Bədii qiraət müsabiqəsinin ikinci mərhələsinə start verilib FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsinin ikinci mərhələsinə start verilib.

““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” devizi altında təşkil olunmuş müsabiqənin II mərhələsində hər yaş qrupu üzrə (10–14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görqülmüş qaliblər iştirak etmək hüququ qazanıb.

İdarədən SİA-ya verilən məlumata görə, müsabiqənin II mərhələsi Xəzər rayonu üzrə 156, Nizami rayonu üzrə 229, Nərimanov rayonu üzrə 57, Sabunçu rayonu üzrə 128, Xətai rayonu üzrə 249, Qaradağ rayonu üzrə 106, Suraxanı rayonu üzrə 270, Nəsimi rayonu üzrə 159, Yasamal rayonu üzrə 158 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə 49 nömrəli "İntellekt" məktəb-liseyində, Binəqədi rayonu üzrə 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, Pirallahı rayonu üzrə isə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçiriləcək.

Rayon mərhələsində hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş şagirdlər müsabiqənin III mərhələsində iştirak edəcəklər.

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardandır. Hər bir şeirin ifası üçün ayrılmış vaxt 5-7 dəqiqədir.

“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri 5 ballıq sistemi üzrə qiymətləndirilir.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...