Yüngülvari parodiya

Adi bir hal kimi normalaşıbdı,
Silikon ideal, silikon amal.
Cəmiyyətə çöküb, formalaşıbdı,
Silikon düşüncə, silikon kamal.

Linzalar gözünü kor-şil elədi,
Çevrilib olmusan süni bir qadın.
Məni el içində xəcil elədi,
Sənin bu plastik əməliyyatın.

Sığal çəkməyə də əlim gəlmədi,
Yaman süniləşib bozarmış yanaq.
Eşqdən söz açmağa dilim gəlmədi,
Dadsızdı ərpimiş silikon dodaq.

Bədən bazarında şıdırğı alver,
Sən təcili çapdın köhlən atında.
Çalğı alt dodağın süpürməkdə yer,
Üst dodaq göylərin yeddi qatında.

Deyirəm, o süni gözlərin aydın!
Saçın qara idi, indi kürənsən.
Özünü gözəllər-gözəli saydın,
Əslində, sən xalis küpəgirənsən.

Nədən təbiilik əhdini dandın?
Üzündən bilinmir qəmlisən, ya şən…
Sən bu vid-fasonla göyə uçardın,
Əgər olsa idi küpün, süpürgən.

Yalnız sübut etmək-yeganə səyin,
Guya üz-gözünə duvaq vurulub.
O qədər kobuddu bərin-bəzəyin,
Elə bil, üzünə suvaq vurulub.

Sənə çox əcaib görkəm veribdi,
Silikon məntiqin, barı bir düşün!
Vallah, hisslərimi kütləşdiribdi,
Silikon əndamın, silikon döşün.

Çevirdin vərdişə fitnəni-feli,
Sünidi yalanlar toxumağın da.
Sünidi silikon səsinin teli,
Sünidi fonoqram oxumağın da.

Silikon sancısı dalağındadı,
Sel-su apardı çox başı dikləri.
Səsi hamımızın qulağındadı,
Sənsə bəyənmirsən klassikləri.

Silikon hava bol balonlarında,
Normal zənən kimi xəyala dal sən!
Az dolan gözəllik salonlarında,
Özünü təbii görkəmə sal sən!

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə