Çingiz Hüseynzadə yenidən İHİF-in vitse-prezidenti seçildi

19-20 Noyabr 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanının Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) sayca 10-cu Baş Assambleyası, 26-cı İcraiyyə Komitəsinin İclası, eyni zamanda, İHİF-nın hər 4 ildən bir baş tutan hesabat konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, Baş Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yenidən İHİF-in vitse-prezidenti, Könül Nurullayeva isə ikinci dəfə İcraiyyə Komitəsinə üzv seçiliblər. İHİF Baş Assambleyası zamanı 2013-2017-ci illəri əhatə edən hesabat çıxışlar dinlənilib, 2015-2016-cı illər üçün maliyyə məsələlərinin yekununa baxılıb, növbəti iki il üçün qarşıda duran planlar müzakirə edilib, V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinin hazırlıq hesabatı dinlənilib, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında gördüyü işlərə dair videoçarx nümayiş edilib. Eyni zamanda, İcraiyyə komitələrinə üzv seçilmələri məqsədi ilə MOK-üzvlərinin namizədliyinə baxılıb. Məlumat üçün bildirək ki, Mohammed S. Al. Garnas İHİF-a yeni baş katib təyin olunub. Baş İdman Təşkilatının sədri, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti, IHIF-a yeni seçilmiş prezident Turky bin Abdulmohsen AL-Alsheikh tərəfindən gənclər və idman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və Könül Nurullayevaya IV İslam Həmrəyliyi Oyunlarının təşkilindəki xidmətlərinə görə xüsusi mukafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə