İslam Həmrəyliyi İdman Federasiyasının Qadın və İdman Gender Bərabərliyi komitəsinin rəhbəri Könül Nurullayevanın müsahibəsini təqdim edirik
Yazıya məşhur ingilis mütəfəkkiri Mill Con Stüartdan gözəl bir sitatla başlamaq istərdim: “Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz dərhal qadının həyat şərtlərinə baxın”. Gözəl deyimdir. Bu baxımdan cəmiyyətimizdə qadın fəallığına diqqət etmək yetərlidir. Xüsusilə son illər Azərbaycanda dövlətin və birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi layihələr Azərbaycan qadınının həyatında mühüm rol oynayır. Bu gün Azərbaycan qadını həyatımızın ən müxtəlif sahələrində uğurlara imza atır, öz potensialını realizə edir, cəmiyyətdə ciddi bir çəkiyə malikdir.
Bu gün siz oxucuların diqqətinə təqdim edəcəyi maraqlı bir müsahibə var. Könüllülük hərəkatından başalayaraq zərrə-zərrə uğurdan uğura imza atan gənc bir xanım, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının Qadın və İdman Gender Bərabərliyi komitəsinin rəhbəri, 2021-ci ildə İstanbulda keçiriləcək İslam Həmrəyliyi oyunları ilə əlaqədar yaradılmış beynəlxalq Koordinasiya komissiyasının üzvü Könül Nurullayeva sözügedən sahələrdə ciddi fəaliyyəti ilə seçilən, uğur qazanan xanımlardandır.
- Könül xanım, öncə sizin müasir Azərbaycan qadını haqqında düşüncələrinizi bilmək istərdik.
- Azərbaycan qadını dedikdə ilk növbədə gözümüzün qarşısına öz əzmkarlığı, analıq şəfaqəti ilə seçilən gözəl bir xanım obrazı gəlir. Ümumiyyətlə dünya mədəniyyət xəzinəsinə nadir incilər bəxş edən Azərbaycan xanımı Azərbaycanın milli mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında çox böyük rol oynamışdır. Azərbaycan xanımının bu günündən danışsaq, xüsusilə qeyd etmək istərdim ki , Azərbaycanda Dövlətin Qadın siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulmuşdur. Və bu gün bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Düşünürəm ki, Azərbaycanda qadınlara olan dəstək, bu baxımdan hüquqi, qanunvericilik bazasının formalaşması, qadının cəmiyyətdə rolunun möhkəmlənməsi və bu kimi görülən digər işlərdə Birinci xanım, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın əməyi yüksək səviyyədə qiymətləndirilməlidir. Mehriban xanım nəinki Azərbaycan xanımları üçün, mən deyərdim hətta dünya xanımları üçün çox gözəl bir xanım obrazıdr. Bəlli olduğu kimi, dünya arenasında Mehriban Əliyeva çox böyük titullara, mükafatlara layiq görülmüşdür. Amma bu nailiyyətlər asanlıqla deyil, çox böyük zəhmətin bəhrəsidir. Onun əziyyəti, zəhməti, həm Azərbaycan daxilində, həm də Azərbaycandan kənarda gördüyü genişmiqyaslı layihələrlə şərh oluna bilər. Bu fəaliyyət planı, geniş əhatədə görülən işlər biz gənclər üçün bir mesaj, stimul mənbəyidir. Bu uğurlu nümunə biz gənclərə Azərbaycan dövlətinə yararlı olan vətəndaş kimi formalaşmağımızda böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, qadınların dövlət orqanlarında təmsilçiliyi, həmçinin qeyri dövlət sektorunda, vətəndaş cəmiyyətində fəaliyyəti, aktivliyi dəstəklənir. İstər dövlət strukturunda, istər qeyri dövlət sektorunda qadınlara verilən dəstək onların öz potensiallarını uğurla həyata keçirməyə yardım edir. Nəticə etibarilə bu gün Azərbaycan qadını həm dövlət, həm də özəl sektorda söz sahibidir. Əlbəttə, bu sevindiricidir.
- Ölkəmizdə gender bərabərliyinin təmin olunmasını necə şərh edərdiniz?
- Yəqin siz də razılaşarsınız ki, dövlətin həyata keçirdiyi qadın siyasətinin nəticələri xüsusilə son illər qabarıq formada müşahidə olunur. Elə bu siyasətin nəticəsidir ki, bir az öncə qeyd etdiyim kimi, qadınlar ən müxtəlif sahələrdə öz layihələrini, potensiallarını gerçəkləşdirir, yeni iş qurur və ya mövcud olan işini daha da genişləndirir. Deyə bilərik ki, 2008-ci ildə Gender bərabərliyi haqqında qanun layihəsi Milli Məclisdə qəbul olunduqdan sonra ölkəmizdə gender bərabərliyi təmin olunub. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunmasını, onların cəmiyyətin həyatında fəal rol oynamasını yetərincə müşahidə edirik. Sevindiricidir ki, ölkəmizdə qadınların hüquq bərabərliyini təmin edən qanunvericilik bazası mövcuddur. Bu qanunlar qadınlarımızın bütün sahələrdə uğurlu fəaliyyətini təmin edən faktor rolunda çıxış edir. Əgər daha öncələr qadınlar daha çox təhsildə, səhiyyədə təmsil olunurdularsa, bu gün sözügedən göstərici dəyişib. Xüsusilə son illər qadın sahibkarlığının inkişafı, istehsalın, xidmətin ən müxtəlif sahələrində qadın izi, qadın zəhmətinin çoxalması sevindiricidir.
- İdman sferasında çalışdığınız illərdə qazandığınız təcrübələr də maraqlıdır...
- Mənim idman sferasına gəlişim çox gənc yaşlarıma təsadüf etdi. Bir könüllü kimi idman oyunlarına olan böyük marağım məni MOK-un sıralarına qədər gətirdi. Əlbəttə, əlavə bir neçə dil bilməyim, işləməkdən, çalışmaqdan zövq almağım bu yolda mənə dəstək oldu. Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi kimi bir təcrübə qazandım. Bundan başqa, tərcümeyi halıma Avropa Olimpiya komitəsinin “İdmanda gender bərabərliyi” Komissiyasının üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Bakı 2020” Təşkilat Komitəsinin icraçı direktoru, “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi kimi fəaliyyətlər də əlavə olundu. Daha sonra bir sıra idman tərbirlərinin baş koordinatoru olaraq, ölkəmizdə keçirilən bir çox konfrans, seminar, idman layihələrinə rəhbərlik etdim. Həmin layihələrə "MDB və Baltikyanı ölkələrin MOK liderlərinin Regional Forumu", "Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi", "Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə Avropa Təsnifat yarışı", "Bakı 2014" Avropa Atletika Konvensiyası, "Avropa Oimpiya Komitəsinin 43-cü Baş Assambleyası" və s. kimi tədbirlər daxildir. Bu gün isə mən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 1963-cü ildən bəri seçilən ilk xanım üzvüyəm. Özündə 57 islam dövlətini birləşdirən bu təşkilat 1963-cü ildən fəaliyyət göstərir. Təşkilatda bir Azərbaycan xanımı ilə təmsil olunmağımız əlbəttə ki, dövlətimizin, xalqımızın uğurudur. İlk növbədə bizim dövlətimizin qazancıdır. Həm də bir azərbaycanlı olaraq, yeganə xanım kimi bu təşkilatda təmsil olunmağımdan qürur duyuram. Eyni zamanda, mən həmin təşkilatda İdman və Qadın Gender Bərabərliyi Komitəsinin rəhbəriyəm. Müxtəlif beynəlxalq tədbirlərdə məni məhz azərbaycanlı xanım olaraq təqdim edirlər. Dövlətimizin, xalqımızın adı çəkilir. Nə xoş mənə ki, bu təmsilçilik mənim taleyimə yazılıb, dövlətimizi, ölkəmizi təmsil etmək kimi şərəfli bir missiya mənə nəsib olub. Bildiyiniz kimi 2021-ci ildə beşinci İslam Həmrəyliyi oyunları İstanbul şəhərində keçiriləcək. O da məlumdur ki, Azərbaycan çox uğurlu bir şəkildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmişdir və həmin oyunların təşkilat komitəsinin rəhbəri də çox hörmətli Mehriban xanım Əliyeva idi. Bu dönəm tarixdə, İslam dünyasında qadının fəaliyyəti, qadın aktivliyi və İslam dünyasında ən uğurlu İslam Həmrəyliyi Oyunları kimi yadda qalan bir dövr oldu. Düşünürəm ki, Azərbaycan xanımlarının, xüsusilə gənclərin öz potensiallarını realizə etmək üçün çox münbit şərait var. Hansı ki, dövlət tərəfindən bu gün gənclər üçün hərtərəfli şərait, yetərli imkanlar yaradılıb. Əlbəttə, bu biz gənclərə verilən bir şansdır ki, onu öz bacarığımız, fəaliyyətimizlə dəyərləndirməyi bacarmalıyıq. Bu bizim üzərimizə düşən çox böyük məsuliyyətdir. Hesab edirəm ki, Azərbaycan gəncliyi bu islahatlra, bu qayğıya, diqqətə adekvat cavab verir. Və bu yöndə var qüvvəsi ilə çalışmaqda davam edir.
- Ölkəmizdə qadınların, xüsusilə gənc qızların idmana olan marağını necə dəyərləndirirsiniz?
- Öncə xatırlatmaq istərdim ki, ölkəmizdə idman sahəsində ilklərə imza atan qadınların sayı az deyil. Onlardan ilk qadın idman ustası olaraq Sona Qasımovanın, ilk qadın veteran idmançılarımızdan olan Nəsibə Şabanovanın, olimpia çempionlarımızdan Zemfira xanımın və s. adlarını qeyd etmək olar. Müstəqilliyimizi qazandıqdan sonrakı dövrə nəzər salanda görürük ki, idmanda əldə olunan uğurlar bir Azərbaycan xanımını güc strukturunda mötəbər bir vəzifəyə gələn yolda müşayiət edib. Və ya idmanda tanınaraq, uğurlara imza ataraq dövlət strukturunda təmsilçiliyə qədər gəlib çıxmış Aynur Sofiyevanı xatırlamamaq olmur. Yadınızdadırsa, Aynur xanım İslam dünyasında ilk qadın beynəlxalq qrossmeyster adına layiq görülmüşdür...
Azərbaycan müstəqilliyini qazandıqdan sonra Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ölkəmiz qısa bir zamanda dünya idman sferasına inteqrasiya etdi. Bu inteqrasiya biz qadınlar üçün də yeni üfüqlər, yeni imkanlar açdı. Bu imkanlar da xanımlar üçün stimulverici faktor rolunda çıxış etdi. Bu gün də belədir. Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmanda qazanılan qələbələr, idmana, gənclərə dövlət qayğısı, həmçinin ölkəmizdə qadınlarla bağlı həyata keçirilən siyasət, qadın azadlığı, gender bərabərliyinin təmin olunması gənc qızların bu sahəyə marağının daha da artmasına səbəb oldu və ya gənc xanımların bu sahəyə üz tutmasına təkan verdi. Bu gün gözəl nəticələr də, nümunələr də var.
Yeri gəlmişkən, gələn il təmsil olunduğum təşkilat tərəfindən Əlcəzairdə və İstanbulda iki böyük seminarın keçirilməsi planlaşdırılır. Bu seminarların keçirilməsində məqsəd islam dünyasında qadınların maarifləndirilməsi , onların idmana daha da yaxınlaşması, idman sahəsində qadın aktivliyinin daha da artırılmasını təmin etməkdir. Və İslam Həmrəyliyi İdman Federasiyasının qarşıya qoyduğu prioritet məsələlərdən biri də , təkcə idmanda deyil, ümumiyyətlə müxtəlif sahələrdə islam dünyası qadınlarının fəallaşmasına nail olmaqdır. Hazırda həyata keçirilən genişmiqyaslı layihələr ən qısa zamanda qarşıya qoyulan məqsədə nail olunacağına güvən verir.
Bütün xəbərlər Facebook səhifəmizdə