“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” - YENİLƏNİB-VİDEO-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib. Əli Əhmədov bildirib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Onun sözlərinə görə, müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı.

Baş nazirin müavini qeyd edib ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri məhz “Əsrin müqaviləsi” idi. “Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.

YAP Sədrinin müavini söyləyib ki, artıq 25 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir: “Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir”. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Əli Əhmədov deyib ki, neftdən gələn gəlirlər xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş nazirin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə ərsəyə gələn bu saziş hesabına neft sənayesində böyük dəyişiklik baş verdi. Dənizdə neft quyularının işlənilməsi prosesi sürətləndi. Azərbaycan neftinin müasir üsullarla çıxarılmasına başlanıldı və dünya bazarında satışı təşkil olundu. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. X.Yusifzadə “Əsrin müqaviləsi”nin imzalanması üçün aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolunu vurğulayıb.

O deyib ki, Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilir. X.Yusifzadə bildirib ki, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var. Onun sözlərinə görə, bu günə qədər Azərbaycan xarici bazarlara 554 milyon ton neft çıxarıb.

X.Yusifzadə vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib. O hazırda “Şahdəniz” layihəsi üzrə görülən işlər barədə də geniş məlumat verib.

Tədbirdə daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatı Tahir Mirkişili, BAXCP sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı və Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, Azərbaycan tarixən dünyada “qara qızıl”la zəngin olan bir diyar kimi tanınıb. Ancaq məhz müstəqillik dövründə xalqımız respublikamızın malik olduğu təbii sərvətlərin əsl sahibinə çevrilib və onun bəhrəsini görməyə başlayıb.

Qeyd olunub ki, 25 il öncə “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Bu müqavilənin imzalanması Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və çox böyük səyləri sayəsində mümkün oldu.

Bakıda Qərbin müxtəlif şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin kontraktı” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması, onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.

O da vurğulanıb ki, Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...