Mərhum şairimiz Qabil bir şeirində Əkrəm Əylislini "müzir ünsür" adlandırmışdı. Əslində yalnız Qabilin deyil, Yazıçılar Birliyindəki ədəbi elitanın Əkrəmə münasibətinin ifadəsi olan həmin şeirin yazılmasının üstündən düz 21 il ötür. İllərdir ki, YB Əkrəmin "müzir" olduğunu sübuta çalışır, Əkrəmsə əvvəl Mövlud Süleymanlı və Ramiz Rövşəni, indi isə Aqşin Yenisey və Günel Mövludu gah yanına, gah qarşına alaraq davasının şəxsi deyil, ədəbiyyat naminə olduğunu iddia edirdi. İndi köhnə mehriban düşmənlərinin əlinə onun müzirliyininin sübut edilməsi üçün əla fürsət düşüb. Bu fürsətdən kəmfürsətcəsinə istifadə edilməsə...

Moskvada Əkrəm Əylislinin "Daş yuxular" romanının çap edilməsi neçə gündür ki medianın gündəmini zəbt edib. Teleşoular, publik müzakirələr ara vermir. Təəssüf ki, yazıçının ifrat nihilist mövqeyinin əleyhinə olanlar da, lehinə olanlar da müzakirələrdə bütün xətləri, cizgiləri vurub keçir, qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar. Nə baş verib?

Əkrəmə qədər də Azərbaycan mədəniyyətində "Daş yuxular"a bənzər nümunələr olub: Afanasi Mamedovun "Frau Şram"ı, Rüstəm İbrahimbəyovun "Əlvida, cənub şəhəri!", Əli Əkbərin "Artur və Zaur"u kimi. Kimsə "təsadüfən" balabançı Civan Qasparyanla bir səhnə paylaşırdı, kimsə Cənubi Qafqaz ədəbiyyatı ilə bağlı birgə layihələrdə iştirak edirdi, kimsə aldığı qrant müqabilində Bakıda erməni nağılları çap edirdi. Siyasətçilərimiz və jurnalistlərimizlə bağlı vəziyyət daha mürəkkəbdir. Ta 1980-ci illərin sonlarından üzü bəri ermənilərlə birgə həyata keçirilmiş layihələr saya-hesaba gəlməz.

Bəs niyə Ə. Əylislinin romanı daha çox səs-küy saldı. Əvvələn ona görə ki, Ə. Əylisli müharibə aparan ölkənin vətəndaşının gözləməli olduğu baryerləri çox aşıb, romanda etnik özünə nifrət ifrat həddədir. Həm də azərbaycandilli yazıçılarımızın belə mövqe sərgilənməsinə adət etməmişik. Adətən nihilist-kosmopolit mövqe rusdilli yazıçılarımızda müşahidə edilərdi. Və uzun illər Əkrəmin məhz belələrinə qarşı cəbhədə olduğu haqda təsəvvürlər var idi. Üstəlik, Əkrəmin romanı Azərbaycanda deyil, Moskvada çap olunub.

Gələk müdafiəçilərin arqumentlərinə. G. Mövlud Əkrəmsiz də həmişə bizim müharibə aparmağa hazır olmadığımızı iddia edir, xristian mədəniyyətinə simpatiyasını gizlətmir. O və bənzərləri haqlıdırmı? Doğrudanmı, bizdə naqisliklər müharibə keçmiş başqa xalqlardan daha çoxdur və bu naqisliklər savaşın birinci fazasından məğlub kimi ayrılmağımıza səbəb olub?

Gi de Mopassanın "Goppuş"unu təkrar oxuyun. XVIII-XX əsrlərdə dünyanı ,XXI əsrdə Afrikanı yaxıb qarsıyan fransızların pruss ordusu qarşısında necə rəzilləşdiyinin bundan daha yaxşı təsvirini təsəvvür etmək çətindir.

1980 –ci ilərin sonunda rus mətbuatı Aleksandr Fadeyevin "Gənc qvardiya" romanı və onun prototipləri barədə maraqlı faktlar açıqladı. Demə, əsər əvvəlcə başqa ad altında , başqa müəllif tərəfindən yazılıbmış. Fadeyev isə əsəri dəfələrlə dəyişib, onun ədəbi versiyalarından üçü rəsmən nəşr edilib. Sovet təbliğatı yalnız 1951-ci ildə çap olunmuş sonuncu versiyanı qəbul edib. Belə həssaslıq səbəbsiz də deyildi. Təsəvvür edin ki, 5 il müharibə gedir, amma sovetlər ölkəsinin qurucusu sayılan "şanlı" leninçi komsomolun almanlara qarşı aktiv müqavimətdə iştirakına dair bir ciddi , üzağardıcı fakt tapıb ortaya çıxarmaq olmur. Nəhayət, Ukraynanın Krasnodon şəhərində yeniyetmə və gənclərdən ibarət bir dəstənin(oğru dəstəsinin!) həm almanları, həm də yerli sakinləri qarət etməsi barədə məlumat yayılır. Təbii ki, şəhərin yeni hakimləri-almanlar daha zəngin olduğundan qarət aktları daha çox onlara qarşı yönəlmişdi. Növbəti qarətçi basqınlardan birində- yeni il hədiyyələri daşıyan alman maşın karvanı yağmalanarkən dəstə üzvləri pusquya düşüb ələ keçirilirlər . Bu qarətçilik cəzasız qalmamış, qarətçi dəstənin üzvləri müharibə qanunlarının bütün sərtliyi ilə cəzalandırılmış- ölümə məhkum edilmişdilər.

Və sovet təbliğatı bu hadisədən əsl qəhrəmanlıq epopeyası düzəltdi.

Moskvadakı "Vaqnus" nəşriyyatı və "Vlast" həftəliyinin II Dünya savaşına dair gün üzünə çıxardıqları başqa maraqlı faktlar da var. Alman işğalı altındakı ərazilərdə nəinki ciddi müqavimət göstərilmir, hətta sosialist yarışlarına uyğun nasional- sosialist yarışları, futbol matçları keçirilir, rus polisay və burqomistrlər III Reyxə sədaqət andı içir, bütöv şəhər və qəsəbələr faşist qoşunlarını duz-çörəklə qarşılayırmış. Yenə də arayıb-axtarıb təbliğat kampaniyası üçün bir material tapdılar. Amma rusların arasında yox, bu dəfə də ukraynalıların arasında.

Kiyevin "Dinamo" komandasının almanlarla məşhur matçı yada düşdü. Filmlər çəkildi, alman vəhşiliyi "ifşa olundu". Və 90-cı illərdə bəlli oldu ki, demə, "dinamo"çular filmlərdə iddia edildiyi kimi, matç zamanı qətlə yetirilməyibmiş, əksinə müharibədən sonra da uzun illər öz ömürlərini sürürmüşlər.

Demək, müharibənin verə biləcəyi iki mövzu var: naqislikləri də, qəhrəmanlıqları da mövzu kimi işləyə bilərsən. İçində öz millətinə qarşı azacıq sevgisi olan şəxs naqislikləri deyil, pozitivləri də görə bilir. Sədi Şirazi deyərdi ki, məni görmək üçün yaxşı görən-nikbin gözlə baxmaq lazımdır.

Müdafiəçilərin başqa bir arqumenti: müharibə bitəcək və xalqlar istər –istəməz yenə də bir yerdə yaşamalı olacaqlar. Deməli, onları bu sülhə hazırlamaq lazımdır.

Unutmayın, hələ savaş bitməyib. Nə ermənilərə, nə də azərbaycanlılara bu gün gərək olmayan missiyalara da çiyin verməyə lüzum yoxdur. Bu mövqe indi daha çox pasifist təşəbbüsləri dəstəkləyən ölkələrə lazımdır. O ölkələrə ki, "Artur və Zaur" müəllifinə Avropanın istənilən ölkəsində yaşamaq üçün seçim imkanı tanımışdı. Deyəsən, dünən Əkrəmin həyat yoldaşı da mühacirət anonsu verdi ,axı. "Artur və Zaur" müəllifinin seks qalmaqallı videolar üzə çıxdıqdan sonra mühacirəti heç bir ictimai təlatüm yaratmadı, əksinə elə müxalif media da bu səfərin müəmmalı olduğunu yazdı. Amma Əkrəm başqa məsələ. Bu mühacirət baş verəcəyi təqdirdə Azərbaycanda media və düşüncə azadlığının məhdudlaşdırılması haqda iddialara əla dəstavüz olacaq.

Üçüncü arqument: müharibədə hər iki tərəfdən qırğınlar var və kimsə bunu etiraf etməlidir. İş ondadır ki, "Daş yuxular"da yalnız bir tərəfin "əzabkeşliyi"ndən," haqlı mövqeyi"ndən bəhs edilir. İşğala, soyqırıma məruz qalmış tərəfin-azərbaycanlıların mövqeyi tam diqqətdən kənardadır.

Dünya mədəniyyətində müharibəyə qarşı tərəfin mövqeyindən yanaşmaq nümunələri də var. Məsələn, Klin İstvudun 2006-cı ildə ekranlara çıxmış "İvodzimadan məktubları" filmi II Dünya müharibəsinə yaponların yanaşmasını, "Atalarımızın bayraqları" filmi isə amerikan tərəfinin yanaşmasını əks etdirməyə cəhd idi. İstvudun bu cəhdinə qədər Hollivud filmlərində yaponlar əsasən yakudza(mafioz), ninza, yaxşı halda samuray kimi təqdim olunurdu; amerikanlarsa yapon filmlərində dəniz bədheybəti –qodzilla kimi.

İndi II Dünya savaşının birməsindən 60 ildən çox vaxt ötüb, Yaponiya və ABŞ onilliklərə dayanan strateji əlaqələrə malikdir, ABŞ rəsmiləri Xirosima və Nkasaki faciələrinə, Amerikadakı yaponların 1940-45-ci illərdə təqib olunmasına görə dəfə-dəfə üzr istəyiblər. Həm də film müəllifi qalib tərəfin nümayəndəsidir-amerikandır. Hələ ki yaponların o illər barədə amerikan mövqeyini əks etdirən ciddi bir mədəniyyət nümunəsi yaratması mənə bəlli deyil. Məğlub tərəfin pasifisti ən yaxşı halda əfqan Xalid Hüseynə bənzəyir.

Gələk, əleyhdarların çıxışlarındakı kəmfürsətçilik məqamlarına. Təəssüf ki, məsələni regional qarşıdurma kimi təqdim etmək cəhdləri də var. Məsələn, teleşoularda iki partiya sədrinin-AVP sədri Fəzail Ağamalı və BQP sədri Fazil Qəzənfəroğlunun səsləndirdikləri fikirlər bu rakursdan təqdim edildi.

Gülməlidir, hər ikisinin əsli Qarakilsə mahalının (istər 1525, istərsə də 1725-ci il Osmanlı vergi dəftərlərində bu mahal "Livayi-Naxçıvan" və ya "Naxçıvan sancağı" adlandırılan ərazi vahidinə daxil idi. Sirr deyil ki, Zəngəzur, Vedibasar, Dərələyəz və Naxçıvanın etnolinqvistik xüsusiyyətləri, məişət-mətbəx mədəniyyətləri eynidir) Qızılşəfəq kəndindən olan , hətta bir-birinə qan qohumluqları çatan iki nəfərdən birinin: Fəzail bəyin mövqeyi ermənistanlıların, ikincisinin :Fazil bəyin mövqeyi isə naxçıvanlıların mövqeyi kimi təqdim edilir. Yazıçılar Birliyinin mətbuat katibi, dostumuz Ədalət Əsgəroğlu bir az da irəli gedir: F. Qəzənfəroğlu Əkrəmin eloğlusudur , odur ki, onu müdafiə etməyə çalışır.

Eləyə qalanda şair, diaspor fəalı Mirkazım Seyidov da Əkrəmin eloğlusudur, amma həmişə Ədalətin dostu sayılıb. Münasibətlər dostluğun o qədər ötəsindədir ki, öz poemalarında dilimizin yalnız dadlı Göyçay ləhcəsinə aid sözlərdən istifadə edir, yəqin ki, bu, Ədalət bəyə sonsuz sayğısından irəli gəlir.

Naxçıvan şəhəri ətrafındakı yaşayış məntəqələrinin birində doğulub böyümüşəm, Ordubadın Üstüpü kəndi və indi Zəngəzurun Ermənistan hissəsində qalmış Ərəfsə kəndinin sakinləri ilə qan qohumluqlarım var. Eloğlum sayılacaq üç şəxsdən heç birinin: nə Fazilin, nə Fəzailin, nə də Əkrəmin ictimai, dini, ədəbi baxışlarını haçansa bölüşməyim yadıma gəlmir və indi də bölüşmürəm.

Fazil Qəzənfəroğlunun fəaliyyətini izləyəli onu ifrat praqmatik şəxs kimi bilmişəm. Bu şəxs Türkiyədən qayıtdıqdan sonra yalnız özünə bəlli motivlərlə dini etiqadımızı təftiş də edə bilirdi, 2008-ci ildə cənub zonasının dindarlarından səs almaq naminə İrandakı indiki şiə teokratik rejiminin qurucusu Ruhulla Xomeynidən sitat da gətirirdi. 2000-ci ildə Əkrəmin BAB-ın bir toplantısında çıxışına cavab olaraq(daha doğrusu, sədri Əbülfəz Elçibəyin mövqeyini müdafiə naminə) onu ermənilərə bağışlamağı təklif də edib, həmin çıxışın bədiiləşmiş ifadəsi olan antimilli romanı 2013-cü ildə müdafiəyə də qalxa bilir.

Əsas məsələ "like" almaqdır, Türkiyədəki dostlardan, keçmiş sədrdən, seçicilərdən, cənublu dindarlardan, Əkrəmin "Facebook"dakı müdafiəçilərindən...

..Tükiyənin istiqlal savaşı illərində, Mustafa Kamal Atatürk, Kazim Qarabəkir də vardı, London meri Boris Consonun ulu babası, Atatürkün həbsinə qərar çıxarmış daxiliyyə naziri Ali Kəmal da.

Yaponların amerikan işğalına etiraz olaraq özünə qəsd edən Yukio Misima kimi yazıçısı da var, amerikansayağı nəsr əsərləri yazmağı ilə fəxr edən Murakami Xarukisi də.

..Bəli, Qarabağ savaşının Yaponçiki , Giləbirdli Vaqifi də var, Mübariz İbrahimovu da. Bu müharibənin təsiri ilə yazılmış "Axirət sevdası"(Sabir Əhmədli), "Dolu"(Aqil Abbas) kimi romanlar, "Fəryad" (Ceyhun Mirzəyev) kimi film də var; "Daş yuxular"(Əkrəm Əylisli) romanı və "Əlvida, cənub şəhəri" (Oleq Səfərəliyev, Rüstəm İbrahimbəyov) filmi də. Elə dünya tarixində, mədəniyyətində, ədəbiyyatında olduğu kimi.

Mühüm olan bunlardan hansılarını gələcək nəslə ötürmək, gələcəyə hansı yaddaşla getməyə qərar verməkdir. Seçim bizimdir. Çox istərdim ki, seçimimizi nə bu günün ura-patriotik kampaniyası, nə dünənimizin ifrat kosmopolitizmi, nə də sabahın nihilizm səviyyəli pasifizmi müəyyən etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə