Yeni dünya nizamı adı altında ölkələr üzərində hegemonluq etməyə çalışan böyük güclər dahiyanə iki söz kəşf edib - azadlıq və demokratiya. Bu iki sözlə işğal etmədikləri ölkə, yağmalamadıqları məmləkət, təbii resurslar qalmayıb. İflas məngənəsində sıxışıb qalan dünya iqtisadiyyatına yeni qaynaqlar yaratmaq üçün həmişə bu iki sözcüyə müraciət ediblər. Halbuki nəzərdə tutduqları "azadlıq" yalnız bir talançılıq hirsi, "demokratiya" isə qlobal mafiyaya tam təslimiyyət deməkdir.

Dəyər və şəxsiyyətini satanlar

Dünyaya özlərini "azadlıq və demokratiya" carçısı kimi sırıyanlar bundan imtina edənlərə qarşı alternativ "yardımlar" göstərir. Məsələn, üzdə demokratiyanın dəstəklənilməsi adı altında yaradılan vətəndaş cəmiyyəti qurumları, dövlətlərin apardıqları siyasətə və hökumətlərə istiqamət verməyə başlayıblar. Qlobal sələmçilərin mənfəətlərinə xidmət edən bu zümrə sayəsində bu qüvvələr həm əllərini çirkli işlərə bulaşdırmır, həm də bu üsul daha ucuza başa gəlir. Çox az pula dəyər və şəxsiyyətlərini satan bəzi qurum və şəxslər vasitəsilə icra edilən sözdə demokratiya layihəsi ilə kütlələr istiqamətləndirilməkdədir. Beləcə dövlət və xalq arasında gərginlik yaradır, bilərək və ya bilməyərək qlobal güclərin və müstəmləkəçi ölkələrin mənfəətlərinə xidmət edirlər.

Kimlərdən istifadə edilir?

Xüsusilə müsəlman ölkələrində dindarların öz torpaqlarında "inanclarını yaşaya bilmədikləri" iddiası ilə, kütlələr əvvəlcə öz dövlətinə qarşı qızışdırılır, ancaq dini həyatın Avropa Birliyi və ABŞ kimi sözdə mədəni cəmiyyətlərdə yaşanacağı yalanları ilə, dövlətindən qoparılan kütlələr imperial dövlətlərin istismarına hazır vəziyyətə gətirilir. Halbuki istər Avropada, istərsə də ABŞ-da İslam dinini haradasa terrorçuluğun himayədarı, cəhalətin qaynağı elan ediblər.

İşin maraqlı tərəfi isə odur ki, guya din adına öz dövlətlərinə qarşı çıxan bəzi insanlar bu gün öz inancları ilə kəskin ziddiyyət təşkil edən xarici dövlətlərlə qol-boyun vəziyyətdədirlər.

Bu məzmunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş agenti Philip Ageenin etirafları son dərəcə mənalıdır: "Azadlıq və demokratiya deyilən şey əslində məqsədlərimiz üçün bir vasitə idi. Azad seçkilər demək, gerçəkdə bizim dəstəklədiyimiz namizədlərə gizlicə pul ödəyərək olaylara müdaxilə etməmiz deməkdir. Azad qurumlar demək, bizim özümüzə bağlı təşkilatlar yaratma azadlığımız demək idi. Mətbuat azadlığı demək, bizim hazırladığımız materialları özü yazmış kimi nəşr edən jurnalistlərə hamilik etmək azadlığımız demək idi.

Seçilmiş bir hökumət ABŞ-ın iqtisadi və siyasi mənfəətlərini təhdid etməyə başlayırdısa, vəzifədən uzaqlaşdırılmalı idi".

1983-cü ildə ABŞ Konqresinin təsdiqi ilə NED (National Endowment for Democracy), yəni Demokratiyaya Milli Yardım Fondu qurulub. CIA-nın keçmiş agenti Ralph Mcgehee NED-in vəzifələrini belə izah edib: "CIA-nın ölkələrin qarışdırılması əməliyyatlarında istifadə edilən bir çox funksiyası NED-ə transfer edildi. CIA-nın məxfi əməliyyatlarına örtük olaraq, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də "demokratiya yayma" əməliyyatlarında iştirak etməkdədirlər.

Avropada məskunlaşan və birləşmiş ştatlar tərəfindən maliyyələşdirilən qeyri-hökuməti təşkilatları da birbaşa və bilavasitə olaraq bu əməliyyatlarda iştirak edirlər".

SOROS bir ləkədir

Hələ 2011-ci ildə Türkiyənin əsas müxalifət partiyalarından Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyinə gələn Kamal Kılıçdaroğlunun İqtisadi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu (SOROS Fondu) tərəfindən maliyyələşən Türkiyə İqtisadi və İctimai Araşdırmalar Vəqfiinə (TESEV) üzv olması mübahisə və müzakirələrə səbəb olmuşdu. CHP lideri Kamal Kılıçdaroğlunun SOROS-çu olduğuna inanmayanlar qədər, bunu həqiqət kimi qəbul edənlər də az deyildi. Adətən Türkiyə siyasi arenasında bu təşkilat haqqında belə bir deyim var: "SOROS bir solçu üçün, bir demokrat üçün ləkədir. Eynilə sağçılar üçün mason olmaq kimi bir şeydir".

SOROS Türkiyədəki təmsilçisi Açıq Cəmiyyət İnstitutu və onun törəməsi olan TESEV-ə illik 2 milyon dollar maliyyə ayırır və bu təşkilat artıq bir fəlsəfənin adıdır.

TESEV də bu fəlsəfənin Türkiyədəki təmsilçisidir. O fəlsəfənin yayılması üçün seminarlar, kurslar təşkil olunur, kitablar nəşr edilir, ideyalar ortaya atılır.

Himayəsi ilə nəşr etdirdiyi üç qəpiklik kitablarla nə olacağını düşünənlər yanılır. Məsələ Türkiyədə hətta anti-imperialist mübarizəsindən dolayı həbsxanaya girmiş tanınmış jurnalist olan Ruşen Çakar belə, dərc olunan bir kitabının xatirinə SOROS-u müdafiə etmək məcburiyyətində qalıb.

Əslində Türkiyə ictimaiyyətinin buna qarşı sərt təpgiləri heç də səbəbsiz deyildi. Çünki SOROS-un ayaq basdığı yerdə sonradan nəinki ot, heç qanqalda bitmir. Qırğızıstan, Gürcüstan, Ukraynadakı narıncı inqilablarda SOROS-un böyük "zəhməti" olub. Maliyyə nəhəngi Corc Soros sanki zurna, balaban çala-çala o ölkələrə daxil olub və iqtidarları devirib.

Gələcəkdən xəbər verən "kahinlər"

2011-ci il mart ayında pul sehrbazı kimi tanınan, narıncı inqilabların memarı Corc Soros BBC-yə müsahibəsində bunları söyləyib: "Bu gün Orta Şərqdə yaşadıqlarımız daha əvvəl 1989-1991-ci illərdə keçmiş sovetlərdə yaşandı ki, mən də bu hadisələrlə bilavasitə əlaqəli idim. Qəddafi Liviyanın sərvətlərini, ölkənin qazandığı böyük zənginliyi yalnız özü mənimsəyir. Liviya xalqı buna görə ona qarşı qiyam qaldırmaq məcburiyyətindədir. Bundan başqa İrandakı rejim də təzyiqlərə davam gətirə bilməyəcək. Amma İran rəhbərliyi mübarizə aparmaqda israrlı olacaq".

Bir kahin kimi gələcəkdə baş verənləri əvvəlcədən təxmin edə bilən "sehrbazlar" demokratiya və azadlıq meymuncuğu ilə cəmiyyətlərin bütün düzənini alt-üst edir. Məqsədindən uzaqlaşmış, daxilən boş və müxalifət gücü olmayan vətəndaş cəmiyyətləri və dərnəkləri öz ətrafına toplayır, buna etiraz edənlərə isə qulp qoşurlar. Sovetlərdə Stalinə, ərəb baharında isə Bəəs diktatoruna bənzədilir.

Layihələrin əsl məqsədi

Bu gün dünyanın bir çox yerində, insan haqları, qadın və uşaq hüquqları, dini azadlıqlar, mədəniyyət araşdırmaları, sosial yardımlar, sağlamlıq layihələri adı altında minlərlə dərnək, qurumlar, vətəndaş cəmiyyəti institutları, beyin mərkəzləri, təəssüf ki, xaricdən aldıqları pullarla həmin ölkələrin mənfəətlərinə xidmət etməkdədirlər.

Mətbuat vasitəsilə xalqın istiqamətləndirilməsindən tutmuş, hökumətlərə edilən təzyiqlərlə qanuna, güc strukturlarına və məhkəmə, ədliyyə orqanlarına qədər dövlətlərin daxili işlərinə müdaxilə etmək fürsəti tapan bu qurumlar, demokratiya ifadələri adı altında həm demokratiyanın inkişafına mane olur, həm də insan haqlarını heçə sayırlar.

Ardı var...

Bütün xəbərlər Facebook səhifəmizdə