Yurmala “Yeni dalğa” müsabiqəsində Azərbaycan niyə təmsil olunmur?

Bu gün Yurmalada keçirilən ənənəvi "Yeni dalğa" beynəlxalq musiqi yarışmasına start verilib. SİA-nın məlumatına görə, builki müsabiqədə Azərbaycanı heç bir ifaçı təmsil etməyəcək. Xatırladaq ki, ötən il ölkəmizi bu nüfuzlu müsabiqədə Dilarə Kazımova və Fəridə Nelsondan ibarət "Milk&Kisses" qrupu təmsil edirdi. Qrupun çıxışı uğurlu olsa da, "Yeni dalğa -2010" mahnı müsabiqəsində qalib Ermənistan təmsilçisi oldu.

Bu fakt bizi ruhlandırmalı idi ki, bu il yenidən "Yeni dalğa" müsabiqəsində iştirak edib birinciliyi əldə edək. Ancaq nədənsə tam əksi baş verdi. Ölkəmiz müsabiqədən kənarda qaldı. Görəsən Azərbaycanın müsabiqədə iştirak etməməsinə səbəb nədir?

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva bildirib ki, bu il Azərbaycana müsabiqədə iştirak üçün dəvət göndərilməyib: "Bu yarışma dövlət səviyyəsinə keçirilmədiyi üçün heç bir müdaxilə edə bilmərik".

Ancaq Zöhrə xanımın dediyindən fərqli olaraq öyrəndik ki, bu müsabiqədə iştirak etmək heç bir dövlətə dəvət göndərilmir. Yarışmada iştirak etmək üçün hər bir dövlətin təmsilçisi özü namizədliyini irəli sürməlidir.

Ötən il, Yurmalada keçirilən "Yeni dalğa - 2010" musiqi yarışmasında Azərbaycanı təmsil edən "Milk&Kisses" qrupunun üzvü Dilarə Kazımova da faktı təsdiqləyib: "Müsabiqədə iştirak etməyimiz üçün heç bir təklif almamışdıq. Yarışmada iştirak etmək öz təşəbbüsümüz olub. Öncə müsabiqə təşkilatçılarına CV göndərdik. CV-də musiqi fəaliyyətimiz, müxtəlif festivallarda iştirakımız və s. məlumatlar vardı. Seçim turundan keçmək üçün musiqi sahəsindəki uğurlardan başqa təhsilə də fikir verirlər. CV bəyənildiyi üçün Moskvaya dəvət olunduq. Orada keçirilən daxili seçim turundan sonra yarışmada iştirak etmək hüququ qazandıq. Bundan sonra dəstək üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik və onlar da bizə dəstək oldular".

D.Kazımova "Eurovision" seçimlərinə hazırlaşdıqları üçün "Yeni dalğa -2011" müsabiqəsinin seçim turlarına qatılmadıqlarını deyib.

Deyəsən "Milk&Kisses" qrupundan başqa bu beynəlxalq müsabiqədə iştirak etmək heç kimin ağlına gəlməyib. Bəs görəsən hər il onlarla "Soy" prodakşının yetişdirdiyi onlarla "Yeni ulduz" müsabiqəsini qalibləri niyə Azərbaycanı təmsil etməkdə maraqlı deyillər. "Eurovision" yarışmasındakı uğura daha bir qatılsaydı yaxşı olmazdımı?

Yeri gəlmişkən deyək ki, 2002-ci ildən Latviyanın Yurmala şəhərində təşkil olunan "Yeni dalğa" musiqi yarışmasında bu il Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Finlandiya, Litva, Estoniya, Braziliya, Toqo, Polşa, ABŞ, Ermənistan, Özbəkistan, Latviya və Rusiya təmsilçailəri iştirak edir.

I yerin sahibini 50 min, II yeri 30 min, III yeri isə 20 min avro mükafat gözləyir. 5 gün davam edəcək müsabiqənin qaliblərinin adları 31 iyulda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...