni dünyanın məşhur caz ifaçıları ilə bölüşüb və müasirlik baxımından yeni ənənələrin əsasını qoyublar. Bu, gələcəkdə caz ifaçılığı sahəsində daha böyük layihələrin reallaşmasına təkan verəcək.


R.Azəri cazsevərlərə Duk Ellinqton Orkestri haqqında da ətraflı məlumat verib. O vurğulayıb ki, D.Ellinqtonun vəfatından sonra oğlu Merker Ellinqton orkestrin rəhbərliyini öz üzərinə götürüb. Hazırda kollektivə bəstəkarın nəvəsi Paul Ellinqton rəhbərlik edir. D.Ellinqton iki mindən artıq əsər yazıb, onun "Take the A-Train", "İt don’t mean a Thing" və digər kompozisiyaları xüsusilə məşhurdur.


Qeyd edək ki, beynəlxalq caz festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production" şirkətinin təşkilatçılığı ilə həyata keçirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə