"NATO sammitində qəbul olunan qərar ölkəmizin diplomatik uğurudur" ŞƏRH-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı həm Avropa İttifaqı, həm də NATO sammitində iştirak etməsi Azərbaycanla Aİ arasında mövcud olan ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Səfər çərçivəsində dövlət başçısının mühüm görüşlər keçirdiyini dilə gətirən politoloq söyləyib ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənəd ölkəmizin maraqlarına cavab verən sazişdir: “Avropa İttifaqı ilə müqavilənin bağlanması ərəfəsində belə bir sazişin imzalanması mühüm rola malikdir. Digər tərəfdən NATO sammitində Azərbaycanın ərazi bütövlüyü tanındı, qəbul olunan deklarasiyada ölkəmizin suverenliyi, bütövlüyü ilə bağlı xüsusi maddə əlavə olundu. Bütün bunlar Azərbaycan üçün mühüm olmaqla yanaşı, ölkəmizin həm siyasi, həm də diplomatik uğurlarıdır”.

Brüssel səfərinin Azərbaycandan fərqli olaraq Ermənistan üçün gözlənilə olmadığını dilə gətirən F. Sadıqov bildirib ki, buna səbəb düşmən ölkənin Baş nazir Nikol Paşinyanın anlaşılmayan siyasət yürütməsidir: “Azərbaycan konkret olaraq NATO ilə Aİ ilə əməkdaşlıq edir və eyni zamanda NATO-da daxil olmaq haqqında planlarımızın olmadığını açıq şəkildə bildirir. Amma Paşinyan nə etdiyini bilmir. Xatırladım ki, Paşinyan hələ hakimiyyətə gəlməmişdən öncə meydanlarda Qərbə üz tutacağını, Rusiyadan imtina edəcəyini bildirirdi. Sonradan o Soçidə Rusiya prezidenti ilə görüşdü və bundan sonra yenə də Avropa, Qərblə münasibətlərinin yaxınlaşdıracağını bildirdi. Paşinyanın Brüssel səfərindən məyus şəkildə qayıtması bir daha göstərdi ki, onun yürütdüyü siyasət Avropa İttifaqı tərəfindən də dəstəklənmir. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Ermənistan faktiki olaraq zəif obrazını bir daha göstərmiş oldu ”.

Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda çox gücü və önəmli oyunçuya çevrilib: “Azərbaycan Avropan enerji təhlükəsizliyi ilə təmin edən bir ölkə olmaqla yanaşı, bir sıra mühüm layihələrin təşəbbüskarı və onların həyata keçirilməsində böyük rola malikdir. Avropa İttifaqı ölkəmizin təşəbbüsü ilə həyata keçirilən TANAP, TAP və Cənubi Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir. Bunu bütün Qərb ölkələri də yaxşı bilir və bu Azərbaycanın ən böyük üstünlüklərindəndir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə