Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarələrinin təşkilatçılığı ilə keçirilən görüşlərdə həqiqi hərbi xidməti yenicə başa vurmuş gənclər, onların valideynləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və rayon rəsmiləri iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, təşkil edilmiş tədbirlərdə respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakının Nizami rayonda keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, SHXÇDX-nin Nizami rayon idarəsinin rəisi, polkovnik-leytenant Kənan Məmmədov ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində yürütdüyü siyasət bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni inkişaf mərhələsinə qədəm qoymuş Silahlı Qüvvələrimizdə hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür. Ən əsası isə ordunun döyüş ruhu yüksəlib.
Çıxış edənlər xidməti şərəflə başa vuran hərbi qulluqçulara təşəkkürlərini çatdırıblar.
Gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır. Bu fikir isə hərbi xidmətdən yenicə ehtiyata buraxılan hərbi vəzifəlilərlə Bakının Binəqədi rayonunda keçirilən görüş zamanı səsləndirilib.
İctimaiyyət nümayəndələrinin iştirak etdiyi müddətli həqiqi hərbi xidmətlərini yeni başa vuran gənclərlə görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Rövşən Əliyev, Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri Yunis Hüseynov, ağsaqqallar və ziyalılar çıxış edərək, son illər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, gəncləri hərbi xidməti başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Görüşlərdə ehtiyata buraxılan hərbi vəzifəlilərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr, ehtiyatda xidmət və sair izah olunub, fikir mübadiləsi aparılıb.
Ordu sıralarından ehtiyata buraxılan gənclər də öz növbələrində Vətən naminə hər an silaha sarılmağa, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə