Əbulfəs Qarayev: “Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən il 2 milyona yaxın olub”

Əbulfəs Qarayev: “Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən il 2 milyona yaxın olub”

"Son 5 ildə Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak edib, respublikamızın turizm potensialı 66 beynəlxalq sərgidə nümayiş olunub".

SİA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbulfəs Qarayev "Azərbaycan" qəzetində nəşr olunmuş yazısında bildirib. O deyib ki, hər il Bakı şəhərində "AİTF" beynəlxalq turizm sərgisi keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası genişlənir və turizm şirkətlərinin sayı ildən-ilə artır. Ötən ildə iştirakçı ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatıb. 2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır.

Nazirin sözlərinə görə, mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi və səmərəli idarəetmə sisteminin yaradılması məqsədilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 2008-ci ildə isə Azərbaycan Turizm Assosiasiyası yaradılıb. Turizm sahəsində özəl sektorun işinin səmərəli təşkil olunması üçün adıçəkilən hər iki təşkilat birləşərək indi AZTA kimi fəaliyyət göstərir.

Ə.Qarayev məlumat verib ki, ötən ilin yekunlarına görə, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 214-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 477-yə çatıb və onların 80 faizi regionlarda yerləşir. Bunun nəticəsi olaraq Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ötən ildə 2005-ci illə müqayisədə 1,6 dəfə artaraq 2 milyona yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə