Pianoçu Emil Əfrasiyaboğlunun etno-caz konserti keçirilib

Pianoçu Emil Əfrasiyaboğlunun etno-caz konserti keçirilib
"İpək Yolu" II Beynəlxalq musiqi festivalı çərçivəsində bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda "Etno-caz" konserti keçirilib. SİA-nın məlumatına görə, tədbirdə istedadlı pianoçu Emil Əfrasiyab və instrumental qrup çıxış edib.


Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, Azərbaycanın müasir caz ifaçılığında ən parlaq musiqiçilərdən biri olan E.Əfrasiyaboğlu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini bitirib. O, ənənə və müasirlik arasında körpü yaratmağa çalışaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edir. İndiyədək Emil Əfrasiyaboğlu dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edib. Onun repertuarında dünya klassik musiqi nümunələri, məşhur caz kompozisiyaları və öz əsərləri mühüm yer tutur.


Emil Əfrasiyaboğlu festivalın məhz onun konserti ilə açılmasından şərəf duyduğunu söyləyib: "Çünki belə bir şey hər musiqiçiyə nəsib olmur. Mən də festivalın ruhuna uyğun olaraq bugünkü konsertimizdə Şərqlə Qərbin sintezi səpkisində musiqilər təqdim edəcəyəm".

E.Əfrasiyaboğlu Vaqif Mustafazadənin əsərlərini və özünə məxsus olan caz interpretasiyalarını ifa edib. O, konsertə sonuncu bəstəsi olan "Xarakter" əsəri ilə yekun vurub. Konsertdə iştirak edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tələbəsini ayağa qalxaraq alqışlayıb və "Allahın möcüzəsisən" deyərək onu təbrik edib.


Bütün xəbərlər Facebook səhifəmizdə