Yeni teatrın ilk tamaşası Türkiyədə nümayiş olunacaq

Yeni teatrın ilk tamaşası Türkiyədə nümayiş olunacaq

Yeni yaradılan "Azərbaycan Gənclər Eksperimental Teatr Studiyası"nın ilk tamaşası Türkiyədə nümayiş olunacaq. Bu barədə SİA-ya studiyanın rejissoru Rasim Aşın məlumat verib.

"Azərbaycan Gənclər Eksperimental Teatr Studiyası"nı yaratmaqda məqsəd kompakt janrda tamaşalar hazırlayıb müasir gənclərin düşüncələrinə təsir göstərməkdir. Teatr Studiyasının ilk tamaşası "Gümüş Qəlblər" adlı 2 hissəli interaktif qrotesk komediyadır. Tamaşanın ssenari müəllifləri və oyunçuları Zəhra Qürbət və Ləman Həsənli, işıq və musiqi tərtibatçısı Laçın Mehdiyeva, quruluşçu rejissor və koordinatoru isə özüməm",- deyə o əlavə edib.

Rasim Aşın bildirib ki, cari ilin may ayında yaradılan studiyanın tamaşası olan "Gümüş qəlblər" tamaşası ilk səhnə əsəridir: "Bu teatr layihəsinin ideya müəllifləri Azərbaycan "YUĞ" Dövlət Teatrının quruluşcu rejissoru, Uşaq Teatr araşdırmaları laboratoriyasının qurucusu, rejisor Rasim Aşın, Azərbaycan Dövlət Televiziyasının və Kəpəz Müstəqil Teleradio Şirkətinin redaktoru Zəhra Qürbət və Azərbaycan Dövlət Televiziyasının redaktoru Ləman Həsənlidir".

Tamaşanın mövzusu belədir: Tamaşada iki gənc qızın həyat və yaşam fəlsəfəsindən bəhs edilir. Eyni evdə yaşayıb eyni şirkətdə çalışan bu iki qızın zaman-zaman üst-üstə düşən və fərqlənən düşüncələri müasir gənc qızlarımıza yönələn bir çağırışdır. Tamaşadakı təzadlı düşüncələr və obrazların daxili sarsıntıları komik boyalarla tamaşaçılara təqdim olunur. Tamaşa Türkiyə türkçəsində oynanılacaq.

"Gümüş qəlblər" tamaşasının ilk premyerası avqustun 18-də Türkiyənin İzmir şəhərindəki "İzmir-Seferihisar Tiyatro Festivalı"nda oynanılacaq.

Teatr truppası eyni zamanda İzmir - Dikili dəniz şəhərciyində keçiriləcək "Türkiyə 5-ci Teatrlar Buluşması"nda qonaq olacaq. Bununla yanaşı, avqustun sonuna kimi tamaşanın Türkiyənin Manisa şəhərinin Salihli, Turgutlu, Alaşehir, Akhisar, Ahmetli ilçələrində oynanılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə