Rusiyanın НТВ kanalı Bakıda keçirən F1 yarışı ilə bağlı reportaj hazırlayıb VİDEO

Rusiyanın NTV kanalının məşhur “Əsas yol” (Qlavnaya doroqa) proqramında Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə həsr olunmuş “Formula Bakı” adlı xüsusi reportaj yayımlanıb.

SİA xəbər verir ki, reportajda bu yaxınlarda Bakıda artıq dördüncü dəfə keçirilmiş Formula 1 yarışının yaddaqalan məqamlarından ətraflı söz açılır. Videosüjetdə qədim Bakının koloritli mənzərələrinin, onun möhtəşəm panoramasının, memarlıq incilərinin, heyrətamiz sahil bağının nümayiş etdirildiyi kadrlar bir-birini əvəzləyir. Müxbir Alina Mozqova trekdə baş verənləri şərh edərək deyir: “Bura adi günlərdə adi maşınların hərəkət etdiyi geniş prospektdir, lakin bu gün burada sürət üçün heç bir məhdudiyyət yoxdur”.

Aparıcı fikrini davam etdirərək əlavə edir: “Birbaşa şəhər küçələrində Formula 1. Pilotlar buranı “dəlisov” tras adlandırırlar. İldə bir dəfə Bakının mərkəzində saatda 300 kilometrdən çox sürət götürmək olar”.

Formula 1-in pilotları da unudulmayıb. Daniil Kvyat: “Bakı trası yürüşçülərə əməlli-başlı meydan oxuyur. Belə ki, burada sürət çox yüksək, yavaş döngələr olduqca çoxdur. Buna görə də yürüşlər həmişə çox maraqlı və həyəcanlı alınır”.

Aparıcı haqlı olaraq qeyd edir: “Azərbaycan Qran-Prisini ən maraqlı yürüşlərdən biri adlandırırlar. Axı trasların heç də hamısı qədim şəhərin minillik divarlarının böyründən keçmir”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyir: “Biz elə əvvəldən Formula 1 üçün yeni yer qismində Bakını şəhər yürüşü kimi təklif etdik. Bizim şəhər kənarında məxsusi olaraq yeni trek inşa etmək niyyətimiz olmayıb”. Aparıcı sözləri ilə davam edir: “Azərbaycan həmişə qonaqpərvərliyi ilə şöhrət qazanıb. Burada o qədər qonaq var ki! Əsl bayramdır. 85 min adam üç şəhər yürüşündən birini öz gözü ilə görməyə gəlib. Axı belə yürüş bir də yalnız Monako və Sinqapurda keçirilir”.

Bakıda hər addımbaşı qarşıya çıxan turistlər öz təəssüratlarını bölüşərək deyirlər: “Bu, bizim Formulaya tamaşa etmək üçün ilk səfərimizdir və biz çox güclü təəssürat altındayıq. Buranın çox yaxşı və mehriban insanları var. Çox qonaqpərvər ölkədir. Bura bizim xoşumuza gəlir”.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov belə deyir: “Biz bu yaxınlarda kartinq trasını açdıq. Bizim çox böyük maraqlarımız var, xüsusən daha gənc nəslin nümayəndələrinin. Nə bilmək olar, bəlkə gələcəkdə onlara da Formula 1-də yarışmaq səadəti nəsib olacaq”.

Yürüşlər, Bakı və bakılılar, şəhərimizin qonaqları haqqında maraqlı, dinamik və rəngarəng reportaj ilk baxışda çox adi başa çatır: “Bakı artıq yeni yürüşlərə hazırlaşır. Adi şəhər küçələrinin nə dərəcə hamar və sürətli olduğunu hamıya göstərmək olduqca xoşdur”. Lakin Bakıya və ölkəmizə sevgi ilə hazırlanmış gözəl və nikbin reportaj fonunda bu sözlər lap yerində səslənir. Axı süjetin son nöqtəsini elə bakılıların özləri qoyur: “Bakıya gəlin. Bakı sizi sevir. Bakı sizi gözləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...