Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdən bəri ölkəyə ayrı-ayrı saysız-hesabsız xarici təşkilat nümayəndələrinin axını başladı. Elə bil sanki yeni yaranmaqda olan dövlətin hüquq və dini məkanına daxil olmaq üçün həmin təşkilatlar növbəyə dayanmışdılar. Hətta uzun müddət biz bu cəhdlərin ağrısını da yaşadıq. Sözsüz ki, bir sıra müxtəlif xarici təşkilatlar Azərbaycana gəldikdən sonra ölkə və cəmiyyət daxilində baş verən proseslərə müdaxilə imkanı əldə etmək üçün müxtəlif vasitələrdən istifadə etməyə başladılar. Yeni yaranan ölkədə hər hansı yer tutmaq, insanların şüurlarına təsir etmək imkanını əldə etmək üçün ayrı-ayrı dövlətlərdə mövcud olan bir sıra qurumlar bu cür fəaliyyətdən istifadə etdilər. Əslində bu təsadüfi deyil idi. Hələ keçmiş Sovetlər dönəmində ABŞ-da xeyli sayda sovetologiya insitutları fəaliyyət göstərirdi.

Həmin institutlar bu və ya digər şəkildə cəmiyyət daxilində gedən münasibətləri çox ciddi şəkildə öyrənib sonradan həmin münasibətləri istədikləri kimi istiqamətləndirmək üçün psixoloji vasitələr, o cümlədən digər müxtəlif təsir və təzyiq mexanizmlərindən istifadə edirdilər. O zaman xarici dil kursları adı altında insanların şüurlarına dini eksterimizm meylləri yeridən bir sıra təriqətlər də mövcud idi. Həmin ərəfədə yeni-yeni təriqətlər Azərbaycana daxil olmağa başladı. Bunlar üçün ən əsas məqsəd ölkəmizdə müyyən yer tutmaq və Azərbaycan əhalisinin şüuru uğrunda mübarizə aparmaq idi. Burada ən çox sui-istifadə olunan məqamlardan biri də insan hüquq və azadlıqlarının qorunması adı altında Azərbaycanın ictimi-siyasi mühütinə daxil olmaq istəyi idi.

Azərbaycan dövləti ölkəyə xoş məramla gələn insanlara qarşı hər zaman açıqdır. İndi dünyada çoxlu sayda qeyri-hökumət təşkilatları (QHT) mövcuddur. Əgər həmin təşkilatlar doğrudan da Azərbaycanda və digər ölkələrdə baş verən hadisələrə obyektiv qiymət verirsə, vətəndaş cəmiyyətinin formalaşması üçün öz qüvvəsini səfərbər edirsə, insan hüquq və azadlıqlarının qorunması üçün dünyada mövcud olan uğurlu təcrübəni yaymaq üçün ölkəmizə gəlirsə, bu hakimiyyət tərəfindən də çox gözəl qarşılanır. Ancaq həqiqətdə bu heç də belə deyil axı. Bəzən xaricdən himayə olunan elə təşkilatlar olur ki, onlar Azərbaycanda öz maraqları naminə sosial baza yaratmağa çalışırlar. Həmin təşkilatların bu cür istək və niyyətləri heç də Azərbaycan xalqının və dövlətinin milli maraqlarına uyğun gəlmir.

Azərbaycan vətəndaşı üçün hər şeydən öndə dövlətimizin milli maraq və mənafeyi dayanmalıdır və dayanır da. Bu, həm də bizim milli təhlükəsizliyimizin təmin olunması üçün aparılan mübarizə üsullarından biridir. Milli təhlükəsizliyimizə qarşı mövcud təhdidlər dedikdə, təkcə hər hansı silahlı və mütəşəkkil qruplaşmanın Azərbaycan ərazisinə daxil olması demək deyil. Bəzən bu və ya digər xarici təşkilatlar insan şüuruna təsir edərək onun milli vətənpərvərlik və dövlətçilik hisslərini deformasiyaya uğrada da bilirlər. Fərqi yoxdur ki, bütün bunlar xaricdən ayrılan qara pullar və ya təmənnasız həyata keçirilir. Amma əsas odur ki, belə cəhdlər mövcuddur və bunun qarşısını almağa qadir olan güclü Azərbaycan dövləti də var.

Son dövrlərdə baş verən prosesləri dərindən öyrəndikdə qarşımıza çıxan ilk məsələ ondan ibarətdir ki, Azərbaycan Respublikasının siyasi və ümumxalq maraqları ilə manipulyasiya edilir, ölkəmizin siyasi gündəliyi süni şəkildə dəyişdirilir, "Beşinci kalon" adlananlar isə aldığı sifarişlər əsasında Avropada baş vermiş maliyyə və iqtisadi böhranından sonra bir sıra dövlətlərin maraqlarının təmin olunması üçün bir növ onların Azərbycandakı təzyiq qrupu rolu və funksiyasını yerinə yetirirlər. Məhz "beşinci kalon"un vəzifəsi də əsasən bundan ibarətdir. Bu baxımdan da bəzi qeyri-sağlam xarici təşkilatların Azərbaycanda fəaliyyətləri tam məhdudlaşdırılmalıdır. Azərbaycanın daxili siyasətinə müdaxilə etmək istəyən bəzi təşkilatların fəaliyyətinə çox ciddi təsir etməyin məqamı çoxdan yetişib. Əgər Azərbaycanın milli maraq və mənafeyinə uyğun gəlməyən bu və ya digər cəhdlər varsa, onların qarşı çox kəskin və qətiyyətlə alınmalıdır!

Bütün xəbərlər Facebook səhifəmizdə