Mətbuatda belə bir informasiya ilə tanış oldum: "İyunun 27-29-u tarixlərində Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası keçirilmiş və Azərbaycan Respublikasının Gömrük Xidməti 2013-2014-cü illər üçün 51 ölkəni özündə birləşdirən Avropa regionu ölkələri üzrə Ümumdünya Gömrük Təşkilatı sədrinin müavini seçilmişdir" (DGK Mətbuat Xidməti).
Nəhayət 21 ildən sonra Azərbaycan Avropanı "fəth" etdi. Uzun müddət ərzində Avropanın müxtəlif idarəetmə qurumları ilə aparılan siyasi mücadilə öz bəhrəsini verdi. Azərbaycan DGK 1992-ci ildən ÜGT-nin, 1998-ci ildən bu təşkilatın Maliyyə Komitəsinin, 2000-ci ildən isə Siyasi Şurasının üzvü olsa da, ilk dəfədir ki, belə yüksək idarəetmə postuna sahiblənmişdir. Bu faktın siyasi dividentlərini aşağıdakı kimi dəyərləndirmək olar.
Birincisi, Avropada Azərbaycana qarşı olan "siyasi qısqanclıq sindromu" dağıdıldı. Yenicə müstəqillik əldə etməsinə baxmayaraq, min illərlə dövlətçilik təcrübəsi olan respublikamız, artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında "açar dövlət" statusunu qazanmaq üzrədir. Qısa zaman kəsiyində ölkəmizin iqtisadi strukturları uğurla Avropaya inteqrasiya etmiş və Azərbaycan donor dövlətə çevrilmişdir. "Paralel islahatlar" iqtisadi inkişaf modeli isə keçid dövrünü yaşayan ölkələr üçün bir nümunə kimi qəbul olunmaq üzrədir. Çünki bu model "Klassik Qərb", "Sıçrayışlı Şərq" və "Astagəl Rusiya" modellərindən daha innovativ və kreativdir.
İkincisi, Azərbaycanın dövlət gömrük orqanları artıq dünya gömrük siyasətinin favorit qurumlarından birinə çevrilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının 11 noyabr 2008-ci il tarixli "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" olan 12 saylı Fərmanı, ötən il qəbul olunmuş Gömrük Məcəlləsi, VAİS (Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi) və sairləri MDB məkanında bir ilk olmaqla bərabər, həm də bir nümunədir.
Eyni zamanda, Bakıda açılan Regional Tədris Mərkəzi dünya dövlətləri tərəfindən, ölkəmizin yürütdüyü gömrük siyasətinin bir örnək olduğunun bariz nümunəsidir.
Üçüncüsü, XXI əsrdə yürüdülən müasir gömrük siyasəti Prezident İ.Əliyevin adı ilə bağlı olduğundan, əslində bu siyasi qələbə Onun yürütdüyü ağıllı və uzaqgörən iqtisadi siyasətin nəticəsidir. Bu həm də Azərbaycan iqtidarını haqsız günahlandıran müxalifət nümayəndələrinə bir cavabdır. Belə ki, İ.Əliyev özünün seçki platformasının tərkib hissələrindən biri olan Avropaya inteqrasiya məsələsini təkcə sözdə deyil, həm də əməldə həyata keçirdiyi barədə xalqına hesabat vermiş oldu.
Dördüncüsü, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə az qalmış dünya dövlətlərinin əksəriyyətinin milli gömrük siyasətimizi bəyənməsi faktı bizim üçün böyük uğurdur. Nəzərə alsaq ki, Azərbaycan Avropanın yenidən irəli sürdüyü Norveçin namizədliyini üstələyərək qələbə qazanmışdır, onda bu siyasi uğurun nə dərəcədə önəmli olduğu daha yaxşı dərk edilər. Bir il müddətində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Avropanın 51 dövlətinin gömrük siyasətinin yönəticisi olmaqla bərabər, həm də ölkəmizin daha bir orqanda yüksək səviyyədə təmsilçisi olacaqdır. İqtidar bir daha sübut edə bildi ki, gənc olmasına baxmayaraq Avropa kimi "Qocanı" da idarə etmək qabiliyyətinə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB