Deyəndə ki, əksəriyyətimiz xəstəyik, bizə müalicə lazımdır, şəksiz və şübhəsiz ki, mənə gülürsünüz. Deyəndə ki, bizim uşaqlar oxumur, öyrənmir, heç nə bimirlər, bundan da möhkəm gülürsünüz. Deyəndə ki, 200 balla universitetə girib ali təhsil alandan nə çıxacaq, daha da ucadan gülürsünüz. Deyəndə ki, bizim bəzi gənclərimizin dünyadan xəbəri yoxdur, bu dəfə uğunub gedirsiniz ki, sən geridə qalmısan, dünyadan xəbərin yoxdur ki, onlar necə intellektualdırlar.

Yaxşi, intellektual olsunlar, biz də keçmişdə qalan olaq. Lakin gəlin bir məsələyə də diqqət edək. Ondan sonra görün, siz düz deyirsiniz, yoxsa biz...

Elə o günləri bütün gənclər 14 fevralı-Sevgililər günü kimi necə təntənə ilə qeyd etdilər, deyə bilmərəm. Hələ biz böyüklər də onlar üçün necə şərait yaradıq, bunu da deyə bilmərəm. Böyük ticarət mərkəzləri, marketlər, gül mağazaları, hətta küçələrdəki satıcılar belə özlərini həmin günə elə hazırlamışdı ki, görməyə göz lazımdı. Dedik, əşi, qoy qeyd etsinlər. Sevgini hər gün qeyd etmək, yaşatmaq lazımdır. Hansı ki, bizim özümüzün də sevgililər günü var-30 iyun. 20 Yanvar şəhidləri İlhamla Fərizənin evləndikləri gün. Ancaq nədənsə heç vaxt 30 iyunda ticarət mərkəzlərinin, marketlərin, mağazaların, hətta küçələrin də bu günlə əlaqədar fərqliliyini müşahidə etməmişik axı...

Elə bu səbəbdir də adamı yandırıb tökən. Yaxşı, əcəb edirsiniz, 14 fevralı belə təntənə ilə qeyd edirsiniz. Valentinin ruhunu da bilmirəm şad edişiniz, yoxsa söyürsünüz... Axı bizim də sevgililər günümüz var. Öz də hansı əsaslar üzərindədir, bu sevgi dastanına bənzər bir dastan varmı dünyada, bax bunu nə araşdıran, nə də nəzərə alan var...

İndi də bəzi qızlar bu günlərdən oğlanların bayramına hazırlaşır. Maraqlıdır, hansı gündür bu oğlanların bayramı? Hansı gün olacaq, 23 fevral.

Ay gənclər, tələbə qızlar! Zəhmət olmasa, gözünüzü bir neçə dəqiqəliyə telefondan ayırın. Zəhmət olmasa, bir neçə dəqiqlik sosial şəbəkələrdən çıxın. Zəhmət olmasa, telinizi bir neçə dəqiqəlik tumarlamağı dayandırın. Dinləyin, görək, siz nəyə əsasən 23 fevralı kişilərin bayramı zənn edirsiniz?..

Hə, anlayıram sizi, gözünüzü açandan yəqin analarınız atalarınızı təbrik edəndə görmüsünüz və yaddaşınıza da 23 fevral “qızıl” hərflərlə yazılıb. Axı mən biləni siz anadan olanda artıq 23 fevraldan əsər-əlamət qalmamalı idi.

Təəssüf. Çox təəssüf ki, tarix oxumursunuz. Çox təəssüf ki, ölkədəki hadisələrdən də xəbəriniz yoxdur. Çox təəssüf ki, nəyin doğru, nəyin yanlış olduğunu ya anlamaq istəmirsiniz, ya da yerli-dibli anlamırsınız.

Ay qızlar, dinləyin məni. Şərt o deyil ki, hansısa bir günü öz aləminizdə bayram elan edib yığışmaq, əylənmək xətrinə şənlik düzəldəsiniz. Boş yerə oğlanlara hədiyyə alasınız ki, onlara borclu qalmayasınız. Çünki onlar da sizə 8 martda hədiyyə alırlar axı.

23 fevral sovet ordusunun yaranması günüdür. Bilirsiniz bu hansı ordudur? 20 yanvar 1990-cı ildə gecə ilə Bakıya soxulan, yüzlərlə günahsız insanı qətlə yetirən, 26 fevral 1992-vci ildə Xocalı faciəsini törədən və ya törədənlərə havadarlıq edənlər... Və sair və ilaxır...

Çox yox, məhz bu iki tarixi yadda saxlamaq nə qədər çətindir ki, siz hər il 23 fevrala belə təntənəli şəkildə hazırlaşırsınız...

Vallah, bəzi gənclər nə etdiyini hələ də bilmir. Nə düşünürlər, bu qədər cılız qərarlara necə gəlirlər, anlamaq olmur. Bu qədər dünyagörüşsüzmü? Bu qədər geridə qalmışlıqmı?

Bir ölkədə 8 noyabr kimi böyük bir Zəfər əldə oluna, bunu da gənclər öz gözləri ilə görə, 44 günlük müharibənin hər anını həyəcanla yaşaya, sonra da gəlib 23 fevralı kişilər günü kimi qeyd etməyə hazırlaşa, bax bunu anlamaq daha çətindir.

Hər bir azərbaycanlı kişinin bayramı bizim Zəfər günümüzdür- şərəfimizin, namusumuzun xilası günü. Buyurun, həmin gün kişilərə-atanıza, qardaşınıza, sevgilinizə nə hədiyyə alırsınız, alın.

Allahı görün, ay gənclər, bir addım atmaq istəyəndə bir qədər fikirləşin, əsəbimizi pozduğunuz bəsdir..

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə