Dostumun yaxınlarından biri rəhmətə getmişdi. Mən də belə hallarda özümü əhli ümmət saydığımdan getdim başsağlığı verməyə. Dostum imkanlı adamdı. Əzizinin yasını yola vermək üçün kisəsinin ağzını açmışdı.Bahalı kondensionerli çadırlar da 20-30 xidmətçi ora-bura qaçır, gələnlərə xidmət edir, gedənlərin çirkli qablarını yığışdırır, masaların üstünü hər dəfə təmiz əski ilə silirdilər. Yuxarı başda özünü ağıllı hesab edən altı molla oturmuşdu. Adam əlindən isə tərpənmək olmurdu. Yan-yana qurulmuş iki çadırın ikisi də gələnlərlə dolu idi, hələ bayırda durub gözləyənlər də vardı ki, yer boşalsın keçib çörəklərini yeyib başsağlığı verəndən, sonra çoxdan görmədikləri, hətta tanımadıqları insanlarla mırt vursunlar.

Bayırda durub növbəmi gözləyəndən sonra boşalmış yerlərin birində əyləşdim. Gözlərimə inanmadım-masanın üstündə nələr yoxdu. Elə bil yasa yox, toya gəlmişdim, bircə o çatm.., ürəyimdə bir "əstəfurullah" dedim. Yuxarı başda oturan tanış mollalardan biri başı ilə mənə salam verib mikrofonda "Fatihə" qışqırdı.

Bir az keçmişdi ki, həmin tanış molla mənə göz-qaş elədi ki, bəs dur çıxaq bayıra. Anladım ki, bir müşgülü var, yoxsa kasıb Mirzə hara, imkanlı adamların yasına gedən molla hara?

Molla yanındakı həmkarının qulağına nə isə pıçıldayıb ayağa duranda mən də qalxdım. Yaxınlaşıb əlimi iki ovcunun içinə salıb "Necəsən, Mirzə" deyəndə özümdən xoflandım. Ürəyimdə "bundan çıxmayan iş" söyləsəm də ayaqlarını qaz kimi yerə basıb yeriyən mollanın arxasınca düşdüm. Xəlvət yerə çəkilib tənha qalan kimi dilinə güc verdi.

- Sən Allah bağışla, Mirzə, səni yerindən elədim, - əlindəki uzun təsbehi şaqqıldadıb çevirdi.

- Amma elə dərdə düşmüşəm ki, biz mollalar bunun sirrini aça bilmirik. - Başını o yana bu yana çevirdi, yaxınlıqda heç kimin olmadığına əminlikdən sonra dilləndi.

- Hətta aça bilsələr belə, Mirzə, başım dərddə-qalda olar.

Məni maraq bürüdü. Dedim danış görüm, nə məsələdir.

- Bilirsən, Mirzə, - boğazını artladı, - bir qəribə yuxu görmüşəm. Dedim sən qələm əhlisən, çoxlu kitab oxuyub elm öyrənmisən, bunun sirrini aça bilsən, sən açarsan.

- Buyur,- dedim, - danış yuxunu.

- Mirzə, yuxuda görürəm ki, 2030-cu ildir, mən də ölkənin Şeyxülislamıyam, - düzəliş verdi,-yox e, nəinki ölkənin, bütün Qafqazın, Moskvanın, Təbrizin. O qədər məşhuram ki, adım gələndə belə insanlar hörmətçün ayağa dururlar. O qədər zəngin, varlıyam ki, daha mala-mülkə nifrət edirəm. Görürəm ki, harda nüfuzum keçir, orda nəzir qutularını yığışdırmışam. Fətva vermişəm ki, nəzir qutuları bütpərəstliyin əlamətidir. Bütün məscidlərdə gündə üç dəfə havayı yemək verdirirəm. Məscidlərin yanında əlsiz-ayaqsızlar, yetimlər üçün qonaq evləri tikdirmişəm. Bütün mollalar ana dilində Quranı əzbər bilib mahiyyətini xalqa anladır, millətin, dövlətin bütövlüyündən danışırlar. Mollalarım o qədər çox oxuyublar ki, üzlərindən nur yağır. Prezident hara gedir, ölkənin ən nüfuzlu şəxsi kimi məni yanında aparır. Bilir ki, elə-belə fətva vermirəm. Verdimsə fətva geri oxunmur, həyata keçirilir. Hələ bu harasıdır, Mirzə? Görürəm ki, fətva vermişəm ki, Həccə öz pulu ilə heç kim getməyəcək. Gedən yalnız bizim idarənin parası ilə gedəcək. Mən də çalışıram ki, yalnız ürəyində Allah imanı olan, əsasən kasıblar getsin həccə. – Sözlərinə ara verdi, sonra yavaşca pıçıldadı. – Bütün bunları gördüyüm halda birdən qan-tər içində yuxudan ayıldım. Ətrafıma baxdım, heç kim yox idi. Yuxumu yada salıb ürəyimdə bir "Əstəfurullah" dedim. Bir neçə gün yasa getmədim, mollaların içinə çıxmadım ki, kimsə yuxumu gözümdən oxuyub lazımı yerə çatdıra bilər. Bax onda mənimçin qiyamət olar. Başıma elə oyun açarlar ki, dəymişim dura-dura kalım düşər. İndi mən neyləyim, ay Mirzə. Dərdim qarnımı deşir. İçim özümü yandıra-yandıra gedir. Bir məsləhət ver, ay Mirzə...

Bu zaman mən də yuxudan oyandım, amma qan-tər içində deyildim, Yuxunu yadıma salıb gülümsünərək düşündüm: "Qoy bu da olsun 2030-ci ilin "qiyaməti".

"Qiyamət günü" 21.12.12

Bütün xəbərlər Facebook səhifəmizdə