Ukraynanın dövlət müstəqilliyinin 20-ci ildönümü çərçivəsində konsert keçirilib

Ukraynanın dövlət müstəqilliyinin 20-ci ildönümü çərçivəsində konsert keçirilib
Sentyabrın 7-də Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konsert zalında bu ölkənin milli bayramı – dövlət müstəqilliyinin 20-ci ildönümü çərçivəsində konsert proqramı təqdim olunub.


SİA-nın məlumatına görə, mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin iştirak etdikləri tədbiri ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə açaraq Azərbaycan və Ukrayna arasında qarşılıqlı mədəni əlaqələrdən danışıb.


O qeyd edib ki, Bəstəkarlar İttifaqı yeni konsert mövsümünü açır və belə bir məqamda Ukraynanın məşhur "Bravo" simli kvartetinin Azərbaycanda çıxışı iki ölkə arasında dostluğun simvoludur. O, həmçinin Ukrayna musiqiçilərinin konsert proqramını dahi bəstəkar Üzeyir Hacıbəylinin əsəri ilə açmalarını iki ölkə arasında mədəni yaxınlığın ifadəsi kimi yüksək qiymətləndirib.


Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasında mövcud olan möhkəm dostluq əlaqələrindən danışıb, iki xalqın mədəni və mənəvi yaxınlığını diqqətə çatdırıb.


Ukraynanın "Bravo" simli kvarteti bu ölkənin Natalya İlçuk, Tatyana Boqma, Gennadi Skulimovski, Olena Qalçenko kimi tanınmış musiqiçilərindən təşkil olunub.


Konsertdə Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə