AMEA-nın iki institutunun direktoru vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib. AMEA-dan SİA-ya verilən məlumata görə, iclasda Botanika və Dendrologiya institutlarında direktor seçkilərinə namizədlər haqqında məsələ də müzakirə olunub.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nə əsasən AMEA-nın elmi müəssisəsinin direktoru tabeliyində olduğu bölmənin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və Rəyasət Heyəti tərəfindən təsdiqlənir.

Bölmənin akademik-katibi qeyd edib ki, BTEB Botanika İnstitutunun direktoru vəzifəsinə akademik Validə Əlizadənin, Dendrologiya İnstitutunun direktoru vəzifəsinə isə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun namizədliklərini irəli sürür.

İclasda Zoologiya İnstitutu Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi qərara alınıb, bir sıra kadr məsələlərinə baxılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə