Beynəlxalq Valyuta Fondu (BVF) Avro bölgəsində beynəlxalq meyarlara uyğun milli hasilatın (GSMH) gələn il -0,2 faizdən 0,7 faizə yüksələcəyini proqnozlaşdırıb. İqtisadi inkişafın böhrandan əvvəlki vəziyyətə qayıtması üçün ən optimist təxminlərə görə 5, ən pessimist təxminlərə görə isə 20 il vaxt lazımdır. Təbii ki, bu ehtimallar bütün Avro zonası ölkələri üçün keçərli deyil. Sahələrə görə baxıldığında (ətraf mühit, iş, həyat standartları, nəqliyyat, sağlamlıq və s.) fərqli nəticələr də görmək mümkündür. Qloballaşan dünyanın bu nəticələrdən təsirlənmədiyini söyləmək çətindir. Gələn il BRİC ölkələrinin də bu il olduğu kimi Avro Bölgəsində yaşanacaq inkişaf və ya böhrandan təsirlənəcəyi gözlənilir.

İqtisadi ekspertlərin dəyərləndirmələrində diqqətə çatdırılan rəqəm və məlumatlara baxıldığında fərqli mövqelər ortaya çıxa bilər. Ancaq Amerikada olduğu kimi, son illər iqtisadiyyatın ümumi tempi işsizlərin sayında müşahidə edilən artım və ya azalmaya görə dəyərləndirilir. Obamanın prezidentliyinin birinci dönəmində ölkə iqtisadiyyatının yekun nəticələri olaraq oktyabr ayında açıqlanan hesabatda diqqət çəkən əsas məqam artmaqda olan işsizliklə bağlı idi. ABŞ Avro bölgəsi ilə müqayisə edildiyində, əyalətlər arasında cüzi fərqlər olmaqla, işsizliyin nəzarət altına alınacağı və 2013-cü ilin bu ilə nisbətən daha yaxşı keçəcəyi ehtimal edilir.

Avropa Birliyində də son bir ildir iqtisadiyyatın durumu getdikcə sayı artan işsizlər ordusuna görə dəyərləndirilir. Ancaq Avropa Amerika qədər şanslı deyil. Avropa Statistika Komitəsi "Eurostat"ın oktyabrın 31-də açıqladığı hesabatında qeyd olunur ki, ötən illə müqayisədə Avropa Birliyində işsizlərin sayı iki milyon artıb. Avropa daxilində 25,7 milyon işsiz var. İşsizlikdən ən çox təsirlənənlər gənclər və qadınlardır. İşsizlik daha çox böhranın ən çox hiss edildiyi Cənubi Avropa və İrlandiyada artıb. Yunanıstanda işsizlik 7,3 faiz artaraq 25,1 faizə, İrlandiyada 0,5 faiz artaraq 15,1 faizə çatıb. İtaliya (10,8 faiz), İspaniya (25,8 faiz) və Portuqaliyada (15,7 faiz) da artım davam edir. Son statistika vəziyyətin getdikcə pisləşəcəyindən xəbər verir. İstehsalda olduğu kimi, istehlakın da dayandığı bu ölkələrdə iqtisadiyyatın necə bərpa olunacağı naməlumluğunu qoruyur.

Yunanıstan bu həftə ərzində gələcəyi ilə bağlı mühüm və yeni bir qərar verəcək. Yunan mətbuatının "altı gün müharibəsi" adı verdiyi müddət başa çatdıqdan sonra hökumət "kəmər sıxma siyasətinə son, yoxsa davam" deyəcək. İlin ilk altı ayında hər həftə yüzlərlə şirkətin bağlandığı Yunanıstanda hökumətin kəmər sıxma siyasətinin və yaxın gələcəkdə 150 min insanın işdən çıxarılması ilə bağlı verdiyi qərarın nəticəsi olaraq bu il 15 min məmurun işinə son qoyulacaq. Təbii ki, iqtisadiyyatda baş verən qarışıqlıqdan istifadə edən kifayət qədər şirkət qeyri-leqal yollarla gəlir qazanmaqda davam edirlər. Yunanıstanda vergidən hər il 45 milyard avro yayındığı ehtimal edilir. Yaranan vəziyyətdən sui-istifadə halları Yunanıstanda yeni bir şey deyil, ancaq böhran müddətində daha geniş vüsət alıb. Çünki islahatlar dövründə hökumət iki quruma - kilsə və gəmi sahiblərinə toxunmamağa xüsusi diqqət göstərib.

Bundan başqa, Yunanıstanın baş naziri Yorqo Papandreu ABŞ-ın nüfuzlu universitetlərindən Harvradda iqtisadiyyatdan dərsi verməyə hazırlaşması yunanları şoka salıb. Ölkə iqtisadiyyatını idarə edə bilməyən bir adamın iqtisadiyyat dərsi verəcəyi hər nə qədər heyrətləndirici olsa da, alacağı əmək haqqı da dildən-dilə dolaşır. Dərs başına 43 min avro alacağı xəbəri isə iş tapmaqda çətinlik çəkən yunanların ağıllı-başlı qəzəbinə səbəb olub.

Böhranın işsizliyi artırdığı Cənubi Avropa ölkələri və İrlandiyadan başqa Avropa Birliyinin digər ölkələrində də oxşar vəziyyət hökm sürür. Məsələn bir vaxtlar nümunə göstərilən Danimarka və İsveçdə də işsizlik hər gün artmaqda davam edir. Danimarkada 1,1 faizlik bir artım müşahidə edilir (8,1 faiz). İsveçdə 2011-ci ildə müşahidə edilən düşüş (2010-cu ildəki 8,4 faizlik işsizlik 2011-ci ildə 7,5 faizə enmişdi) bu il davam etmədi, əksinə 0,3 faizlik bir artımla ili başa vurması gözlənilir. İsveçdə işsizlikdən ən çox təsirlənən gənclərdir (22,8 faiz).

Ancaq işsizliyin ümumi ortalamanın altında olduğu və işçiyə tələbat olan ölkələr də var. Məsələn Avstriyada (4,4 faiz) işsizlik Avropa ortalamasının altındadır. Ölkənin 9 federal vilayətindən 8-də vəziyyət qənaətbəxşdir (Zaltsburqda 2,5 faiz). Yəni gənclər üçün iş tapmaq problem deyil. Yalnız 8 faizi məzun olduqdan sonra iş axtarır (Avropa daxilində bu nisbət 23 faizdir). Avstriyanın qonşusu Almaniyada eniş davam edir.

Görüldüyü kimi Avropada işsizlik hər ölkədə müxtəlif cür hiss edilir. Analitiklərin qənaətinə görə, yaxın gələcəkdə Avropanın işsizlikdən xilas olacağı gözlənilmir, əksinə artacaq. Xüsusilə gənclər üçün çıxış yolları tükənir. Onlar üçün indi köç etmək vaxtı çatıb. Bunu ilk dərk edən portuqaliyalılar oldu. Yunan, İtaliya və ispan gənclərinin meydanlarda göstərdikləri etirazları portuqaliyalı gənclər göstərmədi. İspaniyada gənclər meydanlara toplaşıb etiraz etdikləri bir vaxtda, onlar çoxdan yola çıxıb köhnə koloniyalarına üz tuturdular (Braziliya, Anqola və ya Mozambik).

Ötən ilin sonunda müşahidə edilən xaricə axın bu ilin sonlarında artaraq davam edir. İrlandiyanın "The İrish Times" qəzetinin verdiyi məlumatlara görə, oktyabr ayında Dublində təşkil edilən "Working Abroad" (xaricdə iş) Forumunda ölkə xaricində işləmək üçün 8 min irlandiyalı müraciət edib. Seçimləri isə Kanada, Yeni Zelandiya, Avstraliya və ya Asiyadır.

Bir vaxtlar immiqrant qəbul edən İspaniya indi immiqrant verən bir ölkə çevrilib. Ölkənin nüfuzlu "El Pais" qəzetinin xəbərinə görə, yanvar-sentyabr ayları ərzində 138 min ispan ölkəni tərk edib. Keçən illə müqayisədə ölkədən gedənlərin sayı 2 dəfə artıb. İtalyanların seçimi isə Avropanın şimalıdır.

Avropa Birliyində son bir ildir müşahidə edilən köçün müsbət olduğu qədər mənfi cəhətləri də var. Yaxşı tərəfi odur ki, gedənlər dövlətin məsuliyyətindən çıxır, bir növ işsizlik problemini yüngülləşdirməyə köməkçi olurlar. Ancaq ölkədən gedən təhsilli gənclərin daha sonra qayıtmamaları ölkə üçün bərpası mümkün olmayan dəyərlərin itkisidir. Birlik içindən ölkə seçimi edənlərinin nisbətinin aşağı olması gənc kadrların, gələcəyin "beyin mərkəzlərinin" Avropa xaricinə çıxacağı mənasına gəlir. Gedənlərin seçimi bildikləri dillərə görə formalaşır. Bu səbəbdən Almaniya bu vəziyyətdən qazanclı çıxa bilməyən ölkələrin başında gəlir.

Böhranla birlikdə getdikcə artan işsizlər ordusu, "yeni ümid yolçuları" yaranıb. Sayları artdığı bir vaxtda Avropa beyin köçünü dayandırmaqda çətinlik çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə