Humanitar intervensiya anlayışı son vaxtlar dünyada baş verən qlobal siyasi prosesləri izləyən hər kəsə yaxşı tanışdır. Əslində anlayışın birbaşa, dolayısılığa varılmayan, siyasi terminologiyadan uzaq adı təcavüzkarlıqdır. Təcavüzkarlığın mövcudluğu nəhəng güc mərkəzlərinə suveren dövlətlərin daxili işlərinə hərbi yolla qarışmaq imkanı verir ki, bu sayaq tədbirlər insan hüquqlarının müdafiəsi pərdəsi altında reallaşdırılır. Əlbəttə məsələ ziddiyyətli səslənir - insan hüquqları uğrunda müharibə və ya insan hüquqlarını qorumaq üçün hərbi yola əl atmaq potensial hüquqları qorunmalı olanların qanının tökülməsinə gətirir. Belədə ortaya kifayət qədər kəsə sual çıxır: humanitar intervensiyalar beynəlxalq hüququn şərtlərinin yerinə yetirilməsi metodudur, yoxsa bu, siyasi vəzifələrin genişləndirilməsi vasitəsidir?
Beynəlxalq hüququn mühüm şərtlərindən biri zor tətbiqindən kənar durmaqdır. Hər halda BMT-nin nizamnaməsində belə yazılıb. Sənəddə həmçinin ərazi bütövlüyü və suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi əksini tapıb. Hərbi müdaxiləyə gəldikdə, o, yalnız istisna hallarda BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə gerçəkləşə bilər.
Amma unutmaq olmaz ki, beynəlxalq hüquq özü ayrıca sistemdir. Onun bütün normaları qarşılıqlı əlaqədə işləyir və bir-birilərindən asılıdırlar. Buna görə də hər hansı qərar qəbul edərkən beynəlxalq hüququn yalnız ayrılıqda götürülmüş bəndini rəhbər tutmuq düzgün sayılmaz. Gərək, bütün bəndlər nəzərə alınsın.
Təbii, dediklərimiz hansısa hərbi blokun BMT TŞ-nin qətnaməsi olmadan haranısa bombalamasına aid deyil. Amma bundan bəhs etməliyik. Çünki dünyanın yaxın keçmişində belə hallara kifayət qədər çox rast gəlinib. Söhbət ötən əsrin 90-cı illərinin sonlarından başlayaraq keçmiş Yuqoslaviya ərazisində baş verənlərdən gedir. Yadınızdadırsa, həmin vaxt NATO qoşunları hər hansı səlahiyyət almadan suveren dövlət olan Yuqoslaviya Respublikasının ərazisində hərbi əməliyyatlara başladılar ki, hərəkətləri ilə beynəlxalq normaları ciddi şəkildə pozdular. Birincisi, heç kəs BMT TŞ-nin qətnaməsi olmadan suveren dövlətə hərbi güc tətbiq edə bilməzdi. Belə bir akt qurumun icazəsi olmadan gerçəkləşirsə, məsələ təcavüz müstəvisinə çıxır. Mövcud mənada misal kimi elə Kosova sindromunu vurğulamaq mümkündür.
İkincisi və ən qəribəsi o oldu ki, Kosovada yerləşdirilmiş NATO qüvvələri yerli əhalini qorumaq imkanında olmadılar (mı?). Ərazidə kütləvi etnik təmizləmə aparıldı. Ortaya yenə də sual çıxdı: buradakı insanların hüquqlarını kim qorumalı idi? Həmin vaxt NATO rəhbərliyi bəyanat verdi ki, qurumun bölgədəki əməliyyatı humanitar fəlakətdən qaçmaq məqsədi daşıyıb. Əslində isə humanitar fəlakət NATO-nun əraziyə gəlişindən sonra yaşandı - serb millətçiləri həm yerli alban, həm də elə serb əhalisinə qarşı da kütləvi zorakılığa başladılar. Burada insan hüquqlarından söhbət gedə bilərdimi?.. Vəziyyətin absurdluğu BMT-nin NATO-nu özbaşınalığa görə günahlandırmamasında, əksinə Şimali Atlantika Alyansının hərəkətinə haqq qazandıran qətnamə çıxarmasında idi. Məsələdəki siyasi məqamlar bir yana, amma mövcud fakt ondan xəbər verdi ki, beynəlxalq hüququn qorunmasına nəzarət edən institutlara güvənmək olmaz. Tarixin həmin dönəmində baş verənlər onu da göstərdi ki, beynəlxalq hüquq diqtə edilməsindən və icrasından asılı olaraq zəifdir, BMT isə dünyada sülhün mühafizəçisi qismində köməksizdir. ABŞ və onun müttəfiqlərinin o zamankı hegemonluğuna gəldikdə, bu, daha çox Rusiyanın özünü ətraf aləmdən təcrid siyasətinin nəticəsi sayıla bilərdi. Həmin siyasət davamlı oldu.
Bəli, Rusiyanın başının daxili işlərinə qarışdığı dönəmdə ABŞ özünün qlobal planlarının icrasına girişdi. Yuqoslaviyada Miloşeviç rejiminin devrilməsindən sonra Birləşmiş Ştatlar Əfqanıstana ayaq açdı. Bu zaman Vaşinqton "Əl Qaidə" lideri Bin Ladeninin "11 sentyabr" terrorunda guya əlinin olduğunu isbatlamış müəmmalı video-görüntüyə əsaslandı. Ardınca İraqda müharibəyə girişdi və Səddam Hüseyn rejiminin hansısa kütləvi qırğın silahı hazırladığı iddiasını rəhbər tutdu. Yekunda İraqda Amerikanın dediyi silahın mövcudsuzluğu aşkarlandı. İraq kampaniyası isə BMT-nin müvafiq sanksiyası olmadan reallaşmış hərbi aksiya kimi tarixə düşdü.
İdarə olunan xaos və insan haqları
Belə qənaətə gəlmək mümkündür ki, demokratiya, rejimlərin liberal hakimiyyətlərlə əvəzlənmələri uğrunda mübarizə apardığını deyən ABŞ əslində özünə sərfəli olmayan status-kvoları dəyişir və nəticədə idarə olunan xaos yaradır. Bu mənada "ərəb baharı" ssenarisini göstərmək mümkündür. Tunis və Misir öz yerində, Liviyada "demokratiya mücahidlərinin" köməyi ilə baş qaldırmış etiraz dalğası sonda çoxsaylı qanlı qarşıdurmalarla müşaiyət olunan vətəndaş müharibəsi səviyyəsinədək yüksəldi. Əlbəttə, dünya ictimaiyyəti insan hüquqlarının müdafiəsinə qalxdı. Bu dəfə hər şey qayda-qanunlar çərçivəsində baş verdi. Yəni, BMT-nin xətti ilə. Qurumun Təhlükəsizlik Şurası Liviyadakı üsyançılara təhlükə yarada biləcək bütün qüvvələrə havadan raket zərbəsi endirilməsinə dair qətnamə çıxardı. Sonrası məlumdur - Müəmmar Qəzzafi rejimi devrildi və Liviya nəhayət ki, həsrətində olduğu demokratiyasına qovuşdu. Hazırda ölkənin hər yerində cinayətkarlığın ən müxtəlif formaları baş alıb getməkdədir. Hakimiyyət kürsülərində dövlət işlərindən anlamayanlar oturublar. Əsas məqam ondadır ki, iqtidara yiyələnmiş üsyançılar bir zaman ölkəsində neft çıxarılması ilə məşğul olan kampaniyaların gəlir paylarını 10 faizədək azaltmaq kimi hədə-qorxular səsləndirmiş Qəzzafinin aqibətindən dərs götürüblər və başlarını aşağı salaraq qərbli dostlarının dedikləri ilə oturub-dururlar. Yeri gəlmişkən, Liviyaya belə demək mümkünsə, bomba yağışı yağan zaman bir dənə də olsun neft qurğusu zərər görməmişdi. Təbii ki, bu yerdə hansısa mənada məşhur lətifəni yada salmaq olar: Antarktidada neft tapılıb, suitilərin qanlı rejiminin sonu çatıb.
Amma indi Suriya məsələsində dirəniş göstərən Rusiya və Çinin vaxtilə Liviyada nəyə görə seyrçi mövqe tutduqları anlaşılmır. Təxminən onların loru desək, Qəzzafini atdıqları görünür. Kreml dairələrinin 1999-cu ildə özlərinə qardaş bildikləri Miloşeviçi pis vəziyyətdə qoymalarını haradasa anlamaq olardı. Rusiya qlobal dünya oyunları baxımından zəif idi. Bəs, nəyə görə Liviyada müqavimət göstərilmədi, məsələ maraq doğurmaqdadır. Əlbəttə, məlumdur ki, Rusiya, eləcə də Çin üçün Suriyanın itirilməsi Yaxın Şərqin tamamilə əldən çıxması deməkdir. Amma olmazdımı ki, mövcud dirəniş əvvəlki mərhələdə, yəni Liviyada göstəriləydi. Nəzərə alsaq ki, "ərəb baharı" adı altında gedən və demokratik olduğu deyilən mübarizə nəticə etibarilə insan hüquqlarının pozulmasını doğuran qanlı qarşıdurmalar fonunda anti-demokratizmə və xaosa gətirir, qlobal siyasətin digər qütbündə dayanmış Kreml və Pekin bunun qarşısını vaxtında ala bilməzdimi? Görünür, ikilinin də haqqında bəhs etdiyimiz bəşəri dəyərlərə münasibəti və həmin münasibətin şərtləndirdiyi hesabları fərqlidir... Hər iki dövlət BMT TŞ-nin Suriyaya dair qətnamə layihəsinə veto qoymaqla əslində Qərbin, o cümlədən ABŞ-ın intervensiya aktının beynəlxalq hüquq normaları ilə leqallaşdırılması cəhdinə qarşı çıxarkən həmin fərqlilikləri yetərincə nəzərə aldılar.
Suriyanın birbaşa özünə gəldikdə, real hesablamalara görə, ölkə əhalisinin çox hissəsi Bəşər Əsədi dəstəkləyir. Müharibə başlamazdan öncə də belə idi. Amma nəyə görəsə böyük əksəriyyətin hüquqları nəzərə alınmır. Yeri gəlmişkən, vaxtilə ölkəsindəki kütləvi narazılıqla əlaqədar fikirlərini açıqlamış Misirin artıq keçmiş olan prezidenti Hüsnü Mübarək ölkənin əhaləsinin 80 milyon olduğunu, etirazçıların sayının isə 20 milyona çatmadığını vurğulayaraq nəyə görə azlığın tələbilə hakimiyyətdən getməli olduğuna diqqət çəkmişdi. Bu gün Bəşər Əsədin səsləndirdiklərində də həmin tezis çox haqlı olaraq nəzərə çarpır.
Sonda onu da deyək: fikirlərimizdən heç də o anlaşılmasın ki, Qəddafinin 42 illik rejimi öz varlığını sürdürməliydi. Nə də Bəşər Əsəd kimi birisi real demokratik idarəçilik baxımından məqbuldur. Sadəcə bu iki şəxslər həmin cəmiyyətlərin şüur və təfəkkür baxımından ortaya qoyduqları məhsullardır. Bu adamlara qarşı etiraz və etirazın doğurduğu mübarizə əzmi də durduğu yerdə baş qaldırmır. Amma düşünülsə ki, inqilab adı altında reallaşacaq dəyişikliklər insanlara tamamilə yeni və daha yaxşı həyat tərzi bəxş etməlidir, bu mənada Tunisdə, Misirdə və Liviyada müsbətə doğru heç nə yoxdur. Məsələn, Liviya inkişaf baxımından azı 20 il keçmişə atılıb. Misir infrastuktur cəhətdən olmasa da, düşüncə, dünyagörüşü nöqteyi-nəzərdən bir o qədər geriyə düşüb. Şəhər və kəndləri təkrar-təkrar xarabazara çevrilməkdə olan Suriyada isə mövcud mənada nələrin baş verəcəyini söyləmək çətindir. Məsələyə idarəçilik baxımından yanaşsaq, "ərəb baharı"nın devirdiyi diktatorları həmin diktatorların bir qədər fərqli təzahür formaları əvəzləyiblər. Onları bəşəri prinsiplər, vətəndaşların tələbləri qətiyyən maraqlandırmır. Azadlıq, demokratiya və insan haqlarına dair dəyərlər məcmusu isə inkişaf etmiş cəmiyyətlər üçündür. Bunu Qərb yaxşı bilir. Çünki həmin dəyərlərə böyük hesabla inqilab deyil, təkamül yolu ilə uzun illər nəticəsində yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB