Ermənistan Azərbaycana təzminat ödəməzsə... - KÖŞƏ YAZISI

Son günlər müxtəlif media vasitələrində Fransa, Hindistan və bir sıra digər ölkələrin havadarlığı altında Ermənistanın yenidən silahlanması haqqında xəbərlər dolaşmaqdadır. Artıq bu məlumatların əksər hissəsi öz təsdiqini tapıb və Ermənistanın militarizasiya xətti tutduğunu kifayət qədər sübuta yetirir.

Lakin Ermənistanın və onun havadarlarının bəlli cəhdlərinə baxmayaraq, əslində, bu ölkə açıq-aşkar özünüməhv prosesinə qədəm qoyduğunun fərqinə varmır. Daha dəqiq desək, sözügedən vəziyyətdə Azərbaycanın hərbi cavabı çox çəkməyəcək. Üstəlik, bu cavab 2020-ci ilin 27 sentyabrından başlayaraq indiyə qədər olduğu kimi, ildırım sürətli və hərtərəfli olacaq.

Amma haqqında bəhs etdiyimiz mövzunun başqa tərəfi də var... Azərbaycanın onlarla şəhər və rayonlarının, yüzlərlə kənd və qəsəbələrinin 30 ilə yaxın müddət ərzində işğala məruz qalması, yerlə-yeksan edilməsi, işğalçılar tərəfindən dağıdılmış sənaye və yaşayış obyektlərinin məhvi, dəymiş külli miqdarda ziyanın ödənilməsi üçün də cavab verəcək tək ölkə varsa, o da məhz Ermənistandır! Ümumiyyətlə, İrəvan ödəməli olduğu təzminatların ödənilməsi barədə düşünmək yerinə, sülhün əldə edilməsi prosesini uzadır və vəziyyəti gərginləşdirmək üçün havadarlarının əmrində müntəzir dayanır. Bununla da təzminat məsələsinin arxa plana keçdiyini özü-özünə inandırmağa çalışır. Ola bilər ki, Ermənistan rəhbərliyi həm özünü, həm də erməni xalqını buna inandıra bilər, fəqət Azərbaycanla belə oyunbazlıq heç vaxt keçməz.

Digər tərəfdən, məsələnin hüquqi tərəfi şübhəsizdir. Belə ki, həm beynəlxalq konvensiyalara uyğun olaraq, həm də Ermənistanın baş nazirinin işğal faktını tanıması və Ermənistan silahlı qüvvələrinə məxsus qoşunların Qarabağ ərazisindən çıxarılması mexaniki olaraq rəsmi Bakının təzminat haqqını tələb etməsini qanuniləşdirir. Bütövlükdə isə, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat da bu reallığı isbatlayıb.

Amma bir çox Qərb dövlətləri münaqişə başa çatandan dərhal sonra bizi məğlubiyyət şokunu yaşayan Ermənistan tərəfinə mərhəmət göstərməyə, digər məsələlərlə yanaşı, onun çox zəif maliyyə və iqtisadi imkanlarını da nəzərə almağa çağırdılar.

Ancaq Ermənistan tərəfinin başlatdığı genişmiqyaslı və kifayət qədər bahalı silahlanma kampaniyası bu istiqamətdə yaranan bütün sualları aradan qaldırır. Yəni, "Azərbaycan, Ermənistana mərhəmət et" çağırışları siyasi zibil urnasına atılmış olur...

Ermənistanın təbii ki, müdafiə xarakterli hərbi quruculuq aparmaq hüququ var. Amma yalnız Azərbaycana təzminat ödədikdən sonra! Ən mühafizəkar hesablamalara görə, təzminatın dəyəri yüz milyardlarla dollar həcmində ölçülür. İrəvan buyursun, əgər vardırsa (!) 30 ilə yaxın müddətdə vurduğu zərərlərin təzminatını ödəsin və yerdə qalan olan-qalan qəpik-quruşlarını da müdafiəsinə xərcləsin. Lakin Ermənistanın rəhbərliyi bu yükün altından çıxa bilməyəcəyini çox yaxşı bilir. Ona görə də həm siyasi, həm də hərbi təxribatlara gedir, əlbəttə ki, bacılığı Fransanın və tarixi vətənləri olan Hindistanın, o cümlədən Avropalı "dədələrinin" vasitəçiliyi ilə!

Söz yox ki, Azərbaycan bu işdə ədalətin bərpası üçün tezliklə və sərrast şəkildə lazımi addımlar atacaq. Hətta bu məsələ müzakirə olunan sülh müqavilənin əsas müddəalarından birinə çevrilməlidir. Əks halda, bu məsələ həll edilmədən Ermənistan və Azərbaycan arasında etimadı bərpa etmək və münaqişədən sonrakı nizamlanmanın digər məsələlərini həll etmək mümkünlüyünü sıfıra endirir.

İndi isə düşünmək vaxtı İrəvanındır. İrəvan ya düşünüb doğru qərar verməli, ya da...

Ya da tarixi Qərbi Azərbaycan torpaqlarını əsl tarixi sahiblərinə geri qaytarmalıdır. Çünki ac, səfil və kapitulyant ölkənin təzminat ödəməyə nə gücü, nə də ki, pulu var.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə