ADNSU-da UFAZ-a qəbul imtahanı keçrilib

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Strasburq universitetinin prorektoru Filip Turek, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-;n baş katibi Şarlotta Payen və KİV nümayəndələri imtahan prosesini izləyiblər.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 428 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

İmtahan prosesi saat 10.00-dan 12.00-dək davam edib. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahan nəticələri iyulun 28-də elan olunacaq.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Sonda imtahan prosesini izləyən Strasburq universitetinin nümayəndələri jurnalistləri maraqlandıran sualları cavablandırıblar. İmtahan prosesindən razi qaldıqlarını deyən nümayəndələr UFAZ-da yeni tədris ilindən tətbiq olunacaq yeniliklərdən, UFAZ-ın yeni binaya köçürülməsi və digər planlarından danışıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə