“Sosial şəbəkələr və müasir gənclik” adlı konfrans keçirilib TƏDBİR-VİDEO-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “Sosial şəbəkələr və müasir gənclik” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, gənclər və KİV nümayəndələri iştirak edib.
YAP-ın Sədr müavini Əli Əhmədov konfransı giriş sözü ilə açaraq deyib ki, bir sıra hallarda sosial şəbəkələr mənəvi terror, təhqir etmək alətinə çevrilir: “Sosial şəbəkələr həyatımıza dərindən daxil olub və ciddi şəkildə təsir göstərir. Bu təsirin müsbət cəhətləri etiraf olunmalıdır. Amma çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda sosial şəbəkələrdən söz və fikir azadlığı adı altında tamam başqa məqsədlər və niyyətlərlə istifadə edirlər. Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir. Ayrı-ayrı insanları, qrupları təhqir etmək üçün ləyaqətdən, etikadan kənar ifadələrdən istifadə edilir. Bütün bunlar sosial şəbəkələrin bir alət kimi istifadə olunması ilə əlaqədar narahatlığımızı artırır. Biz istərdik ki, sosial şəbəkələrdən istifadə edənlərin hər biri söz və mətbuat azadlığı üçün yaradılmış bu geniş imkanlardan yararlanmaqla yanaşı, mənəvi dəyərləri unutmasınlar, etik qaydalara riayət etsinlər, buradan mənəvi terror, təhqir etmək vasitəsi kimi istifadə etməsinlər”.
Ə.Əhmədov təəssüflə qeyd edib ki, Azərbaycanda siyasi mübarizə bir sıra hallarda mənəviyyatsızlıq mübarizəsi kimi özünü göstərir: “Müxalifətçilik məfkurəsi bəzi hallarda mənəvi dəyərlərin ayaq altına atılıb tapdalanması fonunda və formasında özünü büruzə verir”.
Daha sonra konfrans mətbuatın iştirakı olmadan davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə