Medianın inkişafı üçün ən optimal TƏKLİF – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Bir neçə gün əvvəl Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında media subyektlərinin vergidən azad edilməsinin 5 il müddətinə artırılmasını təklif edilib. Deputat Mahir Abbaszadə deyib ki, media subyektlərinin 5 il müddətinə vergidən azad olunması 15-16 milyon manata başa gələcək və dövlət üçün elə də yük olmayacaq”.

Depitat Tahir Mirkişili isə bildirib ki, Azərbaycandan xaricə milyonlarla reklam pulları axır: "Sosial şəbəkələrə baxsaq bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək".

Komitənin iclasında iclasında iştirak edən Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, bu güzəştlər eyni zamanda media subyektlərinin inkişafı və jurnalistikanın peşəkarlığının artırılmasına imkan verəcək. O qeyd edib ki, hazırda media reyestrindən olan subyektlərlə sıx işlər aparılır..

Vergi Məcəlləsinə dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən, həmçinin ƏDV-dən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişikliklər layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan mediası çox çətin vəziyyətdədir. Əksər qəzetlər nəşriyyat xərclərini ödəməkdə çətinlik çəkirlər. Bundan başqa, əksər redaksiyaların iş şəraiti, maddi-texniki bazası, jurnalistlərin əmək haqqı çox zəifdir. Bu da medianın peşəkar fəaliyyətinə imkan vermir. Media orqanlarının vergidən azad olunması onların maliyyə problemlərinin həllinə dəstək olacaq. Lakin bu addım təkbaşına problemi həll etmək gücündə deyil. Ona görə də, biz daha optimal bir variant təklif edirik, hansı ki, burada dövlət heç bir maliyyə vəsaiti xərcləmir, amma media orqanları inkişaf edir.

Məlum olduğu kimi, Azərbaycanda sahibkarlıq subyektlərinə güzətşli və uzunmüddətli kreditlər verilir. Media orqanlarını da bura əlavə etmək kifayətdir ki, onlar da bu kreditlərdən götürüb özlərinin işini yüksək səviyyədə qursunlar. Bu halda dövlət pul xərcləmir, banklar kredit verir və buradan pul qazanır, üstəlik, media orqanları da özlərinin peşəkar işləmələri üçün lazım olan təchizatlarını təmin edirlər.

Burada yeganə problem odur ki, bir çox media subyektlərinin girov qoymağa lazım olacaq dəyərdə əmlakı yoxdur. Burada MEDİA qarant ola bilər. Müəyyən şərtlər qoyula bilər kredit üçün müraciət edən media orqanlarına. Uzun müddət davamlı fəaliyyət göstərən, ictimai nüfuzu yüksək olan, peşəkar media orqanlarının elə adı girov üçün təminat ola bilər. Yəni, media brendi özü girov ola bilər. Misal üçün, bir media orqanının adının, saytının, əmlakının bazar qiyməti 50 min manatdırsa, ona 30-40 min manat, 100 min manatdırsa, 70-80 min manat kredit verilə bilər.

Beləliklə, media orqanı özünün işini yüksək səviyyədə qura bilər, peşəkarlar cəlb edə bilər, ən son texnikalardan istifadə edə bilər. Maliyyə mənbəyini özü təmin edəcək mediaya dövlətin yardım etməsinə də ehtiyac qalmaz. Nəticədə bundan həm dövlət qazanar, həm media, həm də cəmiyyət.

Bütün xəbərlər Facebook səhifəmizdə