Cəmil Həsənlini müxalifət adına Milli Şuranın ortaq namizədi kimi qeydə aldırmaqla ölkədə siyasi alternativ roluna iddia edənlər, deyəsən, işlərini bitmiş hesab etdilər. Belə olmasaydı onun təbliğatı üçün yetərincə maliyyə toplanar, yerlərdə intensiv görüşlər təşkil edilərdi. Ancaq müşahidələrimiz göstərdi ki, bu, belə olmadı. Yalnız Rüstəm İbrahimbəyov "1 milyondan 1 manat" kampaniyası haqqında fikirlərini dedi. Hardasa beş min manatadək pulun toplanması haqqında xəbərlər yayımlandı, vəssalam! Halbuki iddia edilirdi ki, İlham Əliyevdən narazı 1 milyon seçici Cəmil Həsənlinin kampaniyasına 1 manatdan ianə ödəməklə seçkinin taleyini müəyyən edəcək. Ağlabatan fikirdir, ancaq nəzərə alsaq ki, ölkə seçiciləri və hətta narazı kəsim belə Milli Şuraya güvənmirdi, belə bir kampaniyanın uğursuzluğunu öngörmək çətin deyildi. Elə də oldu. Bu kampaniya o qədər uğursuz oldu ki, hətta bugünədək Milli Şura onun sonucları barədə açıqlama verməyə ürək eləmir.

Bu kampaniya öz yerində, biz də İTV-dəki debatların üzərində dayanaq.

İlk addımdan hakimiyyət öz namizədinin xeyrinə tədbirlərini görmüşdü. Artıq İTV-də efirə çıxacaq namizədlərin böyük çoxluğu, əslində, heç bir iddiası olmayan, İlham Əliyevə alternativ görüntüsü yaratmağa hesablanmış yedək namizədlər idi. Bu, onların ilk TV çıxışlarındanca özünü büruzə verdi. Düzdür, müxalif kəsim belə bir gedişi İlham Əliyevin zəifliyi, seçki kampaniyasından qorxması və qanunsuz əməli kimi qələmə verdi. Ancaq mən deyərdim ki, burada heç bir qanunsuz əməl olmamaqla bərabər namizədlər arasında Cəmil Həsənli də daxil, İlham Əliyevin çəkinə biləcəyi elə bir namizəd yox idi. Sadəcə, çoxnamizədli gediş bir taktika idi və müəyyən qüsurlarını nəzərə almasaq uğurlu da alındı.

Yeri gəlmişkən, onu da deyim ki, namizədlərin bütün çıxışlarını tam olaraq dinləyib dərhal da Facebook-da hərəsi haqqında bir neçə cümlə ilə fikrimi yazırdım. Burada isə onların ümumi görüntülərini qeyd etməklə yetinmək fikrindəyəm.

Namizədlərdən Zahid Oruc Cəmil Həsənlinin üzərinə getməklə dərhal nəyə xidmət etdiyini göstərmiş oldu. Özü də maraqlıdır ki, onun gedişləri heç bir etik həddi aşmır, şəxsən mənim də cavablarını eşitmək istədiyim suallarla zəngin olurdu. Bu isə Milli Şura namizədini əsas hədəfdən yayındırmağa yetirdi.

İlham Əliyevin təmsilçiləri – Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovun da gedişləri və çıxışları, açığı, əvvəlki illərdən daha təmkinli, daha tutarlı olması ilə diqqət çəkirdi. Xüsusən də Əli Əhmədovun Cəmil Həsənlinin təqaüd məsələsini diqqətə çatdırması şəxsən məndə sonuncuyla bağlı müəyyən tərəddüdlərin yaranmasına səbəb oldu.

İqbal Ağazadə, tək kəlməylə, heç kəsə baş qoşmadan mahiyyəti üzrə çıxışlar etməsilə yadda qaldı və seçki sonucu qazandığı 3-cü yer təsadüf olmadı.

Fərəc Quliyevin də çıxışları mahiyyət üzərində qurulması baxımından diqqət çəkirdi. Bununla belə bir qədər cəsarət çatışmazlığı hiss edilirdi.

İlyas İsmayılov isə yalnız sonuncu debata qatılmaqla göstərdi ki, onun da bu seçkidə nəsə iddiası yoxdur. Sadəcə, əldə etdiyi imkanı özəlliklə də nə istədiyi tam aydın olmayan Mayis Gülalıyevə verməklə, əslində, faydalı bir iş gördüyünü düşünə bilmirəm.

Adını çəkmək və ümumiyyətlə haqqında fikir bildirmək istəmədiyim br namizəd də oldu ki, o, bu seçkinin ayıbı idi. Məncə, bundan sonrakı seçkilərdə artıq o adamı adam üzünə çıxarmaq ayıb olar.

Araz Əlizadənin də heç bir iddiasının olmadığı dərhal hiss edildi. Bundan başqa, Cəmil Həsənli haqqında fikirləri etik çərçivədən kənar olmaqla ümumiyyətlə efirə yaraşmayacaq növdən idi.

Sərdar Cəlaloğlu, adətən, bir çox fikirlərilə zərərli bir insan təsiri bağışlasa da bu çıxışlarında Cəmil Həsənliyə yönəlik təhqirlərə uyğun cavab verməsilə yadda qaldı.

Qüdrət Həsənquliyev isə Cəmil Həsənlinin kitablarından sitatlar gətirməklə onun mövqelərini zəiflədə bildi. Çünki Zahid Orucda olduğu kimi, Qüdrət Həsənquliyevdə də bu gedişlər alındı və nəticə də odur ki, Cəmil müəllim arzu etmədiyi suallarla üzləşməli oldu.

Cəmil Həsənlinin çıxışları cəsarətli kimi dəyərləndirilsə də o, hakimiyyətin taktiki gedişləri qarşısında duruş gətirə bilmədi və bəzən öz səviyyəsindən aşağı enməli oldu. Bu isə onun əleyhinə işləyən amillərdəndir.

Bütün bu proseslərdə İlham Əliyevin şəxsən kənarda qalması və fəaliyyətdə olan Prezident kimi gündəlik işilə məşğul olması öz effektini verdi. Düzdür, iddia edildi ki, onun qatıldığı açılışlar, nazirlərin rayonlara göndərilib əhalinin dərdlərini dinləməsi yalnız seçkiyə hesablanıb. Lakin bu prosesin indiyə qədər davam etməsi gedişlərin seçkiyə hesablanmadığını göstərən amil sayıla bilər.

Burada onu da qeyd edək ki, uğursuz "1 manat" əməliyyatı, bir çox bölgələrdə heç bir görüşün təşkil edilməməsi, seçki kampaniyası dövründə aşağı səviyyəli xarici səfərə getməsi Cəmil Həsənlinin taleyində həlledici rol oynayan amillərdəndir. Üstəlik, onu irəli vermiş əsas müxalif kəsimin faktiki heç bir maliyyə xərcləməyə həvəs göstərməməsi də onların əsas məqsədinin seçkini udmaq olmadığını təsdiq edirdi. Yəni görünən o idi ki, Milli Şuranın özəyini təşkil edən Müsavat və Xalq Cəbhəsi partiyaları bu kampaniyada heç də ürəkdən iştirak etmirdilər. Bu isə ondan xəbər verdi ki, indiki halda Cəmil Həsənli doğrudan da "Aldanmış kəvakib"in Yusif Sərracından başqa bir rola layiq bilinməmişdi. Yəni bu seçkidə ənənəvi müxalifət növbəti dəfə mütləq uduzmalı idi və məğlubiyyəti kiməsə yükləmək lazım idi. Yüklədilər də. Çox sayğı duyduğum, çox dəyər verdiyim Prof. Cəmil Həsənliyə! Birinciləri anladım, ancaq Cəmil müəllimin niyə bu avantüraya razılaşdığını indiyə kimi anlaya bilmirəm! Bu seçkidə Prof. Cəmil Həsənli tam olaraq xərcləndi. Təəssüf ki, əlbəttə...

Bütün xəbərlər Facebook səhifəmizdə