“Hansı fəallıqdan söhbət gedə bilər ki, bir qarış torpaq azad edilməyib" AÇIQLAMA

“ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir ki, il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun komandası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər. Hesabatda həmçinin bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kasprşikin ofisi fəal təsir göstərib. Bu, çox yanlış və absurd bir fikirdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Hansı fəallıqdan söhbət gedə bilər ki, 2017-ci ildə bir qarış torpaq azad edilməyib, işğalçı Ermənistan iddialarından əl çəkdiyini sözdə belə ifadə etməyib. Kasprşik sadəcə onu deyə bilərdi ki, daha bir il Azərbaycan torpaqlarının işğal altında qalması hesabına maaş almağa davam etdim. Eyni sözü Minsk Qrupunun həmsədrləri də deyə bilər. Təbii ki, onların maaş alması məsələnin həllinə heç bir şəkildə təsir etməyib”, - deyə, Azər Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə