Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları öncə YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə Ümummilli Lider Heydər Əliyevin ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra tədbirdə YAP Binəqədi rayon təşkilatının yaradılmasından ötən 25 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradılan rayon təşkilatlarından biri də, məhz Binəqədi rayon təşkilatıdır.
Rayon təşkilat sədri, həmçinin, bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərindən danışıb. Seçkilərə hazırlıq mərhələsində görülən işlər barədə ətraflı məlumat verib. Seçki qərargahının, təbliğat qrupunun yaradıldığını, seçici aktivliyinin artırılması, partiya üzvlərinin seçkilərə cəlb edilməsi üçün görülən işləri diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, o zamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yaddaşındadır:"Belə çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Dövlətçiliyimizin təminatını və xalqımızın müdafiəsini ancaq Heydər Əliyev kimi dahi bir Şəxsiyyət bacara bilərdi. Bu səbəbdən, Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiyanın təsis olunması, sonrakı illərdə iqtidarda təmsil olunması ilə dövlətimizin bütün problemləri öz həllini tapdı".
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ümummilli Lider Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.
YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Aytac Əliyeva tədbirdə çıxış edərək, partiyanın qadınların inkişafı, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səylərindən danışıb.
Millət vəkili Kamaləddin Qafarov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı illərə nəzər salıb. Xalqımızın Ona olan böyük inam və etimadından bəhs edib. Azərbaycan xalqının Heydər Əliyevə əsl xilaskar kimi baxıldığını və Onun ölkəmizə rəhbərlik edəcəyi təqdirdə, bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəslənildiyini söyləyib.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı Cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalı Fəxri Fərmanla təltif olunub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə