Bolqarıstan “Eurovision” mahnı müsabiqəsi ilə bağlı milli seçim qaydalarını açıqlayıb

Bolqarıstan “Eurovision” mahnı müsabiqəsi ilə bağlı milli seçim qaydalarını açıqlayıb
Bolqarıstanın müsabiqə üzrə yayımçısı BNT telekanalı gələn il Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsi ilə bağlı milli seçim qaydalarını açıqlayıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, təşkilatçılar artıq milli seçimdə iştirak edəcək mahnıların qəbulunu elan ediblər.


Seçimlərdə iştirak edəcək mahnının sözləri və musiqisi yalnız Bolqarıstan vətəndaşı tərəfindən yazılmalıdır. 20-dən 35-dək musiqiçi, bəstəkar, müğənnilərdən ibarət peşəkar münsiflər heyəti ilk mərhələdə seçiləcək 60 mahnını müəyyən edəcək.


Lakin onlardan yalnız 30-u dekabrın 12-də və 14-də keçiriləcək iki yarımfinalda iştirak edəcək.
Hər yarımfinaldan tamaşaçı və münsiflər heyətinin birgə səsverməsi nəticəsində seçiləcək 6 mahnı finala vəsiqə qazanacaq.


Yanvarın 28-də Sofiya şəhərinin milli mədəniyyət sarayında keçiriləcək milli seçimin final mərhələsində 12 mahnı ölkəni təmsil etmək üçün birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə