Firdovsi Umudov: "Heyətdə gənclərə üstünlük verməyə çalışırıq"

"Dövlət bayrağımızın yüksəklərdə dalğalanması hər bir azərbaycanlı kimi, bizim də qəlbimizdə qürur hissi doğurur. Yığmanın baş məşqçisi kimi, bu nəticə mənim üçün ikiqat sevindiricidir. Güləşçilərimizin potensiallarından maksimum istifadə etdiklərini vurğulamaq istəyirəm. Buxarestdə keçirilmiş 23 yaşadək güləşçilər arasında dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazandıq. Bu yüksək nəticə bir daha sübut edir ki, Azərbaycan idman ölkəsidir". SİA-nın məlumatına görə, bunu güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov jurnalistlərə açıqlamasında deyib.

Çempionatda Şamil Zubairovun verilən taktiki göstərişləri dəqiq yerinə yetirərək qızıl medal qazandığını vurğulayan baş məşqçi deyib: “Əli Rəhimzadənin finaldakı yaponiyalı rəqibi Olimpiya mükafatçısı olsa da, onu qələbəyə kökləmişdik. Əli güclü rəqibinə minimal hesabla uduzdu. Düzdür, burada hakimlərin ədalətsiz qərarlarının da təsiri oldu. Murad Süleymanov isə yarımfinaladək inamla çıxış etdi. Ancaq yarımfinalda sonuncu Avropa çempionu rusiyalı Artur Nayfonovla görüşdə 4:1 hesabı ilə irəlidə olsa da, inamsızlığı üzündən qələbəni əldən verdi. Ümumilikdə, qazandığımız medallarla Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etdik. Bu il həm gənclər, həm də U-23 idmançılar arasında dünya çempionumuz oldu. Bütün bunlar ölkəmizdə idmana dövlət qayğısının növbəti dəfə göstərir”.

F.Umudov bildirib ki, heyətdə daim gənclərə üstünlük verməyə çalışırıq. Bununla da heyətə düşmək üçün hər çəki dərəcəsində rəqabət yaranır. Yığmada 65 kiloqram çəki dərəcəsində yeniyetmələr arasında Olimpiya çempionu var. Bu çəki dərəcəsində heyətə düşmək üçün üçqat dünya çempionumuz Hacı Əliyev, eləcə də Turan Bayramov və Əli Rəhimzadə rəqabət aparacaqlar. Ölkə çempionatının nəticələrinə əsasən milli komandanın heyətinə cəlb ediləcək idmançıları müəyyənləşdirəcəyik. Düzdür, ölkə çempionu olmaq həmin idmançının dünya və Avropa çempionatlarında millimizi təmsil edəcəyi demək deyil. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Millidə heç kimə güzəşt olmayacaq. Kim millidə nizam-intizama əməl etsə, beynəlxalq yarışlarda iştirak edərək II Avropa Oyunlarında və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Dünya çempionu Şamil Zubairov (92 kq) qələbəsi barədə danışarkən deyib: “Dünya çempionatında beş görüş keçirdim. Baş məşqçimiz Firdovsi Umudovun tapşırıqlarına əməl etməklə qızıl medal qazanmaq üçün bütün imkanlarımdan tam istifadə etdim. Finalda Şimali Osetiyadan olan rəqibimin çıxışlarını məşqçilərlə birgə təhlil etmişdik. Düzgün təhlillər nəticəsində qalib gəldim. Qarşıdakı hədəfim dekabrda keçiriləcək Azərbaycan çempionatında uğur qazanmaqdır”.

Çempionatda gümüş medala sahib olan Əli Rəhimzadə (65 kq) bildirib: “Dünya çempionatında güclü rəqiblər iştirak edirlər. Bu yarışa hazırlaşmaq üçün 5-6 təlim-məşq toplanışı keçmişdik. Finalda yaponiyalı idmançı ilə qarşılaşdım. Çox gərgin görüş keçdi. Rəqibim çox təcrübəli idi. Bu görüşdə məşqçilərin müəyyən etdiyi taktikanı düzgün yerinə yetirə bilmədiyim üçün məğlub oldum. Çalışacağam ki, gələcəkdə qızıl medal qazanım. Mənə dəstək olanlara təşəkkürümü bildirirəm”.

Dünya çempionatının üçüncüsü olan Murad Süleymanov (86 kq) deyib: “İlk görüşdə ermənistanlı güləşçi ilə qarşılaşdığım üçün bir qədər həyəcanlı idim. Amma ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə kanadalı idmançını məğlubiyyətə uğratdım. Çıxış etdiyim çəki dərəcəsini dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə əldə edib bu çəki dərəcəsində Olimpiadada iştirak edim”.

Qeyd edək ki, güləşçilərimiz noyabrın 19-da Vətənə qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə