Qarabağ məsələsi beynəlxalq siyasətdə "dondurulmuş" münaqişələr siyahısında artıq 25-ci ilini tamamlayır. Azərbaycan 25 ildir münaqişənin danışıqlar yolu ilə həlli üçün çalışır, lakin əsaslı bir nəticə əldə edə bilmir, yaxın gələcəkdə də bu yolla bir nəticənin əldə olunacağı ilə bağlı heç bir ümid yoxdur. Beynəlxalq sistemdə siyasi masada olan haqq-hüquq, təəssüf ki, real siyasətdə öz əksini tapmır. Bu, siyasi tarixin hər bir dövründə özünü doğruldan bir gerçəklikdir. "Beynəlxalq hüquq və normlar"ın formalaşmasında söz sahibi olan aparıcı güclər, bu normları daim öz maraqları istiqamətində yorumlamış, zəif dövlətlərə düşən vəzifə isə aparıcı güclərin "icazə" verdiyi çərçivədə bu normlardan, haqqlardan istifadə etmək olmuşdur.

Bu çərçivədə Qarabağ münaqişəsini dəyərləndirəcək olsaq, ilk olaraq qeyd etməliyik ki, prosesin sülh yolu ilə tamamlanması üçün formalaşdırılan platformda Azərbaycandan başqa səmimi şəkildə səy göstərən başqa bir dövlət görə bilmirik. İstər ATƏT-in Minsk qrupuna daxil olan ölkələr, istərsə də Ermənistan prosesin həll olunmasında maraqlı deyillər.

Qərb üçün Qarabağın Ermənistan işğalında olması və ya Azərbaycana geri qaytarılması maraqlı deyil. Beynəlxalq təşkilatlar tərəfindən Qarabağla bağlı qəbul edilmiş bütün qərarların masada qalmış olması qərbin ikili siyasətinin nümayişidir. Onlar üçün maraqlı olan Azərbaycan neft və qazının istiqrarlı bir şəkildə Qərb bazarına daşınmasıdır. Buna görə də hazırda regionda ortaya çıxa biləcək hər hansı bir silahlı qarşıdurma Qərbin siyasi və iqtisadi mənafeləri ilə ziddiyət təşkil edir.

Digər tərəfdən, Qafqazda birbaşa Rus siyasəti ilə qurulan Ermənistanın, məhz Rusiyanın himayəsi ilə Azərbaycan torpaqları hesabına genişlədiyini görürük. Bu cəhətdən Ermənistanın atmış olduğu bütün hərbi və siyasi addımlarda birmənalı şəkildə Rusiyanın rolu vardır. Buna görə də, Qarabağın qaytarılmasında Rusiyanın müsbət rol oynayacağını düşünmək, məsələni hər dövr üçün bir başqa bahara uzatmaq mənasını daşıyır.

Ermənistan üçün isə mövcud şərtlər içərisində Qarabağın və ətrafındakı rayonların işğalının davamı 1990-cı illərdə əldə edilmişlərin haqlı bir nəticəsi olaraq görülməkdədir. Erməni liderlərin hər platformda Qarabağın Ermənistana bağlanması və ya ən azı müstəqil olması gərəkdiyini vurğulamaları, Qarabağın indiki nəsil tərəfindən alındığını, Ağrı dağının alınmasının isə gələcək nəsillərin vəzifəsi olaraq hədəf göstərmələri əsl niyyətləri açıq şəkildə ortaya qoymaqdadır. Burada diqqət edilməsi gərəkən əsas məsələlərdən biri Qarabağ mövzusunun yalnız Ermənistan iqtidarının iradəsindən asılı olmadığı gerçəyidir. Erməni diasporu üçün Türkiyəyə qarşı təsir vasitəsi olaraq istifadə etdikləri sözdə soyqırım mövzusu ilə birlikdə, Qarabağ məsələsi, ümumilikdə "Böyük Ermənistan" layihəsi təməlində torpaq iddiaları varlıqlarını davam etdirmə səbəbi və təsir güclərini qoruma vasitələrindən birinə çevrilmişdir. Bu cəhətdən Ermənistanda hansı qrupun iqtidarda olmasından asılı olmayaraq diaspor və Rusiyanın təsirindən çıxılamayacağını və müstəqil qərar vermə iradələrinin olmadığını nəzərə alsaq, iqtisadi çöküntünün səviyyəsindən asılı olmayaraq heç bir şəkildə danışıqlar yolu ilə Qarabağın geri verilməyəcəyini anlaya bilərik.

Bu zəmində Azərbaycan üçün Qarabağın silah gücünə geri alınmasından başqa bir yolun olmadığı gerçəkliyi ilə razılaşmalı və atılacaq addımları bu istiqamətdə formalaşdırmalıyıq. Bunun üçün real beynəlxalq siyasi atmosfer nəzərə alınaraq konkret strategiya müəyyənləşdirilməlidir. Bu istiqamətdə ümumi başlıqları aşağıdakı şəkildə sıralaya bilərik

- Ordunun peşəkar birliklərlə formalaşdırılması və müasir silahlarla təchiz olunması təşkil olunmalı, silahlı qüvvələrə ayrılan vəsaitlərin ünvanlı xərclənməsinə xüsusi diqqət göstərilməli, vəsaitlərin şəxsi ehtiyaclar üçün istifadəsinin qarşısı alınmalıdır.

- Silahlı müdaxilənin Azərbaycana qarşı hər cür sanksiyaları da bərabərində gətirəcəyini qəbul etməli və iqtisadi potensialımızı bu istiqamətdə formalaşdırmalıyıq.

- Qarabağla bağlı həqiqətlərin və Erməni işğalının xarici ölkələr tərəfindən tanınmasına xüsusi diqqət göstərilməlidir. Burada ilkin olaraq Azərbaycan diaspor fəaliyyətinin hazırda Erməni diasporu ilə rəqabət edəcək səviyyədə olmadığını qəbul etməli, diaspor fəaliyyətinin təşkili ilə birlikdə və lobbiçilik fəaliyyətinə xüsusi diqqət göstərilməli, bu istiqamətdə hər cür vəsait təmin olunmalıdır. Lobbiçilik fəaliyyətinin təcrübəli mütəxəssislərin rəhbərliyində bütün fəaliyyətini bu istiqamətdə formalaşdıracaq xüsusi bir qurum tərəfindən aparılması daha məqsədə uyğun olacaqdır. Belə ki, bu qurum bütün reallıqları nəzərə alacaq şəkildə iş planı hazırlamalı və bu istiqamətdə planlı-proqramlı fəaliyyətini formalaşdırmalıdır.

- Qarabağın işğalı gerçəyi işıqlandırılmalı, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın məşru-müdafiə haqqı üzərində durulmalı, bu istiqamətdə xüsusilə Qərb ölkələrində konfranslar, seminarlar təşkil olunmalı, nüfuzlu araşdırma mərkəzlərinin yayınlarında yazıların dərcinə diqqət göstərilməlidir. Eyni zamanda Avropa və ABŞ mərkəzli stratejik araşdırma mərkəzlərinin qurulması təşkil olunmalı və bütün zəminlərdə Azərbaycan mənafeyi vurğulanmalıdır.

- Kütləvi informasiya vasitələrində Qarabağla bağlı həqiqətlərin işıqlandırılması, yazıların dərci, verilişlərin, video-roliklərin yayımlanması təşkil olunmalıdır. Eyni zamanda müasir texnologiyaların istifadə olunduğu, tanınmış aktyorların iştirak etdiyi filmlər çəkilməli və qərb ölkələrində vizyona girməsi təşkil olunmalı, hətta dünya kinomotoqrafiyasının nüfuzlu platformlarında mükafatlandırılması hədəflənməlidir.

- Qarabağ məsələsi bütün sosial media üzərində, axtarış motorlarında ilk sıralarda gələcək şəkildə proqramlanmalı, müntəzəm şəkildə "informasiya bombardımanı" təşkil olunmalıdır.

Vurğuladığımız bu başlıqlar daha da çoxaldıla bilər. Burada əsas məqsəd artıq özümüz deyib, özümüz eşitməyi bir kənara buraxmaq olmalı və sadəcə anım günlərində deyil, müəyyənləşdirilmiş strategiya çərçivəsində xarici platformlarda Qarabağ həqiqətlərinin və Azərbaycanın hüquqlarının təmin olunmasına, yekun məqamda isə hərbi əməliyyatların başlanacağı tarixədək beynəlxalq ictimaiyyəti Qarabağla bağlı "Azərbaycan pəncərəsindən" məlumatlandırmaq olmalıdır.

Normal bir baxışla təbii ki, sülh yolu hərbi müdaxiləyə tərcih edilməsi gərəkən bir seçimdir. Lakin əgər sülh istəkləri sadəcə problemin dondurulması məqsədini daşıyırsa, o zaman baş vuracaq başqa bir yol qalmır. Aprel döyüşləri xalqda torpaqların alınmasına olan inamın gücünü, təsirini, eyni zamanda vətənpərvərlik duyğularını nümayiş etdirmişdir. Hərbi əməliyyatlarda xalqın həmrəyliyinin təmin olunacağına heç bir şübhə yoxdur. Burada əsas olan hərbi əməliyyatların mümkün olan qısa zamanda hədəfə çatacaq şəkildə planlanacaq olması, istifadə olunacaq silahların kontrolunun (kənardan müdaxiləyə açıq olmadan) silahlı qüvvələrimizdə olması və siyasi iradənin sonuna qədər nümayiş etdirilməsidir. Tarix, dövründən asılı olmayaraq öz haqqı üçün hər cür çətinliyi gözə almış xalqların nəticədə müvəffəq oduğunu hər zaman isbat etmişdir. Burada mühüm olan, vəzifəsindən, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycanlının məsələyə milli çərçivədə baxışı və torpaqların azad olunmasına olan inamdır. Bu təmin olunduğu təqdirdə Qarabağın geri alınmaması üçün heç bir səbəb yoxdur.

Elnur Eyvazov, politoloq

Bütün xəbərlər Facebook səhifəmizdə