Dünya və insan haqqında düşünən kəlmə-misralar

Əli Bünyadzadə, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin IV kurs tələbəsi

"Dünya meydan, hakim allah, zaman rəqib, oyna ömür,

Yıxılanda yat, bədbinləş, yıxsan həzzdən doyma ömür".

"Hər insan fərqli əsər, fəlsəfə hər cümləsi,

Sonunu özü bilir, qoyulmayıb nöqtəsi"

"Ağıl görüb dərk edən, savad sonrakı işdir,

Bunları kütləşdirən, nəfs və iti dişdir".

"Arif olan qayğı görər, körpə kimi bələyə düşər,

Cahil olan səhv addımla gözlənilməz tələyə düşər".

"Nurdur həyat, boyandıqca nur olursan,

Nurdur həyat, kəm baxdıqca kor olursan".

"Canlını hirsləndirəndə, cansızı tüstüləndirəndə tərkibi bəlli olur".

"Xoşbəxt insan o insan ki, özündən xəbəri yoxdur,

Xoşbəxt insan o insan ki, könlü ackən, nəfsi toxdur".

"Həyat bir filmdir, baş obraz hər kəsin arzuladığı qiymətli daş ola-ola, nəzərdən kənar qalan tikintidəki daş olmağı üstün tutandır".

"Yaşamağı öyrədən səbr, sevdirən eşq və təbəssümdür".

"Sirk-Şüursuz heyvanların şüurlu hərəkətləridir".

"Qanadları qırığa quş kimi uç deyərlər,

Uça bilməsə əgər, həyatı puç deyərlər".

"Sən özün ol, başqaları yalandır,

Sən yalansansa məqsədin talandır".

"Sıxılanı sıxarlar, yıxılanı yıxarlar,

Özünə hörmət etsən, hər vaxt üstün baxarlar".

"Düşündüyün rəbb olsun, zəhmətinlə ucal, art,

Nə önünə boyun bük, nə arxaya çiyin dart,

İşindən, zəhmətindən o qədər zövq, həzz al ki,

Gün nə vaxt doğur, batır, zamanı yaddan çıxart".

"Həyat zərif nəğmədir,

Oxuduqca sənindir,

Ömür toxunmamış ip,

Toxuduqca sənindir".

"Nə bir kimsəyə at daş,

Nə daşdan qorx, gizlə baş.

Heç nə məcburi deyil,

Bəyənmirsən, uzaqlaş".

"Ömür qatar yoludur, insanlar qatardadır,

Hər kəs qonaq dərk etmir getdiyi yer hardadır,

Qonaqlar fərqli zaman, məkanda düşüb gedir,

Reallıq - sonda hər kəs bu qatarı tərk edir".

"Kor ol gör, kar ol eşit,

Tanı yaxşını, pisi,

Sakin olma, sakin ol,

Dünyanın seyircisi".

"Ötənləri yaşatma,

Zaman su, əldən axır,

Bu gün gör, sabah yaşa,

Keçmiş şəkildən baxır".

"İnsan dəmir uşaqkən,

Haqq düzəlt isti-isti,

Düzəltməsən olacaq,

Yalan maksimalisti".

"Kainat sirrini de, kim dərk etdi?

Minlərlə can gəldi, minlərlə getdi.

Hər makro olanın mikrosu vardır,

Hər şüurlu beyin bir planetdir".

"Dəyməyin qəlbinə cəngavərin də,

Qəhrəman, pəhləvan, igid, ərin də,

Canlar var bir acı söz ilə batır,

Hər kəsin qəlbində bir uşaq yatır".

"Ağıl Rəbb, əl zəhmətdirsə,

Qəlb xoş dilək, niyyətdirsə,

Arzu etmə dün gələcək,

Dündən yaxşı gün gələcək".

Lal danışır, kar dinləyir

Lal danışır, kar dinləyir, korsa baxır, süzür bu gün,

Söhbət şirin, üz təbəssüm, tamam yaddan çıxıbdır dün.

Qəzəblənir buna zaman, dündən ayrılmaq istəmir,

"Bu gün, sən lazım deyilsən" - deyə zaman verir əmr.

Sabah gəlir, dün tanımır, gəldiyi yerə yüksəlir,

Bu günsə ayrılır gedir, geriyə baxır, kövrəlir.

Lal yenə lal, kar yenə kar, kor yenə kor, kor yenə kor,

Bunlara şahidəm deyir, gülür zaman, işi nankor.

Bir səda eşitdim

Gecə qaranlıqdır, tək addımım səs,

Yanımda kimsə yox, hiss etdim nəfəs.

Bir anlıq vəsvəsə, bu nə qorxudur?

Məndəki güc, qüvvə, cəsarət budur?

Əqlim tez-tez deyir, dön arxaya bax,

Qəlbim çırpınaraq deyir qaç uzaq.

Allah dedim, döndüm arxaya bu an

Gördüm üç canavar, ağzı-burnu qan.

Qorxudan gözlərim olmuşdu duman,

Söylədim ya allah, halım çox yaman.

Allahdan köməyim gəldi bu zaman,

Bir səda eşitdim, yuxudan oyan

Bütün xəbərlər Facebook səhifəmizdə