"Beynəlxalq görüşlərin Bakıda keçirilməsi ənənə halını alıb" MÜNASİBƏT- ÖZƏL

Azərbaycan regionda surətlə inkişaf edən bir məkandır. Artıq uzun müddətdir ki, paytaxt Bakı beynəlxalq görüşlərin, tədbirlərin keçirilməsi üçün ən münasib, yararlı platformaya çevrilib”. Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiyanın hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi ənənəvi hala çevrilib: “Ötən gün Azərbaycanda keçirilən beynəlxalq görüşdə də vurğulanıb ki, Bakı məhz bu xarakterli görüşlər üçün lazımı infrastruktura, əlverişli coğrafi məkana malikdir. Ölkədəki sabitlik, formalaşan tolerant mühit belə tədbirlərin keçirilməsi üçün mühüm rol oynayan amillərdəndir”.

Politoloqun sözlərinə görə, ümumilikdə region ölkələrini nəzərdən keçirsək görərik ki, Gürcüstan Qərb yönümlü, Ermənistan Rusiya yönümlü siyasət yürüdür: “Azərbaycan isə Qoşulmama Hərəkatının üzvü olaraq neytral siyasət həyata keçirir. Ölkəmiz müstəqil siyasəti ilə seçilən ölkə olduğu üçün məhz bu cür beynəlxalq görüşlərin Bakı şəhərində keçirilməsi artıq ənənə halını alıb. Düşünürəm ki, bundan sonra da belə olacaq”.

Qeyd edək ki, ötən gün Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə