İnsan hüquq və azadlıqlarının təminatı hər bir dövlətin və hakimiyyətlərin ən mühüm prinsipidir. İnsan şəxsiyyətinin toxunulmazlığı, sağlamlığının və təhlükəsizliyinin qorunması, humanizm və insanpərvərlik prinsipləri dövlətlərin başlıca mahiyyətini təşkil etməlidir. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunmaqdadır. Hüquqi, demokratik dövlət quruculuğuna sədaqətli olan ölkəmiz insanların daha sağlam, təhlükəsiz yaşaması, sosial iqtisadi cəhətdən təmin olunması üçün lazım olan bütün işləri görməkdədir. Məhz bu mütərəqqi addımlarına və xeyirli, gərəkli işlərinə görə dünyanın nüfuzlu demokratik təsisatları, tanınmış qurumları Azərbaycanın nümunəvi addımlarını yüksək dəyərləndirib, qiymətləndirilər. Amma razılaşaq ki, zəruri hesab olunan prinsiplərə heç də, əksər dövlətlər tam şəkildə əməl etmirlər. Əməl etmədikləri halda başqalarını qınayır, bəzən hədələyici, ultimativ xarakterli bəyanatlarla, hesabatlarla da çıxış edirlər. Bu bizlərdə deyildiyi, “öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir” el məsəlinə bənzəyir. Elə Amerika Birləşmiş Ştatlarında hazırda baş verən qarşıdurmalara, xaos və anarxiyaya rəsmi Vaşinqitonun özünə məxsus formada don geyindirib, münasibət bildirməsi deyilənlərə əsaslı misal ola bilər.

Tramp hakimiyyəti Nyu-York, Vaşinqiton və digər şəhərlərdə Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsinə qarşı keçirilən etiraz aksiyalarını polisin zorakılıqla yatırmağa çalışmasına haqq qazandırması heç də başa düşülən deyil. Hətta ölkə prezidenti Donald Tramp etirazçılara qarşı daha sərt və amansız tədbirlərin görülməsi çağırışları ilə çıxış etməkdədir. Ötən şənbə günü ABŞ - ın paytaxtı Vaşinqtonda “Hamı üçün Ədalət” şüarı altında keçirilən yürüşdə iştirak edən minlərlə insan Corc Floyd adlı qaradərilinin irqi ayrı seçkiliyin qurbanı olduğunu bildirmişlər. Bu isə onu deməyə əsas verir ki, 4 iyul 1776-cı ildə İngiltərənin aslığından azad olunub, müstəqilliyini elan etdiyi gündən ABŞ-da insanların rəngi məsələsi ölkəni xaos və qarşıdurma girdabına sürükləyən ən ağrılı problemlərdən bir olaraq qalmaqdadır. Baxmayaraq ki, uzaq hədəfləri düşünən və bu hədəflər uğrunda mübarizə aparan senator və konqresmenlər ölkədə irqi ayrı seçkiliyin olmadığı görüntüsünü yaratmaq üçün aldadıcı manevrlər edirlər.

Barak Obamanın qaradərili irqin nümayəndəsi olaraq prezident seçilməsi də, nəzərdə tutulan, ancaq uğursuzluqla nəticələnən manevrlərdəndir. Çünki, B.Obamanın prezdentliyi dövründə 250 dəfə irqi zəmində qarşıdurma yaşanmışdır. Yəni, bu bir fakta çevrilir ki, ağlar bir növ qara dərililərə yuxarıdan aşağı baxırlar, bəzən onları söyüb, təhqir etməkdən də çəkinmirlər. Qara dərililərin öldürülməsi də, bəzən adi hala çevrilir. Bir qədər əvvəl Nyu-York şəhərindən 18 yaşlı Maykl Braun və Klivlend ştatından 12 yaşlı qara dərili uşağın polis tərəfində güllənərək öldürülməsini buna misal ola bilər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, qara dərili uşaqları öldürən polislərə gözün üstə qaşın var deyən olmadı. Qatil polislər məhkəmə qərarı ilə azadlığa buraxıldılar. Məhkəmənin qərarına etiraz olaraq ölkənin iri şəhərlərində aksiyalar keçirilsə də, yenə də uduzan və əzilən qaradərili insanlar oldu. Polis 100-ə yaxın qaradərilini həbs etdi, onlardan 50 nəfəri ictimai asayişi pozma və xuliqanlıq maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum olundular.

2016-cı ilin iyulunda Nyu-York şəhər sakini Erik Qarner adlı qara dərilini ödürən polis zabitlərinin əməllərinə isə ölkənin Senatı haqq qazandırdı. Yenə də etiraz aksiyaları keçirldi, ancaq nəticəsi olmadı. Eyni yanaşma Corc Floyd adlı qara dərilinin öldürülməsindən sonrada yaşanıb. Belə ki, Corc Floyd öldürülsə də, cinayəti törədən polislər işdən çıxarılmaqla canlarını qurtarıblar.

Ümumiyyətlə, ABŞ-da bütün sahələrdə qara dərili insanların ağ dərili insanlardan hüquqlarının təmin olunması baxımından aşağı olması açıq şəkildə müşahidə olunur. Dövlət və özəl təşkilatlarda işləyənlər arasında ağ dərililər üstünlük təşkil edirlər. Bu barədə 2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işəgötürənlər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə isə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Araşdırmalar təsdiq edir ki, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Bu acınacaqlı vəziyyət idə getdikcə qara dərili insanların ziyanına daha da təkmilləşməkdədir. Bu isə, analitiklərin də qeyd etdiyi kimi, ABŞ-ı uçuruma sürükləməkdədir.

Artıq məlumatlar yayılmaqdadır ki, Minneapolisdə qara dərilinin öldürülməsinə etiraz olaraq “Black Lives Matter” hərəkatının tərəfdarları ölkənin 150 şəhərində aksiyalara başlayıblar. İkin mərhələdə dinc şəkildə başlayan etiraz mitinqi daha sonra iğtişaşlara və qarşıdurmalar çevrilib. Polislə qarşıdurma nəticəsində 100-dən çox insanın yaralandığı və 11 nəfərin öldüyü bildirilir. Bəlkə də, ABŞ üçün bu günlər ölüm, qalım məsələsi ola bilər. Həlledici, sınaq olması da ehtimal olunur. Nəzərə almaq lazımdır ki, ABŞ-ın müstəqillik bəyənnaməsinin elan olunduğu tarixi gün yaxınlaşmaqdadır. Sual yaranır, ABŞ o günü qeyd edə biləcəkmi? Təbii ki, bunu zaman göstərəcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə