Qızılbaşlar Güntay Gəncalpın qələmində necə görünürlər?

...Yanılmıramsa 1986, ya 1987-ci il idi. Mərhum yazıçı İsmayıl Şıxlının tələbələrlə görüşü keçirilirdi. AzTV-dən videoyazısını izlədiyim görüş əsnasında iştirakçılardan biri görkəmli yazıçıdan dəbə qoşulub Şah İsmayıl Səfəvi barədə roman yazmaq istəyib-istəmədiyini sual etmişdi. Ustad yazıçımız cavabında Şah İsmayılın böyük tarixi şəxsiyyət olduğunu, amma özünün dəbə uyub roman yazmaq istəmədiyini demişdi. 80-ci illərdə isə, doğrudan da, belə bir dəb var idi. Əzizə Cəfərzadənin, Fərman Kərimzadənin, Əlisa Nicatın qızılbaş keçmişimizlə bağlı romanları indiki türk tarixi seriallarından daha populyar idi. Yəqin, 80-ci illərin sonları "Qızılbaş" adlı qəzetin təsis edilməsində Səfəvi dövrünə belə tarixi marağın artması da rol oynamışdı. Sonradan onun qurucuları AXC-Müsavat hakimiyyəti dövrünün ilk siyasi mühacirləri sırasında ölkəni tərk etdilər. İndi də bu dövrə maraq artıb. Amma bu, Qızılbaş dövrünə sadəcə maraq deyil, onu təftiş etmək, milli kodumuzu dəyişmək cəhdidir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ay ərzində müzakirəsi davam edən "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsində haqlı olaraq qeyd edir ki, "son vaxtlar ... əsərlərdə tariximizin ayrı-ayrı aspektləri barədəki mülahizə və nəticələr olduqca birtərəflidir. Özü də bütün bunlar guya xoş niyyətlə, "milli kodumuzu" dəyişməyin zəruri olması kimi qələmə verilir".

...İllərdən 1997-ci il idi. Parlamentdə ölkənin yeni hərbi medallarının təsis edilməsi məsələsi müzakirə olunurdu. İş Şah İsmayıl Səfəvinin adıyla bağlı məsələyə gəlib çıxanda mərhum millət vəkillərindən Məzdək Hüseynov söz alıb çıxış etdi. Çıxışın məzmunu təxminən sabiq elçibəyçi, yeni osmançı deputat Fazil Mustafanın yazılarının mahiyyətində idi: Şah İsmayıl məzhəb təəssübkeşindən özgə biri deyilmiş; türk dünyasının birliyini parçalayıbmış və s. və i. Bu tezislər sizə tanış olduğundan təkrarlamağa hacət bilmirəm. Gözləmədiyimiz halda sabiq deputatlardan Rza İbadov söz alıb bu tezislərin çürüklüyünü isbatlayan qısa, amma çox məzmunlu bir çıxış elədi. Digər parlament jurnalistləri kimi mən də onun yekəxana ədalarından xoşlanmırdım, vur-tut 1-2 yaş fərqimiz olan cavan və iddialı birisindən niyə də xoşlanaydıq ki. Digər həmkarlarımız kimi mənim də rəğbətim ünsiyyətcil, yanımcıl, qılıqcıl (indi olmasın deyərlər - C. H) Məzdək müəlliməydi. Amma redaksiyaya qayıdıb məhz R.İbadovun mövqeyini müdafiə edən yazı yazmışdım, həm də zooloji türkçülərdən olan redaktorumuzun ciddi müqavimətinə rəğmən.

...İllərdən 2002-ci il idi - "Paritet"də ilk editoriallarımdan birini həmkarımız Çingiz Ənvəroğluna cavab olaraq qələmə almışdım. 15-20 il əvvələ kimi İrəvan, Naxçıvan, Zəngəzur, Gəncə, Qarabağ əhalisinin özünə "əcəm" və ya "qızılbaş" dediyini xatırlatmışdım. Heç gözləmədiyimiz halda bir xeyli etiraz məktubu almışdıq. Əsasən Şimal zonasından. Ağ dərili adamların ABŞ-a ayaq açmasından əvvəlki dövrə aid ədavətlər xatırlanırdı. Amma əslində səhv eləmişdim. Bu yaxınlarda tarixçi alim Cəmil Həsənlinin "Amerikanın səsi"nə verdiyi müsahibəsində deyilir ki, cənub bölgələrimizin türk (Azərbaycan) dilli əhalisi hələ də yaşatdıqları folklor nümunələrində özlərini "Səfəvi" adlandırır. Az qala hamının bildiyi, amma üzərindən sükutla adladığı bir faktı da xatırladım. 1946-cı ildə Cənubi Azərbaycanda qurulmuş Pişəvəri ordusunun hərbi hissələri də Qızılbaş ordusu adlandırılırdı. Bu yaxınlarda Qadın Jurnalistər Birliyinin sədri Pakistan səfiri İnayət Kakarla müsahibəyə suallar tərtib etmək üçün yardım istədi. Ağa Məhəmməd Yəhya Xan haqda sual salmışdım. Məni dəhşətə salan o idi ki, Pakistanın üçüncü prezidenti olmuş, ölkəsinin nüvə dövlətinə çevrilməsi barədə siyasi iradə ortaya qoymuş bu şəxsin azərbaycanlı olmasından bizim jurnalistlər məlumatsız idilər. Həm də Yəhya xan Əfqanıstan, Pakistan və Hindistanda yaşayan və özünü hələ də "qızılbaş" adlandıran çox milyonlu icmanın nümayəndəsidir. Hətta Əfqanıstanın dövlət himnində belə ölkənin əsas etnik qruplarından biri kimi bu icmanın da adı çəklir. Yəni siyasi, mədəni, tarixi kimlik kimi "qızılbaş", "əcəm" və ya Səfəvi adları bütün azərbaycanlılar arasında yayğındır (Əcəm etnoniminin 16-cı əsrə qədər başqa mənada işlədildiyini bilirəm. Bilirəm ki, etimoloji izahı da başqadır. Mən uzun müzakirələr açmadan onun, sadəcə, 16-cı əsrdən sonra qızılbaş sözünün sinonimi kimi çıxış etməsini xatrıladıram-C. H).

2011-ci il mayın 5-də "Paritet"də "Adımız, dilimiz, iyirminci ilimiz" adlı yazımda "qızılbaş" və "əcəm" sözlərinin etnonim və dilimizin adı kimi işlənməsini yada salmışdım. Bunu təsdiqləyən yüzlərcə folklor nümunəsi, ədəbi və tarixi mənbələr var. "Koroğlu"nun müxtəlif versiyaları, Türkmənistan şairi Məxtimqulunun yaradıcılığı, Əzizə Cəfərzadənin qadın şairlərimizlə bağlı dərc etdiyi toplu, Anarın "1500 ilin Oğuz şeiri" təzkirəsində Cavadxanın ölümünə həsr olunmuş mərsiyələr, Avropada yaşayan alim Turxan Gəncəyinin hələ 50-ci illərdə apardığı tədqiqatlar və s. bu sıradadır. Əziz Mirəhmədovun müəllifliyi ilə 1982-ci ildə çap olunmuş "Klassik ədəbiyyatımızda işlənmiş terminlər" lüğətində göstərildiyinə görə müasir tarixşünaslıqda Rusiya-İran müharibələri kimi keçən savaşlar belə klassik mətnlərimizdə "Qızılbaş müharibələri" adlanırmış. Yəni, 19-cu əsr azərisi indiki qərbqibləli, rusbaşlı xələflərindən fərqli olaraq o mənhus cəngləri iki yad qüvvənin ixtilafı kimi deyil, bir yad qüvvəylə - erməni-gürcü zabiti qaynaşan rus ordusu ilə - özünün savaşı kimi qəbul edirdi. Məğlub olduqdan sonra xanlar, yerli əsilzadələr bəzən bütöv bir eli də başına alıb öz vətənləri bildikləri Arazın o tayına adlamışdılar. Əslində Əcəm elinin - Qızılbaş dövlətinin farslaşmasının gerçək tarixi 19-cu əsrin 30-cu illərindən sonra vüsət aldı, hərçənd Qəsri-Şirin müqavilələri ilə bu prosesin əsası qoyulmuşdu. Çünki Qəsri-Şirin müqavilələri türk-Azərbaycan dilli torpaqların mühüm bir hissəsini - Diyarbəkri, Qarsı, Trabzonu, Axıskanı, Hələb ətrafını, Şimali İraqı itirməyə səbəb olmuşdusa, Gülüstan və Türkmənçay müqavilələri Cənubi Qafqazın itirilməsi ilə bitmişdi. Beləcə, dövlət öz dövlətqurucu etnosunun mühüm bir hissəsini itirmiş, dominant etnos ən yaxşı halda bərabər hüquqlu tərəfə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən etibarən isə azlığa çevrilmişdi. Bu yaxınlarda bir iranlı siyasi maraqlı rəqəm açıqladı: 19-cu əsrin sonundan 1920-ci illərə kimi xarici hərbi müdaxilələr üzündən İran, əhalisinin 6 milyona yaxınını itiribmiş - bu itki daha çox Şimali İrana-Cənubi Azərbaycana, yəni azəridilli əhaliyə aiddir.

Təəssüf ki, bizdə hələ də Qızılbaş dövlətinin Şah Abbasdan sonra farslaşdığı iddia edilir, xalqın yaddaşında indi də "cənnətməkan" epiteti ilə yaşayan bu böyük dövlət xadimimizin üzərinə kölgə salınır. Halbuki Güntay Gəncalpın yazılarında istinad etdiyi Mirzə Fətəli Axundzadə "Məktubat"ında Şərq protokol üslubunun geridə qalmasına bir nümunə kimi Şah Abbasın türkcə (azərbaycanca) verdiyi diplomatik məktubu xatırladır. Yəqin, dəyərli soydaşımıza "Əmsali-türkanə"nin necə tərtib olunduğunu xatırlatmağa da lüzum yoxdur. Güntay anti Şah İsmayıl kitabını yazarkən siqh mənbələrinə istinad etdiyini, o mənbələrlə tanış olmayanların səfəvişünas ola bilməcəyini iddia edir. Deyəsən, "siqh" etnoniminin azəri oxucusuna çox da tanış olmaması tarixçi alimi ruhlandırır: baxın, sizə qarşı daşdan keçən dəlillərim var demək istəyir. İş ondadır ki, siqh dili deyilən dil yoxdur.

Siqhizm - səfəviyyənin meydana gəlişindən çox-cox sonralar, XVI–XVII əsrlərdə Baburilər dövründə indi Pakistan və Hindistan arasında bölünmüş Pəncab vilayətində sinkretik-həm İslam, həm də hindus dinlərindən müəyyən elementlə əxz etməklə Quru Nanak tərəfindən yaradılmış bir dini təlimin adıdır. İndi bölünən yalnız Pəncab vilayəti deyil, pəncablılar özləri də bölünüb. Böyük əksəriyyəti müsəlman olan pəncablılar Pakistanın ən çoxsaylı etnik icmasıdır, Hindistanda qalanların bir hissəsi müsəlman, bir hissəsi hindus, bir hissəsi - 20 milyona yaxını isə siqhdir. Sonuncular Hindistandan ayrılıb müstəqil Xaylistan dövləti qurmaq üçün uzun illərdir səngiməyən silahlı mübarizə aparırlar. Təkcə 80-ci illərdə Hindistanın baş naziri Raciv Qandinin bu icma tərəfindən qətl edildiyini xatırlatmaq yetər. Qapalı etnokonfessianal icma doğma pəncabi dilinin etnolektindən (dini, etnik və ya sosial qrupun istifadə etdiyi məxsusi dialekt-C. H) və "Qurkmuxi" adlanan xüsusi əlifbadan istifadə edir. Bu etnolektdə yazılmış mənbələr Şah İsmayıldan çox-çox sonralar qələmə alınıb (o mənbələrin qızılbaşlara hər hansı dəxli varsa). Bu icma səfəviyyədən təxminən 3 əsr sonra yaranıb. Ən azı buna görə siqh mənbələri Qızılbaşlar barədə səhih informasiya təqdim edə bilməz. Üstəlik, əgər mənbə varsa və hətta Güntay bəy cənabları Hindistan yarımadasındakı etnolektlər və cürbəcür əlifbalar üzrə mütəxəssismişsə, yenə də o mənbələrin oxunması şübhəli olardı. Ömrünün 10-15 ilini Yaxın Şərqdəki etnokonfessional icmaların öyrənilməsinə həsr eləmiş bir şərqsünas həmkarım druzi icmasına aid mənbələrin öyrənilməsinin çətinliyindən bəhs etmişdi. Çünki mənbələr ərəbcə, amma etnolektdə yazılıb. Burada hər tanış söz fərqli, sakral məna daşıya bilər. Deyək ki, idişcə yazılan mətndən mənbə kimi istifadə etmək üçün sadəcə alman dilini və ibrani əlifbasını bilmək yetmir. Bunun üçün az qala məhz alman yəhudisi olmaq, mətnin qələmə alındığı dövrü gözəl bilmək, ən əsası qərəzsiz olmaq lazımdır. Bu tələblərə cavab verən mənbəşünas 200 milyondan çox daşıyıcısı olan dildə-ərəbcə danışan druzilər, 100 milyondan çox daşıyıcısı olan dildə - almanca danışan aşkenazilər (idişdillilər) üçün tapılmırsa, təsəvvür edin ki, qapalı siqh icmasına aid mətnlərlə bağlı vəziyyət nə yerdədir.

Güntayın Şah İsmayılın etnik mənşəyini şübhə altına almaq üçün istifadə etdiyi digər "dəlil" də gülüncdür. Tarixçi sual edir ki, o türkdürsə, niyə İsmayıl şah yox, Şah İsmayıl adlandırılır. Çox bəsit arqumentdir. Buyurun, tərtəmiz türk, həm də oğuz olan Xarəzmşahların titullarına baxın, bəyəm onların adlarında söz sırası fərqlidirmi? Arqumentiniz ciddidirsə, niyə tez-tez istinad etdiyiniz "Kitabi-Dədə Qorqud"da qəhrəmanlar Qazan bəylərbəyi yox, Bəylərbəyi Qazan; Bayındır Xanlarxanı yox, Xanlarxanı Bayındır kimi gedir. Bəs niyə Teymur Əmir yox, Əmir Teymur deyirik? Bəs niyə Səlim Sultan yox, Sultan Səlim deyirik? Sadə bir səbəb var: bu titullar təyinedici kimi işlənir, türk izafəti isə təyinedicinin təyin olunandan əvvəl gəlməsini tələb edir. Nəhayət, mövzudan çox uzaqlaşmadan dil ittifaqı (Spachbund) deyilən anlayışla maraqlanmağınızı istərdim. Fərqli tipoloji ailələrə mənsub dillər belə dil ittifaqına daxil olursa (uzun müddət eyni və yaxın coğrafiyalarda mövcud olma sayəsində) bir-birinə aid sadəcə leksik ortaqlıq yaranmır, həm də qrammatik, fonetik oxşarlıqlar, söz sırasının dəyişməsi, emosional vurğuların eyniləşməsi və s. baş verir. Məsələn, Q.Vorşil adlı qafqazşünas alimimiz türk dilinin təsiri ilə udin, gürcü və erməni dillərinin belə dəyişikliyə məruz qaldığını yazırdı (yeri gəlmişkən, o özü də udin idi-C. H). İranşünaslar osetin dilində iltisaqiləşməni (aqlütinativləməni) belə təsirlə izah edirlər. Kappodikiya yunancasında Azərbaycan dilinin təsiri ilə belə qrammatik dəyişikliklər baş verib və s. Bütövlükdə fars dilinin, xüsusən giləki, tati kimi dialektlərin Azərbaycan dilindən və əksinə təsirlənmələri barədə isə sizə hər hansı bir məlumat verməyi artıq hesab edirəm. Siz, yəqin ki bu barədə məndən daha çox məlumatlısınız.

Gəncalp və həmfikirlərinə xatırladılası, deyiləsi sözlərin, faktların çoxunu akademik Ramiz Mehdiyev öz məqaləsində xatırladıb, məqalə ilə bağlı ictimai müzakirələrdə yada salınıb, tarixçi alim Dilavər Əzimli "Azadlıq" radiosunun efirindən səsləndirib, mütəəssib qələm əhlimizdən olan Firuz Haşımov cavablandırıb, bir zamanlar "Space" telekanalında açılmış polemikalarda bildirilib, mənim yada salmaq istədiyim başqa məqamlar var. İş ondadır ki, bu əks-arqumentləri elə Güntayın dilindən eşitmişəm.

...İlk dəfə onunla 90-cı illərin ortalarında Mətin Mirzənin müəllifi olduğu bir televerilişdə rastlaşmışdım. O, ayağa qalxıb Asif Əfəndiyev (adeptləri ona Asif Ata deyirlər-C. H. ) tezisləri üstündə məzmununu indi xatırlaya bilmədiyim qarışıq bir çıxış etmiş, heç bir cavab çıxış gözləmədən nimdaş yağmurluğuna bürünüb studiyadan çəkilib getmişdi. Verilişdə qonaq olan professor Rəhman Bədəlov bunu yeni gəncliyin (90-cı illər gəncliyinin-C. H) ümumu durumunu anladan hal olduğunu demişdi: ürəkləri bir-birilərinə daban-dabana zidd fikirlərlə dolu, emosional, özü deyib özü eşidən, başqalarını dinləyə bilməyən bir nəsil. Sonradan onun əfəndiyevçilərin çevrəsindəki cənublulardan biri olduğunu öyrənmişdim. Bildiyim qədərincə, Güntay adı da onun doğma adı deyil, əfəndiyevçi dövrünün məhsuludur (Yanılsam, təkziblə çıxış etməyə hazıram). Zira, Əfəndiyevin öz "mürid"lərinə yeni ad vermək şakəri var idi. Bu o zaman idi ki, A.Əfəndiyev milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyi "gəda" adlandırır, "müridlərinə" İslamı bir din kimi aradan qaldırmağı təlqin edirdi. Bir müddət sonra Güntayı indi Kanadada yaşayan diaspor fəalımız, ərdəbilli Aslan Xalidinin çevrəsində gördüm, sonra onunla Torontoda azərbaycanca jurnal çıxaran Saleh İldırımın Bakıdakı toy məclisində rastlaşdım. Elçibəyin nəşi Bakıya gətirilərkən hava limanında hönkürtü ilə ağlamağının şahidi oldum. Təəccüblənmişdim Əfəndiyev adepti olan birisinin Elçibəyə münasibətinə görə. Bu o demək idi ki, o, artıq əfəndiyevçi deyil. Sevinmişdim. Bu, bəlkə də sevincdən çox, əfəndiyevçilərin sırasının seyrəlməsinə bir müsəlmanın verə biləcəyi reaksiya idi.

Onunla sonuncu dəfə Böyük Rəsulvəndin qərargahında rastlaşmışdım. Söhbət tariximiz barədə idi. Osmanlı dövrünə, xüsusən Sultan Əbdülhəmidə xoş münasibətim olduğunu demişdim. Güntaysa indi polemikalarda ona xatırladılan faktları sadaladı, Qızılbaşların Osmanlılardan daha çox türk dövləti olduğunu sübut etməyə çaılşdı. Mən istər Qızılbaş, istərsə də Osmanlı dövrünün türk və İslam tarixində fəxrediləsi səhifələr olduğunu deyəndə isə, Güntay növbəti alovlu çıxışına başladı. Məzmunu buydu ki, Osmanlılar İslam tarixinin şanlı səhifəsi ola bilər, amma türk tarixinin yox. Onlar türklüyü yox ediblərmiş, İslam türkün dini deyilmiş və s. Yenə təəccübləndim, çünki nə vəfatına dəli hönkürtü ilə yas tutduğu Elçibəyin, nə də tez-tez ziyarət etdiyi Böyük Rəsulvəndin Osmanlı tarixinə və İslama münasibəti mənfi deyildi. Yeri gəlmişkən, onların Qızılbaş tarixinə də olduqca müsbət münasibətləri var idi.

Və budur, Güntay yenə alovlu çıxışlar edir, bu dəfə onu dinləyirlər, kifayət qədər ciddi səviyyələrdə ciddi-ciddi reaksiyalar verirlər. Amma adam məni təəccübləndirməyinə davam edir. İndi o, "Səfəviyyət əleyhinə" yazılarını "türklük və İslamiyyət prizmasından" yazdığını deyir. Dünənəcən Osmanılar barədə dediklərini indi Qızılbaşlara ünvanlayır. Allah allah, adam nə zamandan İslam təəssübkeşinə çevrilibmiş? Bir xəbər etsəydiniz!!

Cənublu dostum Vaqif maraqlı, ibrətamiz bir hadisə danışmışdı. 90-cı illərin əvvəllərində Bakıda Şah İsmayılın ədəbi yaradıcılığına həsr olunmuş bir tədbir keçirilirmiş. İlk sözü cənubluların nümayəndəsinə (gərək ki, Məhəmməd Ərğəvana) verirlər. O, özünü söhbətin kimdən getdiyini bilən kimi göstərib qayıdır ki, "siz İsmayıla çox bənd olmayın, onun dediklərinə də əslən inanmayın. Bəlkə gəlib burada başqa sözlər deyir, amma biz onu yəxçi tanurux, o hətmən səltənətçidir". Bilmirəm, bu hadisənin ironiyasını açmağa ehtiyac varmı: zavallı çıxışçı "Şah" sözünü eşidən kimi Rza şah Pəhləvi yadına düşür və elə güman eləyir ki, səltənətçi (monarxist) sandığı şəxs Pəhləvilərin tərəfdarı kimi Şimali Azərbaycanda təbliğat aparmağa gəlib. Təəssüf ki, cənublu qardaşlarımız bu illər ərzində xeyli tərəqqi etsələr də, bəzilərinin zehniyyəti o zavallı çıxışçının zehniyyətindən çox az fərqlənir. Qınamayaq-ilan vuran ala çatıdan qorxar. Bilmirəm, bu məsəl "Əmsali-türkanə"də yer alıbmı?

..."Yarımçıq əlyazma"nın müzakirələrindən birinə qatılmış dostum nəql eləyir ki, hər yerindən duran çıxışçı romanın misilsiz məziyyətlərindən bəhs edirmiş. Çıxışçılardan yalnız Əsəd Cahangir romanın dəyərini göstərməklə yanaşı, Şah İsmayılın aşağılanmasının, onun ədəbi yaradıcılığının şübhə altına salınmasının yanlışlıq olduğunu qeyd edib. Bu, bədii baxımdan məqbul sayılsa belə. Çox dəyərli müəllif, akademik Kamal Abdulla öz kübar, ziyalı əxlaqına sadiq qalaraq sonda çıxışçılardan yalnız Əsəd Cahangirə təşəkkür eləyib. Amma ədəbi ictimaiyyətdə "K.Abdullanın komandası" adlandırılan gənclərdən biri olan Aqşin Yeniseyin Əsəd Cahangirlə - tənqid səviyyəsini çoxdan ötmüş - polemikaları hələ də davam edir. Hərçənd, mən bu iki münasibət arasında heç bir rabitə görmürəm.

R.Mehdiyev məzkur məqaləsində vurğulayır ki, "Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar". Fikrimizcə, yalnız elm və ədəbiyyat adamları deyil, elə siyasət adamları da dövlətimizin baş ideoloqunun çağırışlarından öz nəsiblərini almalıdırlar. Yazını işlərkən elektron arxivimdə saxladığım və Türkiyənin çağdaş siyasi reallığını anlamağa kömək edən bəzi materialları təkrar gözdən keçirdim. Hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) bir çox keçmiş və indiki aparıcı simasının elmi işləri Osmanlının hüquq-idarəçilik sisteminə, diplomatiyasına, iqtisadiyyatına, hətta maarif siteminə həsr olunub. Partiyanın sədri, baş nazir Rəcəb Təyyib Ərdoğan Osmanlı tarixini yalnız hərəmxana həyatıymış kimi təsvir edən "Möhtəşəm yüz il" serialını( bir qərbli jurnalist bu serialı "Böyük şəhərdə seks-Osmanlı versiyası" adlandırır-C. H. ) ən sərt dillə tənqid etməkdən çəkinmir. Və ən son sosioloji sorğuların nəticələrini nəzərdən keçirirəm: AKP elektoral bazasını daha da genişləndirib, bu gün seçki olsa, Ərdoğan iqtidarı 51-52 faiz səslə qalib gələr. Demək artıqdır ki, demokratik bir ölkədə 10 il hakimiyyətdə olan qüvvənin seçkini udacağı bəri başdan bilinirsə, bu, böyük uğurdur. Millət də millətdir, siyasətçisi də siyasətçidir. Və millət öz tarixinə, əcdadına sahib çıxan siyasətçiyə sahib çıxır.

Bizim - jurnalistlərin də əda etməli olduğumuz vəfa borcumuz var - bu işi görmüş azsaylı alim və yazıçıları yada salmaq, hələ aramızda sağ olanların layiqli qiymət almasına nail olmaq. Odur ki, yazımı bitirərkən Qızılbaşları yenidən yaddaşlarımıza qaytarmış Oqtay Əfəndiyev, Əzizə Cəfərzadə və Fərman Kərimzadənin ruhlarını ehtiramla anır, Əlisa Nicata can sağlığı və heç olmasa, sinninin bu çağında öz qiymətini ala bilmək qisməti arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə