"Azərbaycanın 30-dan çox rayonunda məktəbəqədər təhsil müəssisəsi yoxdur" Deputatdan İRAD

“Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərin öhdəsindən gəlməyə gücü yoxdur”. SİA-nın xəbərinə görə, bu fikirləri Millət vəkili Fazil Mustafa qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanuna təklif olunan dəyişikliklərə əsasən məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilib, 1 yaşla əvəz edilməsi yaxşı haldır: “Amma nəzərə almalıyıq ki, bu gün Azərbaycanın 30-dan çox rayonunda belə təhsil müəssisəsi yoxdur. Onların tikilməsi ilə bağlı hansı qurum məşğul olacaq? Məktəbəqədər təhsil Təhsil Nazirliyinə verilsin”.

Deputat söyləyib ki, Azərbaycanda uşaq baçalarına, məktəbəqədər təhsil müəssisələrinə nəzarət edilməlidir: “Bəzən orada normal ailədən olmayan insanlar işə qəbul olunur ki, bu, düzgün deyil. Gedin bütün bağçaların siyahısnıı çıxarın, bu sahədə xeyli nöqsanlar var. Belə olan halda, valideynlər belə adamlara necə etibar etməlidirlər?”.

Məktəbəqədər təhsildə oxumayan uşaqların məktəbdə təhsil səviyyəsinin aşağı olduğunu deyən F. Mustafa söyləyib ki, müasir təhsil sistemimizin köklü islahatlara ehtiyacı var: “Əgər biz bu problemi həll etməsək altında əziləcəyik”.

Deputatın çıxışına münasibət bildirən Milli Məclisin I spikeri Ziyafət Əsgərov söyləyib ki, bütün məsələlər bir günün içində həll olunmur: “Deyirsiniz ki, bəzi yerlərdə məktəbəqədər təhsil müəssisələri yoxdur. Bu gün yoxdur, olacaq da. Bütün dünyada belədir. Birdən birə bütün məsələləri həll etmək mümkün deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə