Dədəsinin gül balası sosial şəbəkədə

Yataq çarpayısından yarıçılpaq paylaşım edən, sərxoşluqdan açarını itirdiyindən hovuza tullanan, eşşəyin belinə tərsinə minib “daley-daley” oxuyan, “gecəmə yarım milyon verirlər” deyən və digər abır-həyadan uzaq olan şou əhlinin mütrüb məxluqlarından birinin maraqlı açıqlamasına rast gəlmişdim. Bu mütrüb iddia edirdi ki, onu çoxları qovub, amma tuta bilməyiblər. Lakin sosial şəbəkələrin qovhaqovundan canını qurtara biməyib və ələ keçib.

Bundan sonra bu mütrüb sosial şəbəkədə nə hoqqalar sərgiləyəcək, hansı məzhəkələr quracaq, bunu bir özü, bir də onun tərəfdaşları biləcək. Bizə məlum olan fakt isə ondan ibarətdir ki, bu gün sosial şəbəkələr gözünü qan örtən dəlisov cinayətkara bənzəyir. Hər vəchlə çalışır ki, imkanından və əliuzunluğundan istifadə etməklə sıralarını genişləndirsin. Təəssüf ki, istəyinə nail olur. Hər ötən gün sosial şəbəkə istifadəçilərinin sayı artmaqdadır. ABŞ-ın “Comscore” şirkəti tərəfindən aparılan araşdırmalara əsasən 1,4 milyard insan sosial şəbəkə saytlarından istifadə edir. Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin sayı 1,5 milyonu keçib. Bunu hardasa müsbət hal kimi qiymətləndirmək olar. Ən azı müasir dünyanın texnoloji tələblərinə Azərbaycanın adekvat cavab verməsi baxımından. Ancaq bir əmması var ki, bəzən Azərbaycanda "Tvitter”-dən, “Teleqram”-dan, “Instagram”-dan, "Facebook”-dan, “Odnoklassniki”-dən, “V kontakte”-dən və digər bu kimi sosial şəbəkələrdən mənfi çağırışları mənimsəmək üçün istifadə edirlər.

Elə uzağa getməyək, bu günlər “Pantural” adlı bir istifadəçi Azərbaycan dəyərlərinə və mentalitetinə zidd olan çağırışla sosial şəbəkədə çıxış edib. Yazır ki, geyim tərzi ilə şəhvət hissi yaradan qadınlar zorlansın. Təəccüblüdür ki, şou əhlinin mütrüb nümayəndəsi Nadir Qafarzadə də “Panturalı” dəstəkləyib. Deyilənə görə, hüquq-mühaifizə orqanları “Panturalı” axtarır. Tutacaqları təqdirdə hansı cəzanı və ya şillə-təpiyi yedirəcəkləri polisin öz işidir. Yəni polisə ağıl öyrətmək, yol göstərmək bizm hünərimiz deyil. Sadəcə, bu “Panturala”, Nadir Qafarzadəyə, eləcə də bunlar düşüncəsində olan məxluqlara deyən lazımdır ki, sizlər namaz qılmırsınızsa, bizlər sizi ağ yuyub qara sərək, hansısa sərt cəza ilə tənbeh edək? Deyən lazımdır, yolunu azma, insanları da təhqir etmə. Düzdür sosial şəbəkələr müasir dövrün tələbidir və bundan qaçmaq da olmur. Yetər ki, yenilikdən bəhrələnən zaman başqalarının heysiyyatına toxunmağa çalışmayasan. Pandemiya dövrü müəyyən mənada sübut elədi ki, bu yolxucu xəstəlik yalnız bəla mənbəyi deyil, həm də xeyirli yol göstərməyi də bacarır. Xüsusilə də, sosial şəbəkələr vasitəsi ilə ali və orta məktəb müəllimləri İnternet resurslarından təhsil və təlim məqsədi ilə istifadə etdilər. Hətta tələbələr onlayn imtahanlar verirlər. Bəzən iclaslar və yığıncaqlar, mühüm beynəlxalq tədbirlər onlayn vasitəsilə keçirilir. İnternet vasitəsilə yaxın, uzaq ölkələrdə yaşayan insanlarla virtual ünsiyyət qurmaq, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək və müxtəlif məlumatlar almaq mümkündür. Yəni internet resursları insanları bir-birinə yaxın etməyə, dünya görüşlərini, həyat tərzlərini müsbət məcraya yönəltməyə, sağlam yaşam tərzi seçməyə yardımçı ola bilər. Amma bir də görürsən ki, ağıldan kəm, qoldan güclü birisi sosial şəbəkləri başqalarını təhqir etmək üçün özünün söyüş ruporuna çevirir. Etmə, əl saxla deyən də olmur. Məsləhət versən də xeyri olmayacaq. Çünki o şəxs artıq sosial şəbəkədə fəaliyyətini yekəxanalıq etmək üzərində qurub. Qalır, bir yol, deyəsən ki, “Allah ağıl versin”. Bəzi sosial şəbəkə istifadəçiləri o dərəcədə əl-qol açırlar ki, şəbəkələr vasitəsilə narkotik satışını həyata keçirməyə çalışırlar. Son günlərin statistikasına görə, polis əməkdaşları tərəfindən onlarla narkotacir sosial şəbəkələr vasitəsi ilə narkotika satışını həyata keçirən zaman həbs olunublar. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə narkotik vasitələri ("patı"nı -red.) onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb. Üzərindən külli miqdarda “heroin” aşkar edilən Ə.Hacıyev ifadəsində internet resurslarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə, izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.

Bir sözlə, görünən odur ki, sosial şəbəkələr Azərbaycan gəncliyini uçuruma aparır. Bu baxımdan, valideynlər ehtiyatlı olmalı, övladları sosial şəbəkələrə qoşulan zaman onları vaxtaşırı izləməlidirlər. Əks halda, uşaqlar müxtəlif cinayətkar qurupların, narkotik maddələrin satışını həyata keçirən dəstələrin təsiri altına düşə bilər. Gəncliyimiz və gələcəyimiz naminə, ehtiyatlı olaq və məsləhətlərə, tövsiyələrə əməl edək!

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə