Rolları kimi özü də mehriban olan aktrisa - (Portret cizgiləri)

Mehriban Abdullayeva: “Müasir teatr tamaşaçıdan on addım irəlidə olmalıdır. Müasir teatr öz tamaşaları ilə tamaşaçıları təəccübləndirməyi bacarmalıdır”

Dövlət Gənclər Teatrı 2009-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra Mehriban xanımı maraqlı aktrisa kimi tanımışam. Və bu teatrda quruluş verdiyim Vaqif Əlixanlının “Əcəl atı” və Firuz Mustafanın “Pələn ili” əsərlərində oynadığı Sədəf qarı və Sevda rolları ilə bir aktrisa kimi çox xoşlamışam. Hər ikisi bir-birindən tamam fərqli olan bu obrazları Mehriban xanım çox yüksək səviyyədə, əsl peşəkarlıqla oynayıb. Ən əsası isə Mehriban xanımın adı kimi özü də mehriban olduğuna görə tərəf müqabillərinə və tamaşanın məşqlərinin gedişinə həmişə mehribanlıqla yanaşıb. Həmişə də öz roluna hazır gəlib. Teatrda Mehriban xanımı özünün yaxşı xasiyyətinə, insanlara xoş münasibətinə, hətta dubliyoru olduğu aktrisalara qarşı həmişə mehriban olmasına görə hamı çox sevir. Onu bir aktrisa və insan kimi hamı yüksək qiymətləndirir. Bir sənətkar və bir insan kimi çox yaxşı xasiyyətə malik olmaq isə hər bir sənətkara müyəssər olmur. Mehriban xanımın yaxşı xasiyyətinin və insanlara diqqətinin kökü ailələrindən, aldığı tərbiyədən və dünyaya gəldiyi Qax kimi cənnətməkan bir yerin gözəlliyindən, ab-havasından irəli gəlir. Belə ki, Mehriban Abdulla qızı Abdullayeva 1963- cü ilin may ayının 15- də gözəl təbiəti, mənzərəsi ilə göz oxşayan Qax rayonunun Ləkit kəndində, çox sadə bir ailədə anadan olub. Atası Abdulla kişi kolxozda fəhlə, anası Lümunət xanım mama-genekoloq olub. Kəndin tibb məntəqəsində mamaça işləyib. Kənd camaatı ona “Lümunət ana”,- deyə müraciət edirmişlər. Hər ikisi öz işlərini sevən, çalışqan, kənddə hamının hörmətini qazanan insanlar olublar. Onlar ailədə 6 uşaq olublar. Üç bacı, üç qarddaş. O, valideyinlərini itirsə də, bu gün bacı və qardaşları onun arxası, dayağıdırlar. Məktəb illərində yaxşı rəqs etdiyinə görə bütün bayram şənliklərində, tədbirlərdə maraqlı çıxışlar eləyib. Hətta onu rayon tədbirlərinə də dəvət eləyiblər. Arzusu həkim olmaq olsa da, amma aktrisa olub. Ona görə də orta məktəbi bitrib və 1981- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Musiqili komediya aktyorluğu” fakültəsinə daxil olub. 1986 -cı ildə ali təhsilini bitirib. Və 1989- cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyir. Teatrda işlədiyi bu müddətdə bir sıra mükafatlar alıb. Ən böyük mükafatı isə 2018 -ci ildə prezident, cənab İlham Əliyevin əmrilə Əməkdar artist fəxri adını alması olub.
- Mehriban xanım. Necə oldu ki, məhz aktrisa oldunuz?
- Əslində orta məktəbdə arzum həkim olmaq idi. Çünki anam bu sahədə çalışırdı və ona insanların çox böyük sevgisi, məhəbbəti vardı. Amma incəsənətə meyilli olmuşam. Ümumiyyətlə, ailəmiz incəsənət adamlarını çix sevirdi. Yadıma gəlir tez-tez kəndimizə müxtəlif teatr kollektivləri, müğənnilər qastrola gəlirdilər. Atam baxmayaraq işdən yorğun gələrdi amma hamımızı yğıb aparardı həmin tədbirlərə. Mən o vaxtlar rəqs eləməyi çox sevərdim. Rayonda keçirilən bütün tədbirlərə məni dəvət eliyərdilər. Adımı da qoymuşdular “uzun hörüklü, rəqs eliyən qız”. Aktyorlara isə kinoda, tamaşada çox böyük həsədlə baxardım. Onlar mənim üçün əlçatmaz bir varlıq kimiydilər. Mənə elə gəlirdi aktyorlar qeyri-adi insanlardı və hər adam aktyor ola bilməz və bu müqəddəs adı daşıya bilməz. Çox qəribədi ki, elə düşünə-düşünə özüm bu aləmə düşdüm və bir gün gözümü açdım ki, mən bu əlçatmaz insanların arasındayam. Ürəkdən gələn sözümdü. Çox xoşbəxtəm ki, mən məhz bu sahənin adamıyam.

-Ustad rejissorumuz Ağakişi Kazımovun sizin həyatınızdakı rolu necə olub?
-Onun adı mənim ürəyimdə, qəlbimdə, ruhumda həmişə böyük hərflərlə yazılıb və nə qədər ömrüm varsa elə yenə də böyük hərflərlə qalacaq. Deyirlər ki, insan öləndən sonra qədri-qiyməti çox bilinir. Xüsusilə sənətkarların. Təbii ki, Ağakişi Kazımov kimi ustad sənətkarın yeri həmişə görünəcək, unudulmayacaq, ürəklərdə yaşayacaq. Amma çox təəssüf ki, ondan hələ çox şeylər öyrənə bilərdik. Əgər ona imkan versəydilər ömürün axırına kimi tamaşalar hazırlayardı. Amma onu “yaş senzi” adı ilə teatrdan çıxarmaqla çox sındırdılar və bununla da qəbr evinə tez yola saldılar. Mən həyatım boyu ona borcluyam. Çünki məhz onyn sayəsində tanınmışam. Yəni əsasən onun hazırladığı tamaşalrda parlamışam. Onun sayəsində bu sənətin sirlərini, dərinliklərini öyrənmişəm. Dözümlü, təmkinli, səbrli olmağı ondan öyrənmişəm. İşinə təmənnasız, məhəbbətlə, sevgiylə yanaşmaq dərsini də ondan almışam. Böyük insan, çox böyük şəxsiyyət idi Ağakişi müəllim. Sənətinə də hədsiz bağlı idi. Heç kəsə arxalanmadı, ancaq öz gücünə, istedadına arxalandı. Heç kəsə paxıllıq eləmədi. Çünkü özünə, öz savadına, bacarığına çox inanırdı. Ağakişi müəllim sənətinin fədaisi idi. Ondan söhbət düşəndə, haqq dünyasına qovuşmasından iki il keçməsinə baxmayaraq, keçmişdəki kimi danışa bilmirəm. Hər yerdə gözüm onu axtarır. Özümü inandırmağa çalışıram ki, hardansa mütləq çıxacaq və deyəcək ki, “mən burdayam”. Nə gizlədim darıxıram, çox darıxıram onsuz...
Onun rejissorlar üçün dərslik kimi bir neçə kitabı çap olunub. Hər biri çox mükəmməl sənətkarlıqla yazılıb. Siz o kitabları oxuyubsuz və həmin kitablar haqqında ressenziyalar yazıbsız. Çox istərdim ki, ali məktəbdə aktyorlara, rejissorlara həmin kitablar tədris olunsun. Gələcək aktyorlar və rejissorlar həmin kitablardan çox bəhrələnə bilər. Axı Azərbaycanda rejissor sənəti ilə bağlı cəmi iki-üç kitab var.

- Uzun illər işlədiyiniz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi və burada çalışan sənətkarlar haqqında nə deyə bilərsiniz?
-Mən öz kollektivimi çox sevirəm. Həqiqətən, birmənalı deyirəm. Çünkü bu kollektivdə mən özümü tapdım, hormət, ad-san qazandım. Bizim kollektiv çox işgüzar, mehriban kollektivdi. Belə kollektivnən dağı -dağ üstə qoymaq olar. Hansı rejissor gəlsə bizim kollektivdən narazı gedə bilməz. Uğur qazanar. Mən sevimli kollüktivimizin hər bir üzvünə can sağlığı, sənət uğurları arzulayıram. Mübaliğəsiz deyə bilərəm ki, bizim teatr respublikanın ən aparıcı teatrlarından biridir. Bu teatra çoxdan Akademik statusu adı verilməli idi.

- Oynadığınız rollardan hansılar sizin ürəyinizcə olub?
- Bütün rollarım ürəyimcə olub. Amma adını sadalamaq istədiyim bu rollarımı daha çox sevirəm. Televiziya tamaşaları olan Cəfər Cabbarlının “Solğun çiçəklər” televiziya tamaşasındakı Sara obrazı və Şahinin “Nişan üzüyü” tamaşasındakı Fəridə obrazı ürəyimcədi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynadığım U. Luisin “İstədiyim kimi yaşamışam” mono tamaşasındakı obraz Zelda çox çətin bir obrazdır. Bu tamaşaya Ağakişi müəllim quruluş verib. Hər dəfə bu obrazı oynayanda sevinirəm ki, aktrisayam və bu sənətimlə fəxr eləməliyəm.

Teatrımızda oynadığım bu tamaşaların və rolların adını çəkmək istəyirəm. Rafik Hüseynovun “Müşfiq” əsərində -Dilbər, Tahir Kazımovun “Səsin sehri”ində -Nuriyyə , Əhməd Orucoğlunun “Məhəbbət bir bəladı” əsərində -Səbinə , İlyas Əfəndiyevin “Büllur sarayda” da -Aynur , Elçinin “Mahmud və Məryəm”ində -Aysulu, Tamara Vəliyevanın “Mənim ağ göyərçinim”imdə -Sara, İsgəndər Coşqunun “Ana laylası”nda -Ana , Bəxtiyar Vahabzadənin “Şəhidlər” əsərində -Fərizət, Süleyman Sani Axundov və Abdulla Şaiqin ” Qaraca qız” əsərində- Pəricahan, Nicat Kazımovun “Cənnətin üç alması” əsərində -Şirməmməd , İspan xalq rəvayətləri əsasında “Zorro” da-Klaudiya , Vaqif Əlixanlının “Əcəl atı” əsərində -Sədəf qarı.
Əli Əmirlinin “Mən səni sevirəm” əsərində -Sabah müəllimə , Ulyam Şekspirin

“Romeo və Cülyetta” faciəsində -Ledi Kapuletti. Firuz Mustafanın “Pələng ili”ndə -Sevda, Ulyam Şekspirin “III Riçard” faciəsində -Yelizavetta, kraliça, Xanımana Əlibəylinin “Dovşanın ad günü” əsərində - Tülkü, Məhəmməd Füzulinin “ Leyli və Məcnun” əsərində -Qeysin anası, Əbdürrəhim bəy Haqverdiyevin “ Pəri cadu” əsərində -Hafizə, Cəfər Cabbarlının “Aydın” əsərində -Böyükxanım, Elçinin “Ölüm hokum” əsərində-Firuzə, Orxan Asenanın “Mustafa” əsərində -Zübeydə xanım , E.T. A. Hofmanın “ Şelkunçuk” əsərində -ana və adını çəkmədiyim başqa obrazlarım. Burada komediya da var, dram əsərləri də, faciələr də, uşaq əsərləri də. Elə ona sevinirəm ki, oynadığım bu rollar hər səpkidə olub. Bunlar da mənim püxtələşməyimdə, bir aktrisa kimi yetişməyimdə mənə çox köməklik edib. Hər dəfə səhnəyə çıxanda, bayram əhval-ruhiyyəsilə çıxıram.

-Ömrünü teatra həsr eləyən sənətkar kimi Azərbaycan teatrının daha yaxşı inkişaf etməsi haqqında nə təkliflər verə bilərsiniz?
- İndi iyirmi birinci əsr, texnika, internet əsridir. İnsanlar internet saytlarına, tik-toklarına, mənasız şou proqramlara o qədər alüdə olublar ki, teatr onlar üçün arxa plana keçib. Ona görə düşünürəm ki, insanları teatra cəlb etməyin dəqiq yolu tapılmalıdır. Yəqin ki, müasir tələblərə cavab verən əsərlər, yeni quruluşlar, oyun tərzi, yeni ifadə vasitələri tapılmalıdır ki, tamaşaçıları teatra cəlb eləmək olsun. Çünki müasir teatr tamaşaçıdan on addım irəlidə olmalıdır. Müasir teatr öz tamaşaları ilə tamaşaçıları təəccübləndirməyi bacarmalıdır.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

Mart- 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə